XIX əsrdən başlayaraq Şərq ölkələrinin arxeoloji və memarlıq abidələrinin tədqiqində Avropa alimlərinin rolu artıb. Ekspedisiyalar təşkil olunub, arxeoloji qazıntılar aparılıb, arxeoloji kəşflər edilib. Lakin bu işlər eyni zamanda Şərq xalqlarının mədəni irsinin qarət olunması, mədəni sərvətlərin Avropa muzeylərinə daşınması ilə müşayiət olunub.
   Azərbaycan həmin prosesdən kənarda qalmayıb. Arxeoloji tədqiqatlar nəticəsində əldə olunan maddi-mədəniyyət nümunələri ölkə ərazisindən kənara daşınırdı. Bəzi əcnəbi müəlliflər isə Azərbaycanın səciyyəvi orta əsr arxeoloji abidələrinin özgəninkiləşdirməyə cəhdlər edirdilər. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə bunun qarşısının alınması üçün ilk cəhdlər göstərildi.
   AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Tarix Dostiyev bu barədə qələmə aldığı məqalədə Cümhuriyyətin mədəni quruculuğunda mədəni irsin qorunması və tədqiqindən söz açır.
   Alim qeyd edir ki, 1918-ci ildə Azərbaycanın müxtəlif tipli arxeoloji abidələrini öyrənmək, xalqın mədəni sərvətinin talan edilib xaricə aparılmasının qarşısını almaq məqsədilə Bakıda Arxeologiya Cəmiyyəti təşkil olunmuşdu. Lakin xalqımızın mədəni irsinin xarici ölkələrə daşınması davam edirdi. 1919-cu il noyabrın 20-də “Azərbaycan” qəzeti bu barədə yazırdı: “Avropa missionerləri və tacirləri Azərbaycanın şəhər və kəndlərini dolaşaraq əhalidən yazıçı və şairlərin əlyazmalarını, çini qabları, qızıl əşyalarını, qədim paltarları və digər əşyaları dəyər-dəyməzə alırdılar”.
   1919-cu ildə Azərbaycanın tarixi irsini toplamaq və qorumaq üçün yerli diyarşünaslar və şərqşünaslar Şərqin arxeologiyası və tarixinin həvəskarları dərnəyini təşkil etdilər. Həmin ilin dekabrında dərnək üzvləri yeni açılan Bakı Dövlət Universiteti nəzdində “Müsəlman Şərqini öyrənən cəmiyyət” yaratdılar. Müsəlman xalqlarının tarix və mədəniyyətinin öyrənilməsini qarşısına məqsəd qoymuş cəmiyyət Azərbaycan, Türkiyə, İran və Türküstanın tarixi, arxeologiyası, etnoqrafiyası və linqvistikasının problemlərinin araşdırmasına xüsusi əhəmiyyət verirdi. Cəmiyyətin gördüyü işlərdə C.Rəfibəyli, şərqşünas L.A.Zimin, Qafqaz Tarix-Arxeologiya İnstitutunun üzvü Ş.A.Belyayev, Şərq arxeologiyası üzrə numizmat Y.A.Paxomov, A.Sübhanverdixanov, general-leytenant M.B.Sulkeviç fəallıq göstərirdilər. Elmi işlərə L.A.Zimin rəhbərlik edirdi. 
   Tarix Dostiyev bildirir ki, cəmiyyətin iclasında L.A.Ziminin “Azərbaycanın arxeoloji, etnoqrafik və linqvistik cəhətdən tədqiqi üzrə suallar tətbiq etmək haqqında” məruzəsi müzakirə olunub. Toplantıda Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant M.B.Sulkeviç Bakı xan sarayının mühafizəsi üçün tədbirlər görmək məqsədilə təşkil edilmiş komissiyanın fəaliyyəti haqqında məlumat verir. Həmin komissiyanın tərkibinə general-leytenant M.B.Sulkeviç, S.A.Belyayev və memar İsmayıl bəy Nəbioğlu daxil idi. 
   Cümhuriyyət dövründə İçərişəhərdəki Şirvanşahlar saray kompleksinin mühafizəsi və tədqiqi üzrə tədbirlərdə Zivər bəy Əhmədbəyov, memar-texnik İsmayıl bəy Nəbioğlu Qacar, mühəndis Məmməd Həsən Hacınski və Hacı bəy Axundov fəal iştirak edirdilər. 1918-ci ilin axırlarında memar-texnik İsmayıl bəy Nəbioğlunun Şirvanşahlar sarayı ölçmə işləri apararkən çəkdiyi çertyojlar səviyyəsinə görə hətta akademik A.M.Pavlinovun çəkdiyi çertyojlardan da üstün idi. O, 1920-ci ilin əvvəllərində “Müsəlman Şərqini öyrənən cəmiyyət”in iclaslarında bu barədə məruzələr edib.
   “Müsəlman Şərqini öyrənən cəmiyyət” 1920-ci ilin yayında aparılan elmi-tədqiqat işləri üçün 102.625 rubl kredit ayrılması barədə Maarif Nazirliyinə müraciət edib. Müraciətdə Şabran şəhərinin xarabalıqlarının axtarılması, dahi Azərbaycan şairi Nizami Gəncəvinin qəbirüstü abidəsinin tədqiqi və Bakı ətrafındakı tarixi abidələrin öyrənilməsi ön plana çəkilib. Nəzərdə tutulan tədbirlər sırasında Gəncə şəhərində Nizami Gəncəviyə məqbərə, Bakıda isə müasir üslubda abidə ucaldılması da öz əksini tapmışdı. 
   Xalqımızın mədəni irsinin toplanılması, qorunması, tədqiqi və təbliği istiqamətində mühüm hadisələrdən biri də 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin binasında İstiqlal Muzeyinin təşkili idi. “Azərbaycan” qəzeti əhalinin tarixi və etnoqrafik dəyərə malik materialları muzeyə təhvil verməsindən bəhs edərək 1919-cu il 9 dekabr nömrəsində yazırdı: “Tezliklə tarixi və etnoqrafik dəyərlərə malik əşyaların əhali tərəfindən muzeyə verilməsinə başlanıldı. Bu eksponatlar respublikanın müxtəlif guşələrindən gətirilir”.
   İstiqlal Muzeyinin təsisçilərindən Məhəmməd Ağayevin 1920-ci ilin yanvarında Maarif Nazirliyinə təqdim etdiyi layihədə nazirliyin nəzdində arxeologiya şöbəsinin təşkili təklif edilirdi. 
   Üç aydan sonra Cümhuriyyət süqut etdi və başlanan bütün işlər yarımçıq qaldı...