Milli İncəsənət Muzeyində növbəti tədbir məşhur yapon rəssamına həsr ediləcək
Mayın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli yapon rəssamı və qravüraçısı Katsuşika Hokusayın (1760-1849) yaradıcılığına həsr edilmiş tədbir keçiriləcək.
“Dünya incəsənətinin manqa sənətkarı: Hokusayın yaradıcılıq yolu” adlı tədbirin kuratoru “Artlogos” klubunun spikeri Rüstəm Hüseynovdur.
Hokusayın əsərlərinin motiv və texniki üsulları, gərgin və əyri xətləri dövrünün bir sıra rəssamlarının yaradıcılığı üçün xarakterik xüsusiyyətə çevrilir. Hokusay qravürlərinin tematikası Vinsent van Qoqdan Pyer Ogüst Renuara qədər bir çox avropalı rəssamların yaradıcılığında mövcuddur. Onun bir çox əsərləri ayrı-ayrılıqda yalnız özünəməxsus bədii xarakteristikası və dünya incəsənətinə təsiri ilə deyil, eləcə də Yaponiya mədəniyyətini və incəsənətini özündə əks etdirən məxəz kimi də dəyərlidir. Məsələn, “Hokusay manqa” (yaponcadan hərfi tərcümədə “Hokusayın rəsmləri”) nəinki rəssamın yaradıcı fəlsəfəsini özündə əks etdirir, həmçinin bu rəsmlər “yapon xalqının ensiklopediyası” hesab olunur.
Sərgiyə giriş sərbəstdir.