“Təbəssüm” və “Xarı bülbül” vətənə mükafatlarla qayıdıblar
   
   Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi nailiyyətlərinin sırasına daha birini əlavə edib. Əminə Musayevanın rəhbərlik etdiyi mərkəz 7 ildən çoxdur fəaliyyət göstərir. Mərkəzin paytaxtda üç filialı var. Burada gəmi və raket modelçiliyi, bədii qiraət, rəqs və sair dərnəklərə cəlb olunmuş yüzlərlə uşaqda xüsusi qabiliyyət və bacarıqların formalaşması üçün qayğıkeş pedaqoji kollektiv çalışır.    
   Mərkəzdə peşəkar rəqqaslar Cabir Rzayev və Əli Əlicavadovun məşğul olduğu “Təbəssüm" uşaq musiqili teatrı və "Xarı bülbül" rəqs ansamblı müxtəlif ölkələrdə keçirilən tədbirlərdə Azərbaycanı uğurla təmsil edir.
   Bu günlərdə hər iki kollektiv Tbilisidə məşhur gürcü baletmeysteri, SSRİ Xalq artisti Vaxtanq Cabukianinin xatirəsinə həsr olunmuş V festival-müsabiqəyə və Türkiyənin Bursa şəhərində TRT-nin 23 aprel - Milli suverenlik və uşaq bayramı münasibətilə keçirilən festivala qatılıb. Hər iki tədbirdə inamla çıxış edən “Təbəssüm” və “Xarı bülbül” vətənə mükafatlar - laureat adı və qızıl kubokla qayıdıblar.
   Müəllimlərin və valideynlərin ən böyük mükafatı isə bu qalibiyyətin onların körpə ürəklərinə bəxş elədiyi sevinc, fərəh, məmnunluq duyğularıdır.