AŞPA-da azərbaycanlı rəssamın sərgisi açılıb
   
   Fransanın Strasburq şəhərində, Avropa Şurası Parlament Assambleyasının sərgi zalında azərbaycanlı rəssam Anar Hüseynzadənin əsərlərindən ibarət “Abşeron nağılı” adlı sərgi açılıb.   
   Tədbirdə qonaqlara rəssamın yaradıcılığı haqqında məlumat verilib. Qeyd edilib ki, A.Hüseynzadə kiçik yaşlarından dərnəklərdə rəngkarlıq sənəti ilə məşğul olmağa başlayıb və təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirib. Rəssamın əsərləri müxtəlif ölkələrdə sərgilənib və şəxsi kolleksiyalarda saxlanılır. 
   Anar Hüseynzadənin iki ay əvvəl Avropanın mədəniyyət paytaxtlarından olan Vyanada (Avstriya) da fərdi sərgisi keçirilib.
   “AŞPA-da belə sərgilərin təşkili çox yaxşı ideyadır. Bu bizə digər ölkələrin rəssamlarını tanımağa, ölkələrin mədəniyyətlərini kəşf etməyə imkan yaradır. Bu gün Azərbaycan və Gürcüstan rəssamlarının əsərləri ilə tanış olduq, əsərlərin parlaq rəngləri daha çox cəlb edicidir”, - deyə sərginin qonaqlarından Kristofer Qreysi qeyd edib.
   Rəssam Anar Hüseynzadə deyib: “Əsərlərimin AŞPA-da nümayiş olunmasına çox sevinirəm. Bu sərgi Vyanada da nümayiş olunub. Sərgidə nümayiş olunan əsərlərin hamısı Abşerona həsr etdiyim tablolardır. Əsərlərimi modernizm, mistik, abstrakt, impressionist tərzlərdə çəkirəm. Bəzi əsərlərimin adı yoxdur. Bəzən əsərlərə adı jurnalistlər və ziyarətçilər verir. Avropalı ziyarətçilərin mədəniyyətimizə maraqlarını görmək sevindiricidir”.