Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə aprelin 20-də Mingəçevir Dövlət Rəsm Qalereyasında "Məsum simalar" adlı sərgi açılıb. 
   Sərginin əsas mövzusu uşaq dünyası, uşaqlara sevgi və qayğıdır. Azərbaycan rəssamları zaman-zaman uşaq mövzusuna müraciət edərək təsviri sənətin müxtəlif sahələrində bu səpkidə əsərlər işləyiblər. Tədbirin əlamətdar cəhətlərindən biri də budur ki, layihə Azərbaycan Respublikası mədəniyyət nazirinin bölgələrdə keçirdiyi səyyar qəbullarda vətəndaşlar tərəfindən irəli sürülən təşəbbüslərin dəstəklənməsi məqsədilə həyata keçirilir.
   Sərgidə bir çox gənc və tanınmış rəssamın məişət və portret janrında olan qrafika və rəngkarlıq əsərləri yer alıb. Bu sırada Əli Şəmsinin “Mələk”, Eldar Babazadənin “Qız və nar”, Ruslan Rüstəmovun “Qız”, Rəşad Cabbarlının “Düşüncə”, Xanlar Əsədullayevin “Təəssürat”, Natiq Fərəcullazadənin “Güzgü arxasında”, Namiq İsmayılovun “Tutuquşular”, Vüqar Muradovun ”Bulvar”, Aydın Əsgərovun “Dəcəl qız” və s. rəssamların əsərlərini qeyd edə bilərik. 
   Elçin Bünyadovun kətan üzərində yağlı boya texnikası ilə işlədiyi “Qız” əsəri tünd və açıq rənglərin kontrastını, həmin rəng qammasının ətrafında tamaşaya boylanan qızın incə, nəcib obrazını görürük. Eldar Babazadənin “Abşeron motivi” əsərində təsvir etdiyi elementlər simvolik məna daşısa da, kompozisiyanın mərkəzində dayanan qız obrazın təsvirini tamamlayır. Natiq Fərəcullazadə “Gəzinti” əsərində mavi, sarı, qəhvəyi, qırmızı, yaşıl tonların rəng çalarlarından istifadə edib. Tabloda gəzintiyə çıxan iki qızın təsviri arxa planda verilib. Əli Şəmsinin “Mələk” əsərində təsvir etdiyi obrazın siması onun məsumluğu ilə seçilir. Tabloda gərgin rəng koloriti əhatəsində kompozisiyanın mərkəzində daş oturacaqda əyləşmiş qanadlı mələk təsvir edilib. Rəssam ustalıqla təsvir etdiyi obrazın qanadları sanki olduğu məkanı işıqlandırır və arxa fondakı qapıdan gələcəyə qanadlanacaq kimi təəssürat yaradır. 
   Elçin Bünyatovun “Qız” əsərində məsumluğu ilə diqqətçəkən balaca uşaq təsvir edilib. Rəssamın əsərdə seçdiyi rəng koloriti təsvir edilən obrazın emosionallığını artırır, uşaq simasının təmizliyini qabardır. 
   Xanlar Əsədullayev “Təəssürat” əsərində mərkəzi baxış bucağından istifadə edib. Rəssamın sakit tonlardan istifadəsi və 2 qızın təsviri, onların stul arxasında tamaşaçıya baxan simaları əsərə dinamiklik qazandırıb. Əsərdə yay ayları təsvir edilib və günəş şüaları burada əsas işıqlanma mənbəyi hesab olunur.
   "Məsum simalar" sərgisində nümayiş olunan əsərlər mingəçevirli sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
   
   Həmidə Süleymanova 
   Azərbaycan Dövlət 
   Rəsm Qalereyasının əməkdaşı