Beynəlxalq abidələr və tarixi yerlər günü əraziyə ödənişsiz giriş təşkil ediləcək
   
   18 aprel - Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə ənənəvi olaraq bu il də tarix-mədəniyyət qoruqlarında təbliğat məqsədli maarifləndirici tədbirlər keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsi ilə 18 aprel tarixində “Qobustan” Milli Tarix-Bədii Qoruğunu ziyarətə gələn turistlər üçün əraziyə ödənişsiz giriş təşkil ediləcək.   
   Qoruqda turizmin inkişaf etdirilməsi və fərqli yaş qrupuna aid turistlərin əraziyə cəlb olunması məqsədilə 2017-ci ildən “Mini Qobustan” adlı arxeoparkın yaradılması, Tunc dövrünə aid “Dairə yaşayış yeri”nin rekonstruksiyası, ibtidai insanın yaşam tərzini əks etdirən sığınacaqların rekonstruksiyası, arxeoparkı ziyarət edən turistlərə iaşə və əyləncə xidmətlərinin göstərilməsi üçün müvafiq infrastrukturun yaradılması, qoruğun ərazisində Qobustan motivlərindən istifadə olunmaqla interaktiv attraksionlardan ibarət əyləncə parkının yaradılması kimi işlərə başlanılıb.
   Artıq qeyd olunan işlərin bir hissəsi yekunlaşıb və arxeopark “Mini Qobustan” adlı interaktiv tur kimi turistlərin istifadəsinə verilib.
   İnteraktiv tur xronoloji ardıcıllığa uyğun olaraq “Neolit kəndi”, “Tunc dövrü sənətkarlığı”, “Orta əsr zərbxanası” bölmələrindən ibarətdir. Ziyarətçilər bələdçinin nəzarəti altında Neolit dövrü evi və məişəti ilə tanış ola, qida məhsullarının (təndir çörəyi, yuxa, qutab və s.) hazırlanmasında iştirak edə və dadına baxa, dulus çarxında Qobustan gilindən istifadə etməklə saxsı qablar düzəldə, hazır klişelərdən istifadə etməklə özləri üzərində Qobustan simvolları əks olunmuş xatirə sikkələri zərb edə bilərlər.
   Bundan başqa, turistlər qoruğun ekstrim dağlıq hissəsində təşkil olunmuş “Kvadrosikllərlə safari gəzinti”də iştirak edə bilərlər. Həmçinin turistlər üçün həftəsonu qoruğun müxtəlif sahələrində ekskursiya marşrutlarında yerləşməyən abidələrlə tanışlıq, açıq havada gəzinti və müxtəlif interaktiv fəaliyyətləri əhatə edən “Labirint” və “Litosfera” adlı xüsusi ekskursiyalar da nəzərdə tutulur.
   Bütün bu işlər həyata keçirilərkən müxtəlif yaş qrupundan olan turistlərin marağı və hər kəsin qoruq ərazisində asudə vaxt keçirə bilməsi nəzərə alınıb. Azyaşlıların da əraziyə cəlb olunması üçün ötən ildən icrasına başlanılmış “Kontakt zoopark”ının yaradılması işləri də davam etdirilir.