Xalça Muzeyinin fondları yeni çeşnilərlə zənginləşir 
   
   Azərbaycan xalçası beynəlxalq miqyasda qəbul olunmuş milli və bəşəri dəyərdir. Bu sahədə hər zaman xalçaçılığın sirlərinə dərindən bələd olan, xalçanı sevən, onun fəlsəfəsini başa düşən insanlar çalışıb. Xalça həm də Azərbaycan xalqının milli-mədəni rəmzlərini ehtiva edən sənət növüdür. Xalçaçılarımız toxuduqları nümunələrdə yaşadıqları bölgənin tarixini, mədəni özünəməxsusluğunu ilmələrin “dili” ilə gələcək nəsillərə çatdırıblar. Ona görə də hər xalça onu yaradanın təfəkkürünün, zövqünün zənginliklərini ortaya qoyur. 
   Bu sənəti qəlbən sevən, uzun illərdir xalçaçılıq sahəsində elmi biliklərini əsirgəməyən mütəxəssislərdən biri də Azərbaycan Xalça Muzeyinin Şuşa filialının müdiri Əlisəfa Nuriyevdir. Bu yaxınlarda öz şəxsi fondundan çoxsaylı çeşniləri Xalça Muzeyinə hədiyyə edən Əlisəfa müəllimlə söhbətimizdə sənətə gəlişi və xalçaçılığın ümumi məsələlərindən danışdıq. 
   
   - Əlisəfa müəllim, bildiyimə görə, ixtisasca iqtisadçısınız. Bəs xalça sənətinə marağınız necə yarandı?
   - Ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gəncləri keçmiş SSRİ-nin aparıcı ali təhsil ocaqlarına oxumağa göndərilirdi. Elə gənclərdən biri kimi mən də 1979-1984-cü illərdə Rusiyada iqtisadiyyat üzrə ali təhsil alıb respublikamıza qayıtdıqdan sonra rabitə və iqtisadiyyat nazirliklərində müxtəlif vəzifələrdə çalışmışam. Daha sonra görkəmli xalçaçı rəssam Kamil Əliyevin təklifi ilə “Azərxalça” müəssisəsində işləməyə başladım. Bu zaman məndə xalça sənətinə sevgi yarandı. Uşaqlıqdan rəsmə marağımın olması da bu işdə mənə kömək oldu. “Azərxalça”da işlədiyim müddətdə mənim də müəllifliyimlə “Azərbaycan xalçasının texnologiyası” dərsliyi hazırlandı. Çeşnilərim üzrə xalçalar toxundu. Bu gün Azərbaycanda xalça sənətinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Buna görə ölkə başçısına təşəkkürümü bildirirəm. 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərxalça” Elmi İstehsalat Birliyinin bazasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılıb, bölgələrdə xalça fabrikləri açılır. Prezidentimizin xalçaçılara ən böyük töhfəsi isə bir müddət əvvəl “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi oldu. Bu proqram Azərbaycanda xalçaçılığın qorunub yaşadılması və inkişaf etdirilməsi istiqamətində atılmış çox mühüm addımdır. Xalçaçılıq irsi sənətdir, nəsildən-nəslə ötürülür. Bu gün xalçaçılığın qorunub yaşadılmasında müəyyən qədər əməyim varsa, qürur hissi keçirirəm. 
   
   - Xalça Muzeyinə hədiyyə etdiyiniz çeşnilər hansı regionları əhatə edir?
   - “Azərxalça”da çalışdığım müddətdə normativ sənədlərin hazırlanmasında mənim də rolum olub. Çeşnilərin qorunub saxlanılması və gənc nəslə ötürülməsi istiqamətində atdığım addımları daha faydalı hesab edirəm. Bu çeşnilər 1981-ci ildə Azərbaycan Sənaye Nazirliyi tərəfindən Avstriyada çap etdirilmiş Azərbaycan xalçalarının texniki rəsmləri, yaxud göstəriciləridir. Bunlar həmçinin Azərbaycan xalçasının naxışları, rəng çalarları, texnoloji xüsusiyyətlərini özündə cəmləşdirmiş layihə sənədləridir. Qərara gəldim ki, bu sənədlər lazımi şəraitdə qorunaraq gələcək nəslə ötürülməlidir. Bunun üçün ən ideal məkan Azərbaycan Xalça Muzeyidir. Məsələ ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət etdim və müsbət cavab aldım. Onu da deyim ki, bu, təkcə mənim əməyim deyil. Vaxtilə Xalq rəssamı Kamil Əliyevin təşəbbüsü ilə yaradılaraq çap edilən fonddur və daimi istifadədə olub. Bu fondda 273 min nümunə toplanıb. Çeşnilər Azərbaycan xalçaçılığının bütün məktəblərini əhatə edir. Hətta bəzən bir çeşni müxtəlif rakurslarla təsvir edilib. Bu sənədlərin dəyərini gələcəkdə ondan istifadə edən nəsillər daha yaxşı biləcək.
   
   - Hazırda qeyd etdiyiniz çeşnilər üzrə xalçalar toxunurmu? Yeni çeşnilər necə, yaradılırmı?
   - Bəli, ölkəmizdə bu çeşnilərdən istifadə edilir. Əvvəl eskiz hazırlanır, sonra isə onu millimetrlərlə yerləşdirirlər. Xalçanın hansı sıxlıqda, hansı rənglərdə və hansı naxışda toxunacağı bu naxışdan asılıdır. Azərbaycanda bu qəbildən xalçalar həmişə toxunub və toxunacaq. Xalçaçılarımız bu çeşnilərlə gələcək nəslə mesaj göndərirlər. Xalça çeşniləri keçmişimizdən bu günümüzə ötürülən zəngin mədəni mirasdır. Hazırda Xalça Muzeyində müasir xalçaçı rəssamların əsərləri də yer alır. Bu da o deməkdir ki, xalça sənəti yaşayır, inkişaf edir. 
   
   Həmsöhbətim muzeyin Şuşa filialının tarixi haqqında da məlumat verdi. Bildirdi ki, qədim tarixə malik Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə Azərbaycan Mədəniyyət Nazirliyinin 26 sentyabr 1985-ci il tarixli əmrinə əsasən Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əsası qoyulub. Filial 19 may 1987-ci ildə Şuşada general Səməd bəy Mehmandarova məxsus XVIII əsr tikilisi olan malikanədə fəaliyyətə başlayıb. 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Şuşa filialı fəaliyyətini dayandırır. 1992-ci ilin 29 fevral tarixində filialın 246 eksponatından 183-ü təxliyə edilərək indiki Azərbaycan Xalça Muzeyinin əsas fonduna təhvil verilib. Həmin il mayın 8-də Şuşa şəhərinin düşmən tərəfindən işğalı nəticəsində digər mədəni irs nümunələrimiz kimi bir çox xalçaçılıq nümunələri də it-bata düşdü. Bununla belə, biz bu irsin nümunələrini, qədim sənətimizi yaşatmağa çalışırıq. Xalça Muzeyinin Şuşa filialında işğal altındakı Qarabağın tarixi, bölgənin xalçaçılıq sənəti haqqında mütəmadi olaraq maarifləndirici layihələr və tədbirlər keçirilir. 
   
   Lalə Azəri