“Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində çıxışı zamanı deyib.
Müstəqil Azərbaycanın son 15 ildə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf yolu ilə getdiyini vurğulayan dövlət başçısı deyib: “Azərbaycan bu 15 il ərzində uğurla inkişaf edib. Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirib”.
Prezident vurğulayıb ki, bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycan xalqı vahid milli ideya - Azərbaycançılıq məfkurəsi ətrafında birləşib. Azərbaycan ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub və biz son 15 il ərzində bunu dünyaya nümayiş etdirmişik: “Təkcə ona görə yox ki, özümüzü göstərək, ona görə ki, dünyada da müsbət meyillər üstünlük təşkil etsin. Biz çalışmışıq və bundan sonra da çalışacağıq ki, öz nümunəmizi göstərərək sübut edək ki, multikulturalizm yaşayır və yaşamalıdır. Eyni zamanda, biz öz milli mənəvi dəyərlərimizə bağlıyıq və təsadüfi deyil ki, 2016-cı və 2017-ci illər Azərbaycanda “Multikulturalizm” və “İslam həmrəyliyi” illəri elan olunmuşdur”.
Dövlət başçısı ötən illərdə iqtisadiyyatın müxtəlif sahələrində, regionların sosial-iqtisadi inkişafında əldə olunan nailiyyətlərdən, eləcə də respublikamızın iştirakı ilə reallaşan iri transmilli layihələrdən bəhs edərək bildirib ki, Azərbaycan iqtisadiyyatı son 15 il ərzində 3,2 dəfə artıb: “Əlbəttə ki, bu göstəricinin tərkibində neft amili xüsusi yer tutur. Ancaq bununla bərabər, bizim qeyri-neft ixracımız 15 il ərzində dörd dəfədən çox artıbdır. Bu da onu göstərir ki, bizim islahatlarımız böyük səmərə verir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. Ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulub. Ölkəmizdə çox gözəl investisiya iqlimi vardır. Xarici və yerli sərmayə ölkəmizə bundan sonra da qoyulacaqdır. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görübdür”.
Prezident qeyd edib ki, əldə olunan nailiyyətlər, inkişaf və yeniləşmə dünyada Azərbaycana marağı da artırır: “Biz son illərdə ölkə daxilində nəqliyyat infrastrukturu ilə çox ciddi məşğul olmuşuq. Yeddi aeroport tikmişik, onlardan altısı beynəlxalq statusa malikdir. Xaricdən gələn turistlərin sayı artır. Təkcə onu demək istəyirəm ki, 2004-cü ildə Azərbaycana xaricdən bir milyon qonaq gəlmişdirsə, bu il gələcək qonaqların sayı üç milyona çatacaqdır. Biz ölkəmizi dünyada tanıtdıra bilmişik. Beynəlxalq tədbirlərin keçirilməsi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, siyasi, humanitar tədbirlər Azərbaycanı dünyaya təqdim etdi. Bununla paralel olaraq, xalqımızın qonaqpərvərliyi, gözəl iqlim, təhlükəsizlik, gözəl infrastruktur, şərait, tarixi abidələrimiz Azərbaycanı sürətlə inkişaf edən böyük turizm mərkəzinə çevirir. Əlbəttə, bu, ölkəmizə valyuta gətirir, bu, ölkəmizi daha da gücləndirir və bu sahədə minlərlə iş yeri yaradılır və yaradılacaqdır”.
Dövlət başçısı bununla yanaşı qeyd edib ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik: “Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Xalq-iqtidar birliyi var. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.
Prezident çıxışının sonunda bir məsələni xüsusi qeyd edib: “Bütün bu uğurlar ancaq müstəqillik dövründə mümkün olmuşdur. Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”.