XX əsr özbək poeziyasından söz açılanda ilk olaraq görkəmli ədib, tərcüməçi, Xalq şairi Qafur Qulam yada düşür. Onun yaradıcılığında Azərbaycana qəlbən bağlılıq, klassik ədəbi irsimizə rəğbət hissi aydın şəkildə duyulur. 
   Qafur Qulam 19 may 1903-cü ildə Daşkənddə ziyalı ailədə dünyaya göz açıb. İlk təhsilini mədrəsədə alır, mütaliə yolu ilə biliyini artırır. Erkən çağlardan özbək və fars-tacik klassiklərinə maraq göstərir. Sonralar xatirələrində ədəbi zövqünün formalaşması ilə bağlı yazırdı: “Mən öz mütaliəmlə biliklər əldə etdim. Buna görə də əvvəlcə atama, sonra isə anama borcluyam”. 
   1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda şair böyük bəlanın qapıda olduğunu qabaqcadan duymuşdu. Valideynlərini müharibədə itirən özbək uşaqlarının halına ürəkdən acıyan şair 1942-ci ildə “Sən yetim deyilsən” şeirini qələmə alır. Bu şeir 1958-ci ildə Azərbaycanda “Özbək ədəbiyyatı antologiyası”nda şair Qasım Qasımzadənin tərcüməsində, 1979-cu ildə isə şair Əhəd Muxtarın tərcüməsində Q.Qulamın “Ömrün baharında” kitabında dərc olunur. 
   Ədəbiyyatşünas, professor Pənah Xəlilov Q.Qulamın yaradıcılığı ilə bağlı araşdırmasında yazır: “Qafur Qulamın hər şeirində tamamlanmamış bir poetik fikir vardır və müəllif əlvan təsvir vasitələrindən həmin fikri vermək üçün istifadə edir”. 
   Onun şeirləri, poemaları, hekayə və povestləri, rus və dünya klassiklərindən etdiyi tərcümələr Özbəkistan ədəbi mühitinin zənginləşməsinə mühüm təsir göstərib. Nazim Hikmətin pyesləri, U.Şekspirin “Otello”su, Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsəri Q.Qulamın tərcüməsində özbək oxucularına təqdim olunub.
   Özbək ədəbi tənqidinin tanınmış nümayəndələrindən İbrahim Qafurov şairin yaradıcılığı haqqında qeyd edir ki, xalqın tarixi, insanı yer üzünün əşrəfi edən əmək və yaşadığı dövrün ictimai-siyasi prosesləri Q.Qulamın ədəbi irsində həmişə diqqət mərkəzində olub. Şair bu ideyaları daim məhəbbətlə tərənnüm edib. Onun “Mən Şərqdənəm” şeiri əzəmət, milli iftixar və qürurdan doğub. 
   Q.Qulamın ədəbi irsi Azərbaycan oxucusunun da diqqət mərkəzində olub. Tanınmış Azərbaycan şairləri Xəlil Rza, Qasım Qasımzadə, Məmməd Aslan, Səyavuş Sərxanlı, Əhəd Muxtar, Nüsrət Kəsəmənli, Vaqif Hüseynov, İsgəndər Coşqun, Şəkər Aslan, Cavad Zeynal və başqaları onun şeirlərini dilimizə çeviriblər. 
   Şairin əsərlərinin Azərbaycanda sevilməyinin bir səbəbi də xalqımıza və ölkəmizə olan sevgisi ilə bağlıdır. Müəllifin “Bir-birinə şagird, bir-birinə ustad”, “Qırx yaşlı Azərbaycan”, “Qardaşım Səməd Vurğuna”, “Qardaş Azərbaycan pambıqçılarına”, “Xəzər” və s. şeirlərində onun ölkəmizə səmimi məhəbbəti əksini tapıb. O, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun pərəstişkarlarından olub. “Qardaşım Səməd Vurğuna” şeirini ölməz şairin 50 illik yubileyinə həsr edib:
   
   Burnumun ucu göynər yada düşəndə dostlar, 
   Səməd Vurğun adını çəkərəm qürur ilə. 
   Özbəkistan göyləri mənim qəlbimtək dolar 
   Azərbaycandan gələn sevinc ilə, nur ilə!
   
   Q.Qulamın başqa bir şeirində klassik ədəbiyyatımızın görkəmli simalarına şükranlıq duyğusu əks olunub:
   
   Nizami dühasının tükənməyən sərvəti 
   Şərqdə neçə şairin yapışıbdır qolundan.
   Füzuliyə, Vaqifə, Vidadiyə min hörmət, 
   Canlı klassikidir Səməd Vurğun bu əsrin. 
   
   1943-cü ildə Özbəkistan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilən Q.Qulam ölkəsinin Xalq şairi fəxri adına, SSRİ Dövlət mükafatı və Lenin mükafatına layiq görülüb. Şair 1966-cı ildə vəfat edib.
   
   Savalan Fərəcov