Türk ədəbiyyatında ilk dəfə fransız dilində yazan İbrahim Şinasi yaradıcılığında folklora da geniş yer ayırıb
XIX əsrin birinci yarısında Osmanlı dövlətinin mədəni həyatında oyanış özünü göstərirdi. Avropa dəyərləri ilə tanış olmağa başlayan türk ədibləri yeni ruhlu əsərlər qələmə alırdılar. Tanınmış şair, tərcüməçi, publisist İbrahim Şinasi də bu mərhələdə Türkiyənin mətbuat və ədəbiyyat həyatına yeniliklər gətirən ziyalılardan idi.
İbrahim Mehmet ağa oğlu Şinasi 1824-cü ildə İstanbulda dünyaya göz açıb. Atası 1828-ci ildə rus-türk müharibəsində həlak olur. Anası onun təhsilinə qayğı ilə yanaşır. İbrahim şəhərin Topxana məhəlləsindəki məktəbdə təhsilini başa vurduqdan sonra atasının dostlarının köməyi ilə dövlət dəftərxanasında (Tophane Kalemi) işə düzəlir. Burada çalışanların əksəriyyəti fransız dilini bilən, eləcə də fransız əsilli məmurlar idi. İbrahim yüksək rütbəli dövlət və mədəniyyət adamları ilə dostluq edir, onlardan çox şey öyrənir. Eyni zamanda fransız dili və ədəbiyyatını öyrənməyə cəhd göstərir. Burada çalışan bir fransız zabit (müsyö Chateauneuf sonralar müsəlmanlığı qəbul edir və Türkiyədə Rəşad bəy adı ilə tanınır) ona fransız dilini öyrədir.
Araşdırmalarda göstərilir ki, İbrahim Şinasi 1849-cu ildə fransız dilini və mədəniyyətini dərindən öyrənmək üçün Parisə gedir. Bu işdə Osmanlı vəziri Rəşid paşa köməklik edir. Onu da qeyd edək ki, İ.Şinasi Osmanlı imperiyasının Fransaya təhsil almağa göndərdiyi ilk tələbələrdəndir. Təxminən beş il Fransada qalan İ.Şinasi sonralar maliyyə işlərini də öyrənmək üçün İstanbuldan rəsmi göstəriş alır. Fransada təhsil almaqla yanaşı, Maliyyə Nazirliyində də çalışır. 1854-cü ildə Türkiyəyə qayıdır, müxtəlif dövlət qurumlarında işləyir.
Bu dövrdə o, yeni üslubda yazdığı bədii əsərlərini çap etdirir. 1859-cu ildə fransızcadan tərcümə etdiyi mənzum əsərlərdən ibarət toplu işıq üzü görür. Bu əsərlər onun Avropa ədəbiyyatına doğru ilk addımı hesab olunur.
İ.Şinasi ilk yeni türk qəzeti olan “Tərcümani-əhval”da məqalələr dərc etdirir. Sonra bu qəzetlə əlaqəsini kəsir, özü “Təsviri-əfkar” (1862) adlı qəzet buraxır. Qəzetdə İstanbulun böyük problemlərinə toxunur. Ancaq müəyyən səbəblər üzündən qəzeti görkəmli ədib Namiq Kamala təhvil verir. O, 1864-cü ildə yenidən Parisə gedir. Orada böyük türk lüğəti hazırlamaqla məşğul olur.
Sultan Əbdüləziz 1867-ci ildə Parisə gedir. Onunla Parisə gələn Fuad paşa İ.Şinasi ilə görüşür. Paşa onu Türkiyəyə geri dönməyə razı salır. O, Türkiyəyə qayıtsa da, təkrar olaraq yenidən Parisə dönür...
İ.Şinasi vaxtilə taleyində mühüm rol oynamış Rəşid paşaya böyük rəğbət bəsləyib. Yaradıcılığında ona xüsusi yer ayırıb. Şair bir qəsidəsində Rəşid paşanı maarifpərvər kimi qiymətləndirir, onu xalqının səadət payı hesab edir.
Şinasi orijinal üsluba malik sənətkar olub. Onun 1859-cu ildə qələmə aldığı “Şairin evlənməsi” birpərdəli komediyası Avropa sənət meyarlarına uyğun yazılan ilk səhnə əsəri hesab olunur. Mövzusu adi həyatdan alınan əsərdə məişət problemləri diqqət mərkəzində saxlanılır.
Türk ədəbiyyatında ilk dəfə fransız dilində yazan sənətkar da o hesab edilir. Yaradıcılığında folklora böyük yer ayıran müəllif Osmanlı atalar sözlərindən ibarət bir kitab da tərtib edib. Kitabda türk şifahi xalq yaradıcılığı nümunələrinin zənginlikləri əksini tapıb.
Yaradıcı fəaliyyətində tərcüməyə də yer ayıran İ.Şinasi türkiyəli müəlliflərin şeirlərini fransızcaya tərcümə edib. Eyni zamanda Rasin, Lamartin, Lafonten kimi tanınmış fransız ədiblərinin əsərlərini türkcəyə çevirib. Bununla o, Avropa şeirinin Türkiyəyə gəlişini sürətləndirib. İbrahim Şinasi 1871-ci ildə vəfat edib.
Savalan Fərəcov