Bənzərsiz təxəyyül və qələmi ilə “bitirdiyi” yovşanla Türkün tarixi şanını bütün dünyaya sərgiləmiş türkoloq, yazıçı, publisist... 
   
   Bu böyük qumuq oğlunun - Murad İsgəndəroviç Adcının məqsəd-məram yolunun qədərini, elmi-irfani yaradıcılıq irsinin qədrini müştərək babamızın - fenomenal bir etnofərd kimi bütün dünyanı heyrətə gətirən, 8 aylıq at yollu və özündən sonra min illik davamiyyət tarixli “Dəşti-Qıpçaq” dövlətinin yaradıcısı Atillanın sərkərdəlik görəvlərilə də müqayisə etmək olar...   
   Bu tarixi müqayisəmiz həm də ədəbi-publisistik bir nüansa ayaqdır. Belə ki, dünyanın vicdanlı salnaməçiləri həmin minillik dövlətin bəşər mədəniyyətinin inkişafındakı əvəzsiz rolunu etiraf etsələr də, Şərqdən çox-çox sonra dirçələn Avropanın “yeni yaddaş” yaratmağa çalışan tarixşünasları, özəl-özgür mənbəyini Sibirdən götürən bu ən uzunömürlü çarlığın mövcudluğunu danmağa, ən “yaxşı” halda təhrif etməyə çalışıb və bu qitə-qövm qısqanclığı hələ də davam etdirilməkdədir. Vəsilə? Çox “sadə”; “fəth atları” belində başları tarixi yaratmağa qarışmış fateh Türkün öz tarixini yazmağa macal tapmaması! Lakin... indilər (Qumilyovlar, Adcı, Qaspıralı, Hüseynzadə, Ağaoğlu və adlarını çəkməyib ruhlarını qəlbən qutladığımız neçə-neçələrinin böyük zəhmətləri hesabına!) çox asanca yazıb-oxuduğumuz bir nəticə; əcnəbi qələm fatehləri bu mövcudluğun inkarını bacarmadılar. Səbəb? Həmin bu fenomenal elmi tədqiqatçının, bənzərsiz poetik araşdırıcının yüzilliklər uzunu adda-budda şəkildə yazılan Türk həqiqətlərini ötən əsrin sonlarında misilsiz bir etno-genetik ilhamla qələmə aldığı və rus, ingilis, alman dillərində bir neçə dəfə nəşr edilən “Qıpçaq Çölünün yovşanı” və digər əsərləri!.. 
   
   Nəhəng sovetlər Moskvası və...
   
   Böyük olduğu qədər də gözlənilməz qəribəliklər ölkəsi, onun diktəçi paytaxtı və “üzdə federativ”liyində - “son nəğmə”sini belə oxumasına imkan verilməyən qu quşu timsallı qumuq xalqının təklənmiş oğlu. Bu iti sürətli və həşəmətli siyasi-ideoloji eşelonda özünə yer eləməyi bacaran bu canlı “etnik bomba” illərlə apardığı araşdırmaların nəticəsi olaraq yazdığı və evini satıb çap etdirdiyi “Qıpçaq Çölünün yovşanı” ilə ümumbəşər yaddaşındakı həmin Atilla dövləti (ümumən əbədi Türk varlığı) haqdakı danılmaz həqiqətləri mütaliə stolları üstünə çıxartdı və bu reallıq illər boyunca dünya kitabxanalarına daşındı.
   9 dekabr 1944-cü ildə Moskvada anadan olmuş, 1969-cu ildə Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsini (vaxtındanəvvəl) və məqsədli aspiranturasını bitirmiş Murad İsgəndəroviç Adcıyev sonralar qəbul edib bütün dünyaya tanınacağı “Murad Adcı” imzasına qədər, demək olar, sıradanbir (bəzi epizodlarda fenomenal) sovet mütəxəssisi kimi tanınıb. Yığıncaqların birində “son 25-30 ilin imzası” deyimi ilə dəyərləndirilmiş bu qələm azmanı buna qədər SSRİ Əlvan Metallar Nazirliyinin proqnozlaşdırma şöbəsində, SSRİ Dövlət Plan Komitəsi yanında İstehsaledici qüvvələrin öyrənilməsi şurasında çalışıb, 1973-də bu sahə üzrə namizədlik dissertasiyası müdafiə edib, Qafqaz xalqlarının ictimai-siyasi-sosial həyat və tarixi milli kök-kökənlik aləmləri haqda saysız etnoqrafik, publisistik yazılarla dövri mətbuatda çıxışlar edib, elmi-iqtisadi tədqiqatçı səs-sədası ölkənin Sibir, Uzaq Şərq və digər ərazilərinin iqtisadi problemlərinin öyrənilməsinə dair konfrans və konqreslərdən gəlib.
   Coğrafiya ixtisaslı bu adamın bir-birindən sanballı, sözün həqiqi mənasında, fundamental kitabları (və bu nəşrlər haqda dünyanın mötəbər imzalarının fikirləri) ilə tanışlıqdan sonra onu misilsiz elmi-poetik-fəlsəfi türk tarixçisi adlandırmamaq olmur. Doğrudur, o, bir çox qənaət və baxışlarında təxəyyül-təsəvvürçülük, bəzən, birinciyə üstünlük verdiyi avroasiyaçılıq da edib. Məsələn, bu qədər bilgili-sevgili bir türkoloq kosmopolitizm damarının tutduğu dönəmlərin birində ermənilərlə türklərin “qan qohumları” olduğunu yazır... 
   Bəzi bu kimi “subyektiv incələmələr”inə baxmayaraq, Murad Adcı imzası ötən və cari yüzilliklərin milli-mənəvi özgürlük mogikanı hesab edilməkdədir. Və vurğulamalıyıq ki, onun kitabları ənənəvi araşdırıcılıq-alimlik cəhdləri hesabına başa gələn nəşrlərdən sayılmamalıdır. Müəllif bunları, tarixən mənsub olduğu xalqın minbir hiylə-cəhdlə assimilə edilib yaddan çıxarılmasına çalışmışların şovinist müddəalarına qarşı mənbə-məntiqi sitatlar qoya-qoya, öz çağının siyasi-hegemon heysiyyətlilərini silkələyə-silkələyə, onların “universal hücumları”na sinə gərə-gərə ərsəyə gətirib. 
   Bu əsərlərdən ikisi - Azərbaycan dilçiliyi və türkologiyasının tanınmış siması akademik Tofiq Hacıyevin tərcüməsində Bakıda çap edilmiş (müxtəlif tarixçə və fərqli həcmlərdə) “Türklər və dünya: gizli tarix” kitabları anadilli oxucularımızda Türk dünyasının milli keçənək-gələnəkləri haqda qeyri-adi təəssüratlar oyatmışdır.
   Yorulmaz müəllifin digər (20-yə yaxın) kitablarının adları və çoxusunun adlıqsonu mötərizə içərisində verilmiş şərhlərin özləri belə türkqövmlülərə (və türkün düşməni olmayan yadlara) yeni bilgilər, qədərsiz fəxarət hisləri aşılayan faktoloji-etimoloji-filoloji məlumatlarla zəngin! Onlardan: “Biz qıpçaq soyundanıq (qumuq, qaraçay, balkar, kazak, qazax, tatar, çuvaş, yakut, qaqauz, həmçinin başlanğıcını türk (qıpçaq) soyundan götürmüş, ancaq bunu unutmuş rus, ukraynalı və digər xalqların bir hissəsinin soyağacından)!”, “Müqəddəs Georginin sirri və ya Tenqrinin hədiyyəsi: türklərin mənəvi irsindən”, “Avropa. Türklər. Böyük Çöl”, “Qıpçaqlar. Türklərin və Böyük Çölün qədim tarixi”, “Türklər və dünya: məxfi tarix”, “Asiya Avropası”, “Əbədi mavi səmasız: tariximizin oçerkləri”, “Mənim yovşanlı yolum” və s.
   Və... bu kitablar “kağız üzərində”, tozlu-sükutlu rəflərdə qalan “makulatura”lardan olmadı: bunlardakı dəqiq qənaətlər, hipotez-müqayisələr əsasında gəlişmiş konsepsiyalar qoca tarixin bir çox qaranlıq və qəsdən zülmətə gömdürülmüş olayları üstünə işıq tutdu. Məsələn, Şimali Qafqazın ən qədim sakinlərindən olan, əsrlərcə sıxışdırılıb, ötən yüzilliyin ilk yarısında sürgün olunan qumuqların yaddaşlara qayıtmasına səbəb oldu. Bu araşdırmalar Muradın da mənsub olduğu etnosun, ucqar xalqların ana dillərini, milli adət-ənənələrini unutdurmağa (hətta bəzi etnik qrupları həzmə) çalışan stalinizm caynağından qurtulub siyasi “dövriyyəyə” qayıtmasına elmi-aspektual zəmin yaratdı.
   Bu məqamda - indicə ayrıldığımız şərhi-rəsmi abzasdan sonra, sözügedən mətləbin xəlqi qəlibcə bəyanına da ehtiyac duydum: biz indilər uca və qürur dolu səs-səmirlə “Mən azərbaycanlıyam!” deyirik. Bu böyük Türk soydaşımızın mənsub olduğu etnos fərdləri isə uzun illər “mən qumuqam!” deməyə ehtiyat etmişlər. İndi görün, “Acı” sözünü özünə təxəllüs (təbii ki, fikrindəki çeşidli ifadələr içərisindən seçmələyib) götürən çox huşyar, milli-müdrik Murad əfəndi bütün şüurlu ömrü uzunu içində nə ağrı-acılar gəzdirib!..
   Başdan-başa milli kökənlik arzulu və (R.Rza sözü): -
   
   “Anlamaq dərdi”li -
   
bu özəl-özgür Türk kişinin, dünyaca məşhur və bu qədər başıqarışıq bir alim-ədibin elə təkcə Azərbaycanda bir neçə dəfə olması nə demək?.. 
   Maraqlıdır ki, dünyanın hər yerini və hər üzünü görə-görə möhkəmlənmiş (üzü-gözü doymuş polad kimi bərkimiş) bu adamı bizim məmləkətdə dəfələrlə kövrələn görüblər. O, Naxçıvanda (məşhur ekspedisiyaçılar tərkibində) və fəxri qonaq kimi iki dəfə olduğu Şəkidə rastlaşdığı bir çox maddi-mədəni nümunələrimizlə bağlı: “Bunlar bizim müştərək Altay dünyamızda gördüklərimin eyniləridir!” kimi nidalar edib. Məsələn, AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru M.Rəhimoğlu onun “Mənim həyatım Gəmiqayaya bənzəyir” sözlərini başlıq etdiyi məqaləsində yazır ki, Gəmiqayada ikən köynəyini çıxarıb, “istəyirəm ki, ulu Naxçıvanımızın bu təmiz havasında təzədən paklaşım, Moskva yorğunluğum çıxsın...” dedi, bu əsnada səslənən biz niyə bir-birimizi yaxşı-yaxından tanımağı bacarmırıq söhbətinin çözümündə isə kədərlə üzümə baxdı: - “Hələ çoxları yatıb. Amma vaxt gələcək, onlar da oyanacaq... Görəsən, onlar o Böyük Çöl haqqında, özlərinin “məhv edilmiş” vətənləri haqqında fikirləşirlərmi?!. Mən 1990-cı ildə güllələnmiş Bakını görmüşəm... Öyrədilmiş osetinlərin, inquşların evlərini necə dəhşətlə yandırdıqlarının şahidi olmuşam. Dağ cığırları ilə amansız müharibədən qaçan çeçen cocuqlarının simaları gözlərim önündən heç vaxt getmir... Elə bütün bunlar məni əcdadlarımızın tarixini daha dərindən öyrənməyə sövq edir... Mənim həyatım, bax, bu Gəmiqayaya bənzəyir...”
   Bu məqamda bir həmkarımın (Çingiz Nağıyev, Şəki) yazısından da bir parçanı oxucularımızın diqqətinə çatdırmağı uyğun hesab edirəm. O, bir vaxtlar çox az tapılan “Avropa. Türklər. Böyük Çöl” kitabını dostundan alıb surətini çıxarır və bu nəşrdəki bir şəkil - (Altay dağlarında - qədim Türk xalqlarının yaşadığı ərazidəki arxeoloji qazıntılar zamanı kurqanların birindən tapılan) xalça diqqətini daha çox cəlb edir. Qızları həmin ornamentlərlə yeni bir xalça toxuyur və 2004-cü ilin sentyabrında təsadüfən (köhnə dostlarından birinin özəl istirahət mərkəzində) qarşılaşdığı Murad Adcı ilə söhbət zamanı sözügedən kitabla xalçanı ona göstərir. Əvvəlcə kitaba baxan qonaq onun “qəribə formatı” ilə bağlı sual verir və “Sizin kitabınızın şriftləri çox kiçik olduğuna görə, surətini çıxartdırarkən böyüdülməsini sifariş etdim” cavabını eşidincə, deyir: “Mətbəələrdə işləyənlər arasında türkün tarixinə qısqanclıq, paxıllıq edənlər mənim kitablarımı həmişə xırda şriftlərlə çapa verirlər. Məqsəd odur ki, kitab həm iri görünməsin, həm də rahat oxunmasın...” 
   Sonra sözügedən (və sonda ona hədiyyə edilən) xalça qoyulur ortalığa... Bu dünyada çox az şeyə təəccüblənən böyük alim birinci nəzərdə ayağa qalxır, ikincidə qollarını yanlara açaraq həmsöhbətini bərk-bərk qucaqlayır və deyir: “Həyatımda aldığım ən dəyərli hədiyyə olası bu xalça məndə belə bir inam yaratdı ki, əgər türklər öz tarixlərinə həmişə belə hörmət və ehtiramla yanaşsalar, tezliklə yenidən öz qədim mərtəbələrimizə ucalacağıq!”
   İki il sonra Murad Adcı Şəkiyə yenidən (bu dəfə, əslən ukraynalı, onun bütün kitablarının redaktoru, “Mənim Muradım ukraynalıların kökəncə türk olduğunu sübut edəndən sonra mən də özümü türk sayıram və çalışıram həyatımı türk qadını kimi yaşayam” deyən həyat yoldaşı Marina xanımla birgə) Şəkiyə qonaq gəlir. Həmin istirahət evinin sahibi Ramiz müəllim Azərbaycan jurnalistlərinin ağsaqqalı, professor Şirməmməd Hüseynovu (və bir neçə milli ziyalıları) da dəvət edir və “onlar saatlarla Türkün tarixi haqda yazılı mənbələr, tarixi faktlarla danışır, bir-birinin qənaətlərini yeni-yeni məlumatlarla zənginləşdirir və məsafəcə “uzaq”, könül-kökəncə yaxından-yaxın qonağın “...tezliklə yenidən öz qədim mərtəbələrimizə ucalacağıq!” fikrini xəyalən “ratifikasiya” etmiş olurlar... 
   Fizikən 74 il yaşamış bu adamın, tək elə yazılarında yox, gedi-gəzilərində belə bir qeyri-adilik olan bu isimin əks-səda haləsi bütün bəşər üçün uzun əsrlər boyu, beynindən süzülüb kitablara həkk olunan bəlli özgürlüyümüzlə bağlı elmi-tədqiqati nəticələr, fəlsəfi-təxəyyüli qənaətlərdən Tarixin bütün qədimlik-ortalıqlarına məxsus hər tür maddi-mənəviliklərindən kam almış türklərçünsə əbədi!.. 
   
   Tahir Abbaslı