Muzeylər tarixin izlərini özündə yaşadan, qoruyub saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinələrdir. Necə deyərlər, onlar bizim keçmişi öyrənərək bu günü anlamamıza və gələcəyə işıq tutmağımıza yardımçı olurlar. Bu mənada Türk-İslam mədəniyyəti tarixində vəqf muzeylərinin böyük rolu var.
Bu muzeylər tarixi Səlcuqlara gedib çıxan vəqflərin mədəniyyətini tanımaq, keçmiş ilə bu gün və gələcək arasında körpü qurmaq üçün qurulub. Vəqf bir adamın öz istək və iradəsi ilə xeyriyyə və ya dini məqsədlə bağışlanan mal-mülküdür. Məsələn, zaman-zaman məscidlərə ibadət zamanı istifadə edilən xalı, kilim, şamdan kimi əşyalar bağışlanıb. Üzərindən yüz illər keçdiyinə görə onlar artıq tarixi əsər xüsusiyyəti qazanıblar.
Türkiyədə bu əşyaları bir arada toplayan, təmir-bərpa edən, muzeylər açan və onları muzeylərdə sərgiləyərək xalqa göstərən qurum Vəqflər Baş Müdiriyyəti adlanır. Qurum son illərdə fəaliyyətini genişləndirərək vəqf əsərlərini gələcək nəsillərə tanıtmaq üçün muzeylər açmağa davam etməkdədir.
Belə məkanlardan biri də Ankara Vəqf Əsərləri Muzeyidir. Burada təmir-bərpa işləri yenicə başa çatıb. Muzey binası 1927-ci ildə tikilib. 1941-ci ilədək Hüquq məktəbinin binası olub. Müxtəlif idarələrə ev sahibliyi edən bu bina, nəhayət, 2006-cı ildə təmir edilərək Ankara Vəqf Əsərləri Muzeyi olaraq fəaliyyətə başlayıb. İlk ziyarətçilərini 2007-ci ildə qarşılayıb. Xalı, kilim, ağac, mina, çini, dəri məmulatları və əlyazmaların sərgiləndiyi muzeydə həm ənənəvi, həm də müasir sərgi salonları var. Bura eyni zamanda yeni açılan muzeylər arasında mərkəzi muzey rolu oynamaqdadır. Gələn ziyarətçilərə daha yaxşı şərait yaratmaqdan ötrü binanın arxa hissəsində, bağçada kafe də fəaliyyət göstərir.
Muzeyin müdiri Orhan Kaymakın sözlərinə görə, Türkiyə Vəqfləri Baş Müdiriyyəti illərdir ki, depolarda Türkiyənin bütün bölgələrindən toplanmış xalça və kilim nümunələri, şamdanlar, Quran kitabları, vəqf sənədləri, saatlar, çini qablar və s. mühafizə edib. Çox illər əvvəl bir sıra əşyalar ölkədən kənara qaçırılsa da, sonradan bir qismi geri qaytarılıb.
Birinci mərtəbədə XIII-XIX əsrlərə aid türk xalça sənətinin seçilmiş nümunələri sərgilənir. Salonun maraqlı hissəsi xalçaçılığın kompleks şəkildə təqdimatıdır. Xalçalarla birlikdə xalça toxunmasında istifadə olunan əşyaların - kirkit, yun darağı, qayçının birlikdə sərgilənməsi daha canlı və maraqlı görünür.
İkinci mərtəbədəki salonda taxta sənəti nümunələri və kilim nümunələri nümayiş olunur. Ankara Ahi Elvan Məscidinə aid olan taxta pəncərə tayları muzeyin taxta kolleksiyasında önəmli yer tutur.
Daha bir salonda tematik olaraq padşah vəqfiyyələri və Quran kitabları nümayiş olunur. Burada həmçinin xəttatlıq, təsbeh və cildləmə sənətlərinin ən gözəl nümunələri təqdim olunur. Bu salonda Sultan II Əbdülməcidə (Osmanlının sonuncu sultanı) aid xəttatlıq lövhələri yer almaqdadır.
Dördüncü salonda fərqli bölgələrə aid fərqli ölçülərdə türk kilim sənəti nümunələri və düz toxuma yaylıqlar sərgilənməkdədir. Çini qablardan ibarət vitrində bir-birindən dəyərli əl işlərini görmək olur. Bunlar İznik və Kütahya çiniləridir.
Zamanın görünən üzü, qədim saatlara baxmaq üçün beşinci salona getmək lazım gəlir. Memar Kəmaləddinin iki rəsmi də bu otaqda sərgilənir.
Müdirin sözlərinə görə, Ankara Vəqf Əsərləri Muzeyi təkcə qədim əsərləri qorumaq və sərgiləməklə kifayətlənmir. Həmçinin muzey işi ilə bağlı kurs və seminarlar təşkil olunur: “Aidiyyəti qurumlarla əməkdaşlıq edirik, müxtəlif tədbirlər və təhsil fəaliyyətləri həyata keçiririk. Missiyamız vəqf mədəniyyətini dünya ilə paylaşmaq və paytaxtda müasir mədəniyyət mərkəzi olmaqdır”.
Mehparə Sultanova
Ankara