İçərişəhərdə yeni sənət məkanı - “M-galeri” adlı uşaq rəsm qalereyasının açılışı keçirilib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İradə Qasımova ilk ekspozisiyanı tədbir iştirakçılarına təqdim edib. Bildirib ki, İçərişəhərdə xalqımızın qədim memarlığı və mədəniyyəti cəmlənib, dünya və yerli əhəmiyyətli abidələr yerləşir. İçərişəhər Şirvanşahlar sarayı kompleksi və Qız qalası ilə birgə UNESCO-nun Dünya irsi siyahısına daxil edilib.
Xalq rəssamı Arif Hüseynov, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva uşaqlara yaradıcılıq uğurları arzulayıblar.
Ekspozisiyada Ağasəlim və Mədinə Abdullayevlərin 50 əsəri təqdim edilib. Onlar Dilarə Atakişiyevanın rəhbərlik etdiyi “DA’ART” Təsviri incəsənət mərkəzində sənətin sirlərini öyrənirlər. 2007-ci ildən fəaliyyət göstərən incəsənət mərkəzində balaca istedadlar sənət yolunda ilk addımlarını atır, uğurlarına sevinirlər.
Uşaq şəkil çəkərkən düşünməyi və öz fərdiliyini göstərməyi sevir. Rəsm qalereyasının bir məqsədi də bunu təşviq etməkdir.