Çoxseriyalı bədii televiziya filminin çəkilişləri yekunlaşır
   
   Epizod 72, kadr 1, dubl 1... Çəkiliş meydançasına çatanda eşitdiyimiz bu sözlər qızğın iş prosesinin getməsindən xəbər verirdi.
   
   Rejissor, aktyorlar, işıqçılar, operator, qrim ustaları, geyim rəssamı, dekorator - bir sözlə, meydançada olan hər kəs iş başındadır. İsti havada qış səhnələri çəkilirdi. Diqqətimizi də bu çəkdi. Şarf və papaqlı, paltolu, plaşlı aktyorları görcək onlar üçün işləməyin ikiqat çətin olduğunu dərhal anlamaq olur.
   Budur, yenə kimsə mətnini unutdu... Rejissor isə həmişəki kimi səbirli olmağa çalışır. Bütün bu əziyyət isə tamaşaçı üçündür. Öz seriallarımıza baxaq, öz qəhrəmanlarımızı yaradaq.
   İctimai Televiziyanın “Carçıfilm” studiyasının lentə aldığı “Döngələr” çoxseriyalı bədii televiziya filminin çəkilişləri yekunlaşmaq üzrədir. Rejissor Cavid Təvəkkül filmin bir hissəsinin 2011-ci ildə çəkildiyini və çəkilişlərin bu il davam etdiyini bildirdi: “Döngələr” 13-14 hissədən ibarət çoxseriyalı bədii televiziya filmidir. Hadisələr 1989-92-ci illəri əhatə edir. O illər ölkəmiz üçün qarışıq dövr idi. Lakin filmdə bu məsələlərə toxunulmur. Ekran əsərinin klassik dramaturgiyası var. Hadisələr Azərbaycanın bölgələrinin birində, əyalətdə cərəyan edir. Qəhrəmanımız əyalətin raykom katibidir (aktyor Eldəniz Rəsulov). Film onun həyatından bəhs edir. Qəhrəmanımız namusla xalqına xidmət edir. Mənfi obraz isə dələduzluqla məşğul olan bir qruplaşmanın üzvüdür (aktyor Abbas Qəhrəmanov). Filmdə ailə dramı, sevgi, kriminal, çoxseriyalı filmlərə xas geniş xəttər var. Çalışmışıq ki, tamaşaçını maraqlandıraq. Film boyu xeyirlə şər mübarizə aparır və sonda xeyir qələbə çalır”.
   Çəkilişlər Qubada, Bakıda, İsmayıllının İvanovka kəndində, Türkiyə və Belarusda aparılıb. Rejissor öncə birseriyalı bədii filmin çəkilməsinin nəzərdə tutulduğunu bildirdi: “Lakin sonra bir qədər genişləndirdik. Buna baxmayaraq, bədiiliyə, kino formatına müəyyən mənada riayət etmişik. Türkiyə, Rusiya telekanallarında bu cür böyük formatlı layihələr həyata keçirilir. Artıq biz də bu cür layihələrə imza atmağa başlayırıq”.
   Filmin çəkilişinə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının da köməklik göstərdiyini qeyd edən C.Təvəkkül böyük qrupla birgə çalışdıqlarını bildirdi. Onun sözlərinə görə, serialdan əlavə, çəkilmiş material əsasında “Döngələr” adlı tammetrajlı bədii film də ərsəyə gələcək.
   Filmdə mənfi qəhrəmanı canlandıran Əməkdar artist Abbas Qəhrəmanov obraz haqqında məlumat verdi: “Öz mənafeyni güdən, hər kəsdən üstün olmaq arzusu ilə alışıb-yanan və vəzifəyə sahiblənmək üçün hər şeyə hazır olan birisidir. Ona elə gəlir ki, qabiliyyəti düzgün qiymətləndirilməyib, o çoxundan üstündür, ona görə də fürsət düşən kimi istifadə edir. Onun üçün hər hansı dəyər, müqəddəslik anlamı yoxdur. Bu rolu oynamaq elə də çətin olmadı. Digər tərəfdən, rejissorla işləmək mənə olduqca rahatdır. Bir-birimizi yaxşı başa düşürük. Ümid edirəm tamaşaçı da filmi bəyənəcək”.
   Aktyor Rasim Cəfər nadir hallarda mənfi qəhrəmanı oynadığını bildirdi: “Döngələr”dəki qəhrəmanım bir qruplaşmanın tapşırıqlarını yerinə yetirir. Zamanı gələndə isə hər şeyi qoyub qaçır. Baxmayaraq ki, kriminal qruplaşmanın tapşırıqları ilə oturub-durur, dediklərini edir, onun üçün öz mənafeyi daha üstündür. Amma məğlubiyyət ondan da yan keçmir. Filmdəki hadisələrin baş verdiyi illər mənim üçün uzaq keçmiş deyil, yaşadığım bir dönəmdir. Ona görə də çalışmışam ki, dövrün portretini canlandırım. Tərəf-müqabilim Abbas Qəhrəmanovla oynamaq mənim üçün maraqlı və zövqverici idi”.
   Çəkiliş meydançasında olmasa da, sonradan filmin ssenari müəlliflərindən biri Rafiq Səməndərlə görüşüb onun da fikirlərini öyrəndik: “Filmin əsas devizi odur ki, yaxşı insan istənilən situasiyada, bütün zamanlarda yaxşıdır. Raykom katibinin simasında yaxşı insanların obrazı yaradılıb. Burada ailə dramı, satqınlıq, yaxşılıq, bir məktəbdə baş verən obrazlar, Qarabağ hadisələri, 37-ci illərin xatırlamaları yer alır. Düşünürəm ki, gənclər üçün həm də maarifləndirici film olacaq. Yaradıcı heyətin əməyini xüsusən qeyd etmək istərdim və filmin baş prodüseri Faiq Güləhmədova minnətdarlığımı bildirirəm”.
   Filmin ssenari müəllifləri İsmayıl Ömərov, Rafiq Səməndər, quruluşçu rejissor Cavid Təvəkkül, operator Emin Rəhimov, rəssamlar Rövşən Mehdiyev, İbrahim Əminov, geyim üzrə rəssam Məlahət Qafarzadə, qrim ustası Eldar İsrafilov, səs rejissoru Samir Zahidov, bəstəkar Ayaz Qəmbərli, montajçı Elşad Rasimoğludur. Rollarda Xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Eldəniz Rəsulov, Abbas Qəhrəmanov, Qurban İsmayılov, Yuri Baliyev, aktyorlar Rasim Cəfər, Qorqud Cəfərli, Sovqat Səmədova, Şahin Nəsirov və başqaları çəkiliblər. Filmin bu ay teleekrana çıxması gözlənilir.

   Reyhan İsayeva 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar