UNESCO-nun Dünya irs siyahısında mindən çox abidə qeydiyyatdadır
   
   1945-ci ildə II Dünya müharibəsi başa çatdıqdan sonra BMT ilə yanaşı onun elm, təhsil və mədəniyyət üzrə xüsusi qurumu - UNESCO (United Nations Educational, Scientific and Cultural Organization) yaradılıb. Qurumun nizamnaməsi həmin il London konfransında qəbul olunub. Təşkilatın əsas məqsədi bu sahələrdə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə nail olmaqdır.
   Dünya irs siyahısı - UNESCO-nun Dünya İrs Komitəsi tərəfindən təyin olunmuş və yerləşdikləri ölkələrin dövlət orqanları tərəfindən qorunmasına zəmanət verilmiş, bəşəriyyət üçün əhəmiyyətli bir dəyər daşıdığı qəbul edilən təbii və mədəni abidələrin siyahısıdır. Məlumdur ki, XX əsrdə iki dünya müharibəsinin baş verməsi böyük tələfat, dağıntı, tarix və mədəni irsin məhv edilməsi ilə yadda qalıb. Şəhərləşmənin sürətlənməsi də mədəni və təbii sahələrə böyük ziyan vurmağa başlayır. Xüsusilə 1960-cı ildə Afrikanın Yuxarı Nil bölgəsində inşa edilməsi nəzərdə tutulan su anbarının Abu Simbel məbədini məhv olma təhlükəsi ilə üz-üzə qoyması beynəlxalq birlik tərəfindən etirazla qarşılanır. Bütün bu proseslər “Dünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiya”nın qəbul olunmasını zərurətə çevirir.
   Dünya irs siyahısının yaradılmasında məqsəd bütün insanlara məxsus olan dəyərlərin qorunmasında beynəlxalq əməkdaşlığı həyata keçirmək idi. 1972-ci ildə UNESCO bununla bağlı 38 maddədən ibarət qətnamə qəbul etdi. Qətnamədə dünya irsinin hər kəs tərəfindən qorunmalı olduğu qeyd edilirdi. 
   Dünya irs siyahısına ilk olaraq 1978-ci ildə 12 irs nümunəsi daxil edilib. Hazırda bu siyahıda dünya miqyasında qeydiyyatdan keçmiş 1073 mədəni və təbii abidə var. Bunlardan 832-si mədəni, 206-sı təbii, 35-i isə mədəni və təbii abidədir.
   Ölkəmizin UNESCO ilə əməkdaşlığı 1992-ci ildən başlanıb. 2000-ci ildə İçərişəhər Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə, 2007-ci ildə Qobustan qayaüstü rəsmləri UNESCO-nun Dünya irs siyahısına daxil edilib. 
   Azərbaycan Dünya irs siyahısına daxil edilməyə layiq olan tarix-mədəniyyət abidələri ilə zəngindir. Bu istiqamətdə müvafiq işlər, o cümlədən Şəki şəhərinin tarixi hissəsinin UNESCO siyahısına salınması ilə bağlı işlər davam etdirilir. 
   
   Fariz Hüseynov