Hanekenin “Ağ lent”i haqqında
  
 
   Avstriya rejissoru Mixael (Michael) Hanekenin “Ağ lent” filmi 2009-cu ildə Kann festivalının baş mükafatını qazanıb. Uşaqlar və cəmiyyət, uşaqlar və böyüklər, uşaqlar və Allah mövzusunda çəkilmiş ən yaxşı ekran əsəridir. Uşaqlar özləri heç nə danışmır. Kadrlarda onları susqun görürük...
   
   Filmdə mövzuya bir kənd müəlliminin gözü ilə yanaşılır. Əhvalatı danışan da odur. Kənddə bir-birinin ardınca bədbəxt hadisələr baş verir. Sahə həkiminin atı gizli qurulmuş tələdə ipə ilişib sahibini yıxır və həkimin ayağı sınır. Felder adlı bir kəndlinin arvadı növbəti bədbəxt hadisənin qurbanı olur. Baronun kiçik oğlu döyülür. Sonra kəndlilər mamaçanın şikəst uşağının dəhşətli işgəncəyə məruz qalmasına çaşıb qalırlar. Sirli hadisələr baş verir.
   Bütün kənd günahkarı axtarır. Kənd müəllimi “haqlı olaraq” uşaqlardan şübhələnir. Uşaqlar isə susurlar: gözləri, dilləri, əlləri və ayaqlarıyla susurlar. Bu hadisələrə, qəddarlıqlara bais olan kimdir? Amma filmin həmin epizodlarından günahkar yox, səbəbkar boylanır - uşaqlarını gərgin bir rejimdə böyüdən pastor onları odunla döyür. Cəzalandıqdan sonra da saçlarına, qollarına ağ lent bağlanır. Qoy, hamı onları görsün, hamı bilsin ki, bu uşaqlar günah işləyiblər; nə vaxt günahdan təmizlənəcəklərsə, qollarındakı ağ lentlər o vaxt açılacaq...
   Ağ və uşaq, ağ və günah, günah və uşaq...
   Bu yerdə din danışmağa başlayır. “Günah” sözündə uşağı öldürən, uşaqlara uşaq olmağı qadağan edən din. Onlara əylənməməyi, zarafatlaşıb gülməməyi, Allahdan qorxmağı təlqin edən din. Niyə bu din uşaqlarla bəri başdan günahkarlar kimi danışır? Niyə hələ etmədikləri günahlara görə cəzalar xatırlanır, onlar uşağın yaddaşına həkk olunur? Haneke bu filmdə bizə deyir ki, din uşaqlar üçün deyil, günahkarlar üçündür!
   “Ağ lent”də uşaqlar sərt və kədərlidir. Hətta onlardan biri - Martin intiharına Tanrını ortaq etmək istəyir, uçurum üstündəki nazik kəndirdə təhlükəli vəziyyətdə addımlayır - təxminən bu fikirlə: “Allah məni sevməsə, mən indiyədək ölərdim. İndi körpünün təhlükəli hissəsi ilə gəzməklə, ona məni öldürməyə daha bir şans verirəm”.
   Bunu onlara pastorun dini öyrədib. O, Tanrı ilə uşaqların arasına bir günah qoyub, nifaq salıb. Onlar bu günahın acığına materialistcəsinə, naturalistcəsinə qavradıqları həyatı “bədbəxt hadisələr”lə rəngləyirlər. Qollarına, saçlarına bağlanan ağ lentlərin inadına bol-bol qara boyalar yaxırlar, kirlənirlər; əlini öpdürdüyü uşaqları tez-tez cəzalandıran pastorun qarşısına, onlara edilən həqarətlərin əvəzində bir günah qoymaqla cavab verirlər. Dərsdə nadinclik etdiyinə görə cəzalandırılan Klara atasının kabinetindəki zavallı quşcuğazı qayçı ilə öldürür, amma bu həm də Klaranın intiharıdır. Quşun ölümü həm də Klaranın ölümüdür. Bu sanki Yaradana qarşı çıxmaqdır. Böyüklərlə ittifaqda olan Tanrıya etirazdır. Sanki bu uşaqlar demək istəyirlər ki, biz uşaq deyiliksə, canlılar da canlı olmamalıdır.
   Filmin dəyəri ondadır ki, o, izah etmir, göstərir. Böyüklərin dünyadan təcrid etdikləri uşaqları göstərir. Bu dünyada uşaqlar tək, tənhadırlar, qəzəblə, nifrətlə, kədərlə doludurlar. Qorxu içindədirlər, amma həm də qorxuya qarşıdırlar. Barışmazdırlar. Bəlkə də ömürlərinin sonunadək kin-küdurətlə yaşayacaqlar.
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar