Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı dəyirmi masa keçirdi
   
   Sentyabrın 1-də “Nizami” Kino Mərkəzində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Gənc kinematoqrafçıların müasir kinematoqrafda rolu” mövzusunda dəyirmi masa keçirdi.
   
   Tədbirdə qurumun sədri Xalq artisti, Dövlət mükafatları laureatı, professor Şəfiqə Məmmədova və tanınmış kino mütəxəssisləri ittifaqa üzv olmuş gənclərlə onları narahat edən problemləri müzakirə etdilər.
   İttifaqa üzv olmuş gəncləri təbrik edən Ş.Məmmədova təşkilatın fəaliyyəti və görüləcək işlər haqqında danışdı. Qeyd olundu ki, qurumun əsas fəaliyyət sahələrindən birini gənc kinematoqrafçılarla iş təşkil edir, bu istiqamətdə müxtəlif layihələr nəzərdə tutulur. Gənclərin kino təhsili almasının diqqət mərkəzində saxlanılacağı, peşəkar və istedadlı kino mütəxəssisləri bir araya gətirməklə milli kinonun inkişafına təkan verməyin vacibliyi vurğulandı.
   Dəyirmi masada tədris mərkəzinin yaradılması, gənclər üçün kino mükafatının təsis olunması, “Bu meydan, bu ekran” müsabiqəsində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının iştirakı, “Yeni kino” kinoklu və gənclərə yardım fondunun yaradılması, müsabiqələrin keçirilməsi, “İpək Yolu” beynəlxalq kinofestivalın təsis olunması və s. məsələlər müzakirə olundu.
   Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev kinematoqrafın inkişafında gənclərin rolunun vacibliyini qeyd etdi: “Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı hazırda öz sıralarında gənc kinematoqrafçıları da birləşdirir. İttifaqımızın gənclər üzrə iş komissiyası yaradılır. Komissiyanın fəaliyyətinin bir çox sahələr üzrə aparılması nəzərdə tutulub. Gənc kinematoqrafçıların kinematoqrafik prosesə cəlb olunması ilə bağlı məsələlər gündəmə gələcək. Gənclərə qayğı göstərməliyik və onlara yardım etməliyik ki, inkişaf etsinlər. Onların yaradıcı işlərinə təkan verməliyik”.
   İttifaqın sıralarında hazırda 28 gənc kinematoqrafçının olduğunu deyən C.Quliyev bildirdi ki, idarə heyətinin qarşıdakı iclasında da bir qrup gəncin quruma qəbul olunması gözlənilir. Artıq bununla bağlı müraciətlər var və bu işə baxılır. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına yeni üzv olmuş gənclər də fikirlərini bildirdilər.
   Gənc rejissor Xəyyam Abdullayev yeni ittifaqın gənclərlə bağlı ümidverici işlər həyata keçirmək niyyətində olduğunu dedi: “Azərbaycan kinosunda öz bacarığını nümayiş etdirmək istəyən gənclər bu tədbirə toplaşıblar. İttifaq təsis olunduğu ilk günlərdən istedadlı gəncləri ətrafında toplamaqla onlara şərait yaradır. Biz də məmnuniyyətlə bu quruma üzv olduq. Bugünkü tədbirdə vacib məsələlər müzakirə olunur. Kinonun tədrisi ilə bağlı daha müasir biliklərin aşılanması məsələsi gündəmə gətirilir. Ümid edirəm növbəti illərdən ölkəmizdə böyük kino bayramını, kino festivalları qeyd edəcəyik”. “Azanfilm” studiyasının yeni direktoru, rejissor Fariz Əhmədov da qurumun yeni üzvləri sırasında idi: “Məni o sevindirir ki, digər ictimai təşkilatlardan fərqli olaraq, burada yaşlı və cavanlar arasında nəsil problemi aradan götürülür. Bu gün yaşlı və peşəkar mütəxəssislər kino sahəsində gənclərin problemlərini həll etmək fikri ilə çıxış edirlər. Bu da çox sevindiricidir. Gənclərin təhsil problemini həll etmək, onların ölkə hüdudlarından kənara çıxmasını təmin etməklə bir çox uğurlara nail ola bilərik”. 

   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar