Yadımdadır, sovet dövrü məktəblərində sinif uşaqlarımızın dilindən düşməyən “bizimkilər” sözü. Xüsusilə Böyük Vətən müharibəsi mövzulu filmləri seyr edərkən bu söz dilimizdən düşməzdi.
Əslində bu çox adi və həm də ideoloji çəkisi olan bir söz idi. O vaxt müharibə filmlərinə kim baxırdısa, “bizimkilər”in rəşadətindən adrenalin alırdı. Hətta küçədə oynayan uşaqlar bellərində oyuncaq tüfənglər “pağ, pağ, bizimkilər nemesdərin hamsını qırdı” - deyə çığırışa-çığırışa oyunlarını kinolaşdırırdılar. Bəli, o vaxtın sovet kinosunda müharibə mövzusunda film çəkmək bugünkü qədər də çətin deyildi; kino “bizimkilər” adlı qalib obrazını sovet adamının şüurunda elə yerləşdirmişdi ki, bəzən savadsız adam baxdığı filmdə düşmən tərəfin qalib gəldiyini görüb (özüm şahidi olmuşam) “bunlar bizimkilərdir hə?” - deyə yanındakı tamaşaçıdan soruşardı.
Bu, sovet kinosunun, o cümlədən də sovet Azərbaycanı kinosunun keçmişidir. Bəs bu gün? Bu gün mən müharibə mövzusunda özümüzünkülərin yeni çəkdiyi ekran əsəri, rejissor Elxan Cəfərovun “Dolu” filmindən danışmaq istəyirəm. Burda da xalqın böyük rəğbət bəslədiyi bizimkilər var. Ancaq onlar döyüşdəki qaliblər yox, əzab və işgəncəyə məruz qalan, naləsi qulaq ardına vurulan bizimkilərdir. Bu mənada “Dolu” faciəvi lirika janrında (Aqil Abbasın “Dolu” romanının poetik dili, ruhu da belə deməyə əsas verir) çəkilmiş bir filmdir. Filmin rejissoru onu müasir “boyevik”lərə xas qanlı vuruş səhnələri ilə zənginləşdirməyə çalışsa belə, məni duyğulandıran onlar olmayıb. Niyə lirika? Filmin ilk kadrları çox poetik bir epizodla başlayır. Göydən brilyant işıltılı şəffaf dolu yağır və ətrafda hər şey təbiətin bu gərdişinə cing-cing cingildəyən avazla əks-səda yaradır.
Filmə bu giriş (şüşə sınması yozumuna görə) həm də ümid rəmzidir; sonra şahidi olacağımız hadisələrə proloqdur. Bu proloqla sondakı epiloq bir vəhdət təşkil edərək “Dolu”nun ideyasına tam aydınlıq gətirir; Azərbaycan xalqı məğlub olmayıb, çünki o, müharibə aparmır, əgər aparsa onun Drakon (Rza Rzayev), Pələng (Elvin Əhmədov) və digərləri kimi igidləri vardır. Drakon və Pələng “Dolu”nun Azərbaycan kino obrazları qalereyasına yeni əlavəsidir. Belə ki, bu günə kimi Qarabağ müharibəsi mövzusunda filmlərimizdə qəhrəman obrazları olsa da, onların döyüş meydanındakı şücaətlərini geniş canlandıran kadrlar olmayıb. “Fəryad”dakı İsmayılı yataqda görən kino tamaşaçıları, vaxtilə buna görə filmi çox tənqid etmişdilər. Halbuki, bu obrazın da film qəhrəmanımız adlanmaq haqqı var; bu, yaralı qəhrəman, fəryadımızın qəhrəmanıdır.
“Dolu”da isə müəlliflər döyüş meydanındakı qəhrəmanlara yer ayırmağa cəhd göstərmişlər. Bu isə həm alınıb, həm də alınmayıb. Belə ki, qəhrəman Drakon döyüş meydanında bir növ Qaraca Çoban, Koroğlu, Babək və xəyalımızda olan digər cüssəli pəhləvan qəhrəmanlarımıza nə qədər çox bənzəyirsə, Pələng o dərəcə də bizim həyatda üz-üzə gələ biləcəyimiz sadə və qəlbiyumşaq, səmimi, pafosdan uzaq real qəhrəmanımızdır.
Drakon və Pələng. İki qəhrəman obrazı. Onlardan biri təxəyyülümüzə, digəri isə qəlbimizə yaxındılar. Çünki biri reallaşdıra bilmədiyimiz gücümüz, digəri isə real olan qəlbiyumşaqlığımızdır. Əslində, “Dolu”dakı bu iki obraz arasında mövcud konflikt (həyatımızdan bizə çox tanış olan didişmələr) motivlərinə daha çox yer ayrılsaydı yaxşı olardı, yəni film Drakon və Pələng qarşıdurması haqda olardı. Bu halda kinomuzda yeni söz deyilərdi “Dolu” filmi isə bu orijinallığa sadəcə bir addım atmağa cəhd göstərə bilib. Romanın müəllifi olaraq Aqil Abbas deyir ki, onun əsərində heç kəs heç nə axtarmasın, bu, yazıçı təxəyyülündən başqa bir şey deyildir. Bu mənada mən də razıyam müəlliflə (təbii ki, ssenari də əsərin motivləri əsasındadır). Belə ki, Drakon təxəyyül, Pələng isə realdır. Çünki onun anasının obrazını hər birimiz reallıqda çox yaxşı tanıyırıq. O, şəhid balalarının qanına qanlı göz yaşlarını qovuşduran doğma analarımızın obrazıdır. Əməkdar artistimiz Gülzar Qurbanovanın ifasında o həm də müqəddəslik rəmzi kimi canlana bilib. Faciəvi lirikanın qaydalarına uyğun olaraq, lirika daha çox aktrisanın incə qamətində, zərif davranışında (məni bu filmi lirik faciəyə aid etməkdə qınayanlara deyim ki, bu obraz dərdli kənd qadınından daha çox Füzuli lirikasının obrazlarına bənzəyir) həzin nitqində öz əksini tapsa da, sifət və gözlərinin ifadəsində tamaşaçıya faciəni diktə edir.
Filmdəki digər obrazlar haqda da danışmaq olar. Ancaq onların heç birinin ölümü Drakon və Pələngin ölümü qədər təsir etmir. İcra başçısı (Xalq artisti Fuad Poladov) özünü güllələyəndə, pəncərəyə sıçrayan qan belə qəlbi ağrıtmır. Çünki yazıçının qeyd etdiyi kimi, belə obrazlar ancaq və ancaq yazıçı təxəyyülünün məhsuludur. O, müəllifin arzuladığı hakimiyyət nümayəndəsidir, realını isə xalq yaxşı tanıyır. Ümumiyyətlə, “Dolu” tamaşaçıya reallıqla təxəyyül arasında mövcud olan tapmacaları öz daxili süzgəcindən keçirərək cavablandırmağa imkan yaradan bir ekran əsəri kimi çox dəyərlidir. Filmin digər bir obrazının - Komandirin (Əməkdar artist Məmməd Səfa) fəryadı, tamaşaçını öz daxilinin real bir fəryadı kimi diksindirir. Filmin son kadrlarında doğma torpaqlarının sahibi kimi film qəhrəmanlarının sərhədi aşması isə təxəyyüldür; illər boyu reallaşmasını arzuladığımız təxəyyül. Belə kadrlarla “Dolu” məhz reallıqla təxəyyül arasındakı boşluğu xalqın-tamaşaçının tərəzi gözü ilə doldura bilib.
Deyilənə görə, müəlliflər filmi dünya ekranlarına çıxarmaq niyyətindədirlər. Şəxsən mən bunu mümkün sayıram; filmin yaradıcıları bu imkanı yaratmağa qadirdirlər. Film Azərbaycan haqda bir sıra həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün kifayət qədər materiala malikdir. Bunu filmin musiqisinə (bəstəkar, Xalq artisti Polad Bülbüloğlu) də ümumən şamil etmək olar. Ekranda Azərbaycanımız da çox gözəl və möhtəşəmdir. Operator (Nadir Mehdiyev) təbiəti çox müxtəlif rakurslardan elə ustalıqla canlandıra bilib ki, tək elə mənzərələr səf-səf düzülmüş ağaclarla möhtəşəm orduya bənzəyir. Operator “şiş ucları buludlarla döyüşən” diyarı canlandıra bilib.
“Dolu”da hamı müdafiə olunmaq üçün döyüşə qalxır. Bu mənada filmdə qəhrəman obrazları yetərincədir. Konkret bir qəhrəman yoxdur, Pələng də qəhrəmandır, Drakon da, Komandir də, müəllim də, milis rəisi də, ana da. Ancaq onlardan ən millisi, loru xalq ifadəsi ilə, nakam ömrün adını dəqiq ifadə edə bilən “mən qız görmədim” deyib gözlərini əbədilik yuman Pələngdir. Aktyor da özünün gözəgəlimliliyi, yaratdığı obrazı özününkü edə bilmək bacarığı ilə Pələngi tamaşaçıya özününkü, doğması elətdirə bilmişdir. Filmdəki digər qəhrəmanlar faciəmizi zahirən göstərə bilsələr də, Pələngin ölümü epizodu, işlətdiyi tək o bir kəlmə faciəmizin, sözün əsl mənasında, qəlbini açıb, bu dünyadan nakam gedənlərimizin ağısını oxuya bilib.
Qeyd edim ki, filmə iki dəfə baxmışam. Avqustun 2-si - Kino Günündəki təqdimatından sonra film ikinci gün nümayiş etdiriləndə tamaşaçıların əksəriyyəti “Dolu”nu yenidən görmək istəyənlər idi. Tamaşa dolu zala baxırdım, görüm, mənə təsir edən kadrlar əksəriyyət tərəfindən necə qavranılır. Yanımda bir balaca oğlan oturmuşdu atasıyla. Pələnglə Drakonun dalaşdığı epizodda uşaq atasından soruşdu: “Papa, onlar niyə dalaşırlar?” Diqqəti ekranda olan ata: “Bizimkilərdir, oğlum, bizimkilər”, - deyə dərindən bir ah çəkərək cavab verdi. Ancaq filmin son kadrında qəhrəmanlar “sərhədi” adlayıb irəliləyəndə də uşaq “Papa, onlar hara gedir?”, - deyə soruşanda, atası yenə də “Bizimkilərdir, oğlum, bizimkilər, düşmənlərdən torpağımızı almışıq”, - deyə cavab verəndə, uşaq “Hə”-deyə sevincək yerindən sıçrayaraq, elə bu andaca ayağa qalxıb alqışları ilə kino zalında ekrandakı qələbənin əks-sədasını yaradan tamaşaçılara qoşuldu. Ata da əl çalırdı, ancaq oğlundan fərqli olaraq onun gözləri yaşarmışdı. Mən də ağlayırdım, çünki ssenari müəllifinin geniş təxəyyülü filmin dar ekranında reallaşmışdı. Əlahəzrət Kino isə “bizimkilər” adlı unudulmuş kino terminini özümüzünkü edə bilmişdi.
Burada bir daha keçmişdən sitat gətirmək istərdim. Azərbaycanın görkəmli kino ustası Muxtar Dadaşov 1943-cü ilin yazında hələ gənc operator ikən faşistlərin Qafqazda müvəqqəti ağalıq etdikləri dövrdə törətdikləri vəhşiliklərin nişanələrini çəkərkən, o vaxt faşistlərin vəhşiliyinin təhqiqi ilə məşğul olan komissiyanın başçısı, rus yazıçısı Aleksey Tolstoy ona belə demişdi: “Çək, oğul, çək, vaxt keçəcək sənin səssiz kadrların dilə gələcək və faşizmə qarşı ittihama çevriləcəkdir”. Sonralar Nürenberq prosesində həmin kadrlar nümayiş etdirilmişdi. Bu mənada, bu gün müharibə vəziyyətində olan Azərbaycandakı həmin müharibəyə münasibətdə, bir daha qeyd edirəm ki, yazıçının qeyd etdiyi təxəyyül məhsulu olan “Dolu” romanının motivləri əsasında çəkilən “Dolu” filmində sözsüz kadrların olması çox vacib idi; Bizimkiləri daxildən görmək üçün, öz məhkəməmizdə faktları ayırd etmək üçün.
…
P.S. Bu yazını hissə qapılaraq yazdığım üçün “Dolu”nun digər yaradıcılarının (doğma oğlum da bu sıradadır) əməyini xüsusi qeyd edə bilmədimsə, üzrlü saysınlar. Bununla belə, “haqqınızı kinomuza halal edin” - deyərək bu böyük zəhmətlərinin dəyərləndiriləcəyinə əmin olduğumu bildirir və “Siz də bizimkilərsiz, Azərbaycan kinosunun cəngavərləri” - deyə onlara alqışlarımı çatdırıram.
Sədaqət Kamal