Fransada Adilə Əliyeva adına növbəti pianoçular müsabiqəsi başlanır
   
   Mayın 14-də Fransanın Anmas (Annemasse) şəhərində Adilə Əliyeva adına pianoçuların XII Beynəlxalq müsabiqəsi başlayacaq. Müsabiqənin rəhbəri, soydaşımız, dünya şöhrətli pianoçu və pedaqoq, Fransa Ali Musiqi Akademiyasının direktoru Adilə Əliyeva qəzetimizə eksklüziv açıqlamasında bildirib ki, budəfəki sənət yarışması Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. 
   Fransa hökumətinin dəstəyi ilə keçirilən müsabiqədə digər yenilik isə 22-35 yaşlı peşəkarlar və 14-21 yaşlı gənc ifaçılar ilə yanaşı, 6-13 yaşlı şagirdlərə də kiçik yaş qrupunda sənət yarışına qoşulmaq imkanının yaradılmasıdır. Müsabiqənin Qran-pri mükafatının məbləği 15 min avrodur. 
   Yarış turlarının Fransanın Anmas şəhərində, final konsertinin isə İsveçrənin Cenevrə şəhərində keçiriləcəyi müsabiqənin münsiflər heyətində ən yaxşı prodüser kimi 7 dəfə “Qremmi” mükafatına layiq görülmüş, “Deutsche Grammophon” səsyazma firmasının art-direktoru Maykl Fayn, ABŞ-da çap edilən nüfuzlu “American Record Guide” dərgisinin baş redaktoru və musiqi tənqidçisi Donald Vroon, dünya şöhrətli simfonik orkestr dirijoru Boquslav Davidov kimi məşhur sənətkarlar təmsil olunub. 
   Maraqlıdır ki, indiyədək Adilə Əliyeva adına müsabiqədə ilk sənət uğurunu qazanmış gənc pianoçular sonralar P.İ.Çaykovski adına və digər daha böyük tarixə və ənənələrə malik müsabiqələrdə qələbə sevincini dadır, öz təhsillərini Fransanın nüfuzlu ali musiqi məktəblərində həm ödənişsiz, həm də Fransa hökumətinin təqaüdünü almaqla davam etdirirlər. 
   Builki müsabiqəyə qatılan pianoçuların qarşılaşacağı bir sürpriz də var. XII müsabiqədən etibarən qaliblərin ifaları dünya şöhrətli “Deutsche Grammophon” səsyazma firmasında lentə alınacaq. 
   Adilə xanımdan bəs bu il Azərbaycandan sizin adınıza keçirilən müsabiqədə iştirakçı varmı sualına belə cavab aldıq: «Bəli, var, lakin bəzi məqamlara görə, hələlik iştirakçıların adlarını açıqlamaq istəmirəm. Ümidvaram ki, onların arasında müsabiqədə fərqlənənlər olacaq». 
   
   G.Mirməmməd