Müxtəlif dövr hadisələrinin təzahürü olan kino bədii təfəkkür, təxəyyül nümunəsi, gerçək aləmin inikasıdır. Həyat fəlsəfəsinin estetik prinsipləri isə, birbaşa peşəkar aktyor ifası ilə açılır. Danılmaz həqiqətdir ki, kinoya əsas uğur qazandıran istedadlı aktyor yaradıcılığıdır. Azərbaycan kino sənətinin inkişafında böyük xidmətləri olan belə aktyorlardan biri də Məmmədrza Şeyxzamanovdur.
   
   Məmmədrza İsa oğlu Şeyxzamanov 1915-ci il avqustun 4-də Gəncədə anadan olub. İki yaşında atasını itirib. Ailənin ağırlığı anası Böyükxanımın üzərinə düşür. O, Gəncədə toxuculuq fabrikində işə düzəlir. Onsuz da çətinliklər içində dolanan ailənin vəziyyəti ölkədə sovet hakimiyyəti bərqərar olandan sonra daha da ağırlaşır. Şeyxzamanovlar nəsli Azərbaycan Xalq Cümhuriyyətinin fəal tərəfdarları idilər, Nağı Şeyxzamanov milli hökumətin naziri (milli təhlükəsizlik) olmuşdu. Sovetləşmədən sonra Məmmədrzanın babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalırlar. Bununla kifayətlənməyən sovet hökuməti bu nəsildən olan ailələri hər addımda təqib edirdi.
   Həyatda rastlaşdığı maneələri çalışqanlığı, istedadı ilə dəf edən Məmmədrza Şeyxzamanov nikbin ruhlu insan idi. O, illərin acısını nurani siması, kamil görünüşü daxilində əridib heçə endirməyi, insanların gözündən salmağa çalışdıqları soyadını milyonlara sevdirməyi bacardı.
   Şeirə, sənətə hədsiz marağı olan Məmmədrza Şeyxzamanov hələ orta məktəbdə oxuyarkən teatr studiyasına daxil olub. 1934-cü ildə Gəncə Dövlət Dram Teatrının rejissoru işləyən Həbib İsmayılovun dəvəti ilə teatra cəlb edilib. Burada ilk vaxtlar kiçik rollarda çıxış etsə də, yaradıcı atmosfer onun istedadını təkmilləşdirib, peşə seçimini düzgün istiqamətləndirib. Aydın diksiyası, əvəzsiz səhnə danışığı olan gənc aktyor teatrda çalışan görkəmli sənətkarlardan peşə sirlərini, sənətin incəliklərini öyrənib.
   Yaratdığı səhnə obrazları ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan istedadlı gənc 20 il sonra, yəni 1954-cü ildə Akademik Milli Dram Teatrına dəvət alıb. Onun daha geniş sənət uğurları da bu tarixdən başlayıb. Teatrın səhnəsində “Fərhad və Şirin” (Xosrov), “Vaqif” (Qacar), “Otello” (Otello) və başqa tamaşalarda baş rolları ifa edən peşəkar aktyor, kinoda ilk addımını 1955-ci ildə “Bəxtiyar” filmində atıb.
   50-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında il ərzində 2-3 film çəkilsə də, milli koloritli, yaddaqalan peşəkar aktyor ifaları nəticəsində həmin filmlər geniş tamaşaçı rəğbəti qazanırdı. Teatr aktyorlarının kinoya gəlməsi ekranda da canlı tamaşa yaradır, hadisələrin reallığına, aktyor sənətinin ölməzliyinə rəvac verirdi. Bu baxımdan Məmmədrza Şeyxzamanov kimi aktyorların teatr və kino sənətində olması əvəzsiz bir tapıntı idi. Onun “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 50-dən artıq filmdə yaratdığı və səsləndirdiyi ölməz rolları bu gün də koloritlidir.
   O, çox aktyora nəsib olmayan bir istedada, çoxplanlı ifaya, improvizasiya qabiliyyətinə malik idi. Bu da ona fərqli ampluada, müxtəlif janrlarda çəkilməsinə imkan verirdi. Şeyxzamanovun ekranda yaratdığı rolları çox düzgün istiqamətləndirdiyi fərdi istedadının təzahürü idi. Çöhrəsindəki nuraniliyi tamamlayan amiranə, kamil səsi, təmkinli görünüşü tamaşaçıya nur, ziya bəxş edirdi. Ekran obrazlarının hər biri ayrı-ayrılıqda tamaşaçının müşahidə, hadisələri və prototipləri isə mühakimə predmetinə çevrilir, milli kinomuzun ibrətamiz mövqeyini, etik dəyərləri üstün tutan cəhətlərini təsdiqləyirdi. Həkim Eldostu (“Bir qalanın sirri”), Nağılçı (“Əzablı yollar”), İsfəndiyar kişi (“Tütək səsi”) və başqa obrazları kimi. O, öz emosional, səmimi yaradıcılığı ilə müxtəlif dövr hadisələrinə dəqiq münasibətini bildirməklə hər dövrdə haqsızlıqlarla qarşılaşan insan həyatına biganə olmadığını sübut edirdi. Bir sözlə, rolları ona yaraşır, özü də sevərək yaratdığı obrazlarını ürəklərə, qəlblərə hopdurur, yaddaşlara yazırdı.
   Şeyxzamanov bütün yaradıcılığında dramatik rollar ustası olduğunu təsdiq edib. Onun “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərdə yaratdığı Qurban (“Qızıl uçurum”), Zaurun atası (“Ən vacib müsahibə”), polkovnik Qurbanov (“Onu bağışlamaq olarmı?”), Kərəm (“Yeddi oğul istərəm”), rəssam (“Liftçi qız”) və başqa rolları aktyorun məntiqli ifasında aid olduğu mühiti, müasirlərinin həyatı çox aydın şərh edilib.
   Görkəmli kinorejissor Həsən Seyidbəylinin 1973-cü ildə çəkdiyi “Nəsimi” filmindəki Şeyx Əzəm obrazı ilk görünüşdə Topal Teymurun qəzəbindən uzaq, qayğısız saray məmuru təsiri bağışlasa da, hadisələrin inkişafında səsindəki titrəyişdən hər an daxilində bir faciə yaşadan zərxara geyimli kölə insanın psixologiyasını aydın oxuyuruq. Qızı Şəmsin qətlinə fərman verən, onu boğaraq öldürən Şeyx Əzəmin yazıq görkəmlə - “günahımı yudum, qibleyi-aləm” dedikdə əməlindən peşmançılıq keçirən insanın deyil, qızının sevgisindən xəcalət çəkən atanın üzündəki qorxaqlıq ifadəsini büruzə verir.
   Keçmişin salnaməsini yaradan tarixi filmlərdəki peşəkar aktyor ifasının əsərə intellektual, obyektiv yanaşması, obrazın daxilinə realistcəsinə varması, mövzunun aktuallığını, müasirliyini qoruması deməkdir. Ziyalı aktyor ifası şüurun varlığa münasibətini, həyata təsirini qabardaraq dünyanı dərk etmək, yaxşı mənada dəyişdirmək prinsipini öz yaradıcılığında tamaşaçısına diktə edir. Nəticə etibarı ilə Teymurləng kimi tarixi bir tipin şəxsiyyətini ifaçı ilə birlikdə tərəf-müqabil də ətraflı şərh edir. Azərbaycan kinosuna bütün rolları ilə başucalığı gətirən aktyor orijinal, qüsursuz yaradıcılıq təqdim etməklə çoxlarının saxta sənət növü (XX əsrin əvvəllərində artist deyib rişxənd etdiyi) adlandırdığı məsləyinin məqsədini, məramını aydınlaşdırır, vacibliyini sübut edirdi.
   Şeyxzamanov həyatda ciddi şəxsiyyət olsa da, dostları ilə zarafat etməyi çox sevirdi. Ustad sənətkarın güclü yumor hissinə malik olmasını, aktyor texnikasının bilicisi olduğunu sübut etmək üçün görkəmli rejissor Adil İsgəndərov ona 1963-cü ildə çəkdiyi “Əhməd haradadır?” komediyasında Şirin obrazını həvalə edir. Aktyor obraza uyğun işlətdiyi dolğun, təbii və ifadəli jestlərlə personajı real, sadə süjetli filmi isə baxımlı etdi.
   Onun “Bəxtiyar” filmindəki Rəcəbov obrazının təfsirində biz özünü həyatda çılğın aparan gənclərə bir baxışı, təmkini, ibrətamiz xüsusiyyətləri ilə həyatı başa salan pedaqoqu görürük. “Tütək səsi” filmindəki İsfəndiyar kişi obrazı isə insanpərvərliyi ilə humanistlik ideyalarının daşıyıcısı olduğunu göstərir, çətinliklərlə qarşılaşan insanlara hər sınaqdan alnıaçıq çıxmağı tövsiyə edir, bitkin bir obraz kimi el ağsaqqalının simvolik simasını yaradır.
   Şeyxzamanov aktyor texnikasının mahir bilicisi olduğunu dublyaj etdiyi rollarında da göstərib. O, kinoda səsləndirdiyi “Mən nəğmə qoşuram”da Bəhmən dayı, “Telefonçu qız”da Qulam, “Ögey ana”da Hüseyn dayı, “Bizim küçə”də rus zabiti, “Mozalan” və animasiya filmlərindəki fərqli personajları ilə də özünün yaradıcılıq metodunu, bədii fəaliyyətə, dublyaj sənətinə olan münasibətini bildirib.
   Məmmədrza Şeyxzamanov 1984-cü il yanvarın 25-də, 69 yaşında vəfat edib. Onun yaradıcılıq filmoqrafiyasına nəzər salanda sənətində böhran dövrü olmadığını görürük. Ustad sənətkarın istedadına ehtiyac duyan rejissorlar onu sənətdən kənarda saxlamır, tamaşaçılar isə ürək dolu sevgilərini ondan əsirgəmirdilər. Peşəkar yaradıcılığı ilə hər çıxışında teatrı mədəniyyət məbədinə çevirən, aktyor sənətinin mahiyyətini, vacibliyini səhnə əsərlərinin məntiqi mənasını açmaqla təsdiqləyən ustad sənətkar Xalq artisti adını 1974-cü ildə (59 yaşında) alsa da, xalqın hörmət və ehtiramını yaradıcılığının ilk illərindən qazanmışdı. Yaradıcılığına stimul verən, onu ruhlandıran, sənət zirvəsinə yaxınlaşdıran ən böyük mükafatı da elə bu idi.
   
   Şəhla Bürcəliyeva,
   kinoşünas







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar