Mübariz Tağıyevin yubiley axşamında sevilən mahnılar səsləndi
   
   Aprelin 25-də Heydər Əliyev Sarayında Xalq artisti Mübariz Tağıyevin 70 illiyinə həsr edilmiş geniş konsert proqramı təqdim olundu. 
   Mədəniyyət Nazirliyinin və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşan yubiley konsertində müğənninin sənət dostları, çoxsaylı pərəstişkarları onu təbrikə gəlmişdilər. 
   Tədbir başlamazdan əvvəl sarayın foyesində xalq artistləri - rejissor Oqtay Mirqasımov, bəstəkar Eldar Mansurov, müğənni Yalçın Rzazadə və başqaları jurnalistlərə müsahibələrində Mübariz Tağıyevi yubiley münasibətilə təbrik etdilər, ona sənət yolunda bundan sonra da böyük müvəffəqiyyətlər arzuladılar. Bildirdilər ki, sənətkarın xalq tərəfindən sevilməsinə əsas səbəb onun istedadı, məxməri səsi və səhnə mədəniyyəti olub. O, bu keyfiyyətləri ilə hər zaman dinləyicilərin diqqətini çəkə bilib. 
   Yubiley konsertində ilk olaraq səhnəyə səbəbkar özü çıxdı. Alqışlarla qarşılanan yubilyar qonaqları salamladıqdan sonra repertuarından sevilən mahnılardan ibarət nəğmə çələngi təqdim etdi.
   Daha sonra Azərbaycan estradasının tanınan simaları səhnəyə çıxaraq sənətkarı təbrik etdilər, ürək sözlərini ünvanladılar. Hər bir iştirakçının çıxışını yubilyar elan edərək onlarla tanışlığı, yaradıcılıq əlaqələri ilə bağlı fikirlərini tamaşaçılarla bölüşdü. Konsert boyu televiziyanın arxivindən Mübariz Tağıyevin həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi də maraqla qarşılandı. 
   Gecədə xalq artistləri Flora Kərimova, Yalçın Rzazadə, Samir Cəfərov, Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Tünzalə Ağayeva, Manana, Sevda Ələkbərzadə, Teymur Əmrah, Əməkdar incəsənət xadimi Cavan Zeynallı, müğənnilər Samirə Allahverdiyeva, Eldar Qasımov, İlqar Xəyal, Fuad Musayev, Səbinə Babayeva, Emiliya Yaqubova, Abbas Əhməd, Azad Şabanov, Ülkər Əliyeva, Çingiz Mustafayev, Cahangir Qurbanov, Musa Abdullayev, “Qaya”, “Rast”, “Cəngi”, “Savab” qrupları, “Sevil” ansamblı və Estrada-simfonik orkestrinin (bədii rəhbər Salman Qəmbərov) bir-birindən parlaq ifaları təqdim olundu. 
   Retro və yeni mahnıların yer aldığı yubiley proqramı tamaşaçılara əsl sənət ovqatı bəxş etdi. 
   
   Lalə Azəri