Mayın 1-də Gəncliyə Yardım Fondunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 və ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Çiçəklənən Azərbaycan” adlı sərgi açılıb.
Azərbaycan Rəssamlar İttifaqı, Gəncliyə Yardım Fondu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə keçirilən sərginin layihə rəhbəri gənc rəssam Elnurə İsgəndərovadır. Sərgidə müxtəlif yaş qruplarına mənsub rəssamların və dekorativ sənət ustalarının əsərləri nümayiş olunub.
Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecin, Xalq rəssamı Arif Hüseynov, ictimai birliyin sədri Emin Həsənli və başqaları çıxış edərək bildiriblər ki, müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından tariximizin şanlı səhifəsidir. Natiqlər müstəqil Azərbaycan Respublikasının AXC-nin varisi olduğunu bildirərək ölkəmizin, Xalq Cümhuriyyətinin təməlini qoyduğu ənənələrə sadiq qalaraq, həmin dəyərləri hazırkı dövrdə də yaşatdığını qeyd ediblər.
Sonra iştirakçılar sərgi ilə tanış olublar. Ekspozisiyada təsviri və tətbiqi sənətin bütün nominasiyaları üzrə 200-dən çox rəssamın 150-yə qədər əl işi yer alıb.