Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda 17-ci beynəlxalq elmi konfrans keçirilib. Konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
Tədbirdə çıxış edən universitetin rektoru, professor Fərəh Əliyeva diqqətə çatdırıb ki, 2002-ci ildən bu ali məktəb tərəfindən hər il təşkil olunan konfransın məqsədi türkologiya sahəsində aparılan araşdırmaların nəticələrinin ümumiləşdirilməsi və elmi informasiya mübadiləsidir.
Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, professor Asif Rüstəmli və digər çıxış edənlər konfransın işinə uğurlar arzulayıblar.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli “Azərbaycan Xalq Cümhuriyyətinin idealları və müasir dövr”, professor Anna Oldfield “ABŞ-da “Kitabi-Dədə Qorqud”: ədəbiyyat və epik musiqi vasitəsilə türk mədəniyyətlərinin tədrisinin transformativ təsiri” mövzularında məruzələrlə çıxış ediblər.
Sonra konfransın “Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət siyasəti”, “Türksoylu xalqların bədii mədəniyyəti müasir mərhələdə: problemlər və perspektivlər”, “Türk xalqlarının musiqi mədəniyyəti: ənənə və müasirlik” mövzularında bölmə iclasları keçirilib.
Tədbirdə respublikanın müxtəlif ali təhsil ocaqlarından nümayəndələr, Türkiyə, İran, Macarıstan, ABŞ, İngiltərə və digər ölkələrdən tədqiqatçı və mütəxəssislər iştirak ediblər.
Konfransın materialları toplu şəklində çap olunub.