Bakı Xoreoqrafiya Akademiyası (BXA) təhsil kompleksinin tam orta məktəbinin şagirdləri Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.
Əvvəlcə ulu öndərin rəqs sənətimizin görkəmli nümayəndələri, o cümlədən məşhur balerina Leyla Vəkilova ilə görüşünü əks etdirən videoçarx nümayiş olunub.
Konsertdə akademiyanın şagirdləri Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın quruluşunda “Yatmış gözəl”, “Kukla” baletlərindən variasiyalar, “Qozbel at” baletindən rəqs, Əməkdar müəllim Pellumb Aqalıyayın quruluşunda “Jizel” baletindən variasiya, Yelena Çerevatovanın quruluşunda Şopenin bəstəsi olan “Polonez”, Pərvin Nəcəfovanın quruluşunda “Kapellia” baletindən “Pryalki”, Yekaterina Mustafayevanın quruluşunda Tofiq Quliyevin “Vals” rəqsi təqdim olunub. Proqramda həmçinin Prezident təqaüdçüsü Zəminə Sadıqzadənin quruluşunda “Şənlik rəqsi”, Cəmilə Məmmədovanın quruluşunda “Dəniz” rəqsi, Xalq artisti Yusif Qasımovun quruluşunda “Şənlik”, Əməkdar artist Səbinə Qasımovanın quruluşunda “İnnabı” rəqsləri, eləcə də Niyazinin “Rast” simfonik muğamından parça, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Qızların rəqsi” və digər rəqs nömrələri ifa edilib.
Tədbirdə Mədəniyyət Nazirliyinin rəsmiləri, digər qurumların nümayəndələri, mədəniyyət xadimləri iştirak edib.
Sonda konsertdə iştirak edən bütün şagirdlər öz müəllimləri ilə səhnəyə çıxaraq tamaşaçıların gurultulu alqışları ilə qarşılanıblar.