Aprelin 17-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində Türkiyənin Bursa Böyükşəhər Bələdiyyəsinin inventarında olan əsərlərdən ibarət “Türk-İslam sənətləri” adlı sərgi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə təşkil edilib.
Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb, layihənin reallaşmasında əməyi olan hər kəsə təşəkkür edib.
Bursa Bələdiyyəsinin sədri Hikmət Şahin iki qardaş ölkə arasında əlaqələrdən danışıb. Qeyd edib ki, sərginin əsas məqsədi ulu öndər Heydər Əliyevin “İki dövlət - bir millət” ifadəsinə əsaslanaraq, mədəni əməkdaşlığı inkişaf etdirməklə yanaşı, ortaq milli dəyərlərimizi təbliğ etmək və onlara sahib çıxmaqdır.
Milli Məclisin deputatı Qənirə Paşayeva, Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov da sərginin əhəmiyyətini diqqətə çatdırıblar. Bildirilib ki, sərgidə müxtəlif üslub və motivləri əhatə edən əsərlər Türk-İslam sənətlərinin zənginliyini nümayiş etdirir.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Ekspozisiyada nümayiş olunan keramika, ipək xalça, miniatür işlər, xəttatlıq nümunələri böyük maraqla qarşılanıb.
Aprelin 22-dək davam edəcək sərgidə 80-dən artıq sənət əsəri yer alıb.