Avstriya paytaxtında fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin və Avstriyanın gənc tələbə rəssamlarını birləşdirən “Uçan xalça” sərgisi açılıb. Sərginin təşkilatçıları Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Xalça Muzeyi, Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Tətbiqi Sənət Universitetidir.
Mədəniyyət mərkəzinin direktoru Leyla Qasımova tədbiri açaraq iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığı, tələbə mübadiləsini, birgə layihə və sərgilərin təşkilini yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan Mədəniyyət Mərkəzi məmnuniyyətlə “Crossing” (“Kəsişmə nöqtəsi”) kreativ incəsənət layihəsini dəstəkləyib. Mərkəz gələcəkdə də iki ölkə arasında mədəni körpünü möhkəmləndirməyə xidmət edən layihələrdə yaxından iştirak edəcək.
Layihə haqqında danışan Xalça Muzeyinin direktoru Şirin Məlikova ötən ilin oktyabrında Bakıda “Ənənələr və innovasiyalar” mövzusunda Azərbaycan xalçası üzrə V Beynəlxalq simpoziumun keçirildiyini xatırladıb. Bildirib ki, beynəlxalq tədbirlə əlaqədar muzey “Ənənələr və innovasiyalar” mövzusunda layihələr hazırlamışdı. Onların sırasında “Uçan xalça” sərgisi xüsusilə təqdirəlayiqdir.
“Kəsişmə nöqtəsi” adlandırılan layihədə ən əhəmiyyətli cəhət tələbələrin birgə işdən, ənənələrlə tanışlıqdan əldə etdikləri təcrübədir. Onlar ornament sənətinin tarixi ilə yaxından tanış olaraq, ekspozisiyada xalçalara baxır, kitablar oxuyur, birgə müzakirələr aparır, kəsişmə nöqtələri axtarır və tamamilə gözlənilməz qərarlara gəlirdilər. Bu eksperimentin nəticəsi olan “Uçan xalça” sərgisi 2018-ci ilin yanvar ayınadək Azərbaycan Xalça Muzeyində nümayiş etdirilib.
Vyana Tətbiqi Sənət Universitetinin prorektoru Barbara Putz-Pleçko qeyd edib ki, ali təhsil müəssisəsi mədəniyyətlərarası əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsində hər zaman maraqlıdır. O, beş ay ərzində tələbələrin birgə fəaliyyəti nəticəsində ərsəyə gələn sərginin Bakıda olduğu kimi, Vyanada da böyük maraqla qarşılanacağına əminliyini ifadə edib. Bildirib ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə Vyana Tətbiqi Sənət Universiteti arasında incəsənət layihələri bundan sonra da davam etdiriləcək.
Sonra hər bir layihə iştirakçısı tədbir iştirakçılarına öz əsəri barədə məlumat verib.
Azərbaycan Mədəniyyət Mərkəzində “Uçan xalça” sərgisi mayın 10-dək davam edəcək.