Boludakı “Sənət kəndi”ndə yeni əsərlər ərsəyə gələcək
   
   Mayın 10-da Türkiyənin Bolu şəhərinin Seben rayonunda TÜRKSOY-un layihəsi üzrə Türk    dünyasıbəstəkarlarının növbəti yaradıcılıq görüşü başlayıb.
   Üçüncü dəfə təşkil olunan TÜRKSOY bəstəkarlar görüşü mayın 20-dək davam edəcək. Layihə TÜRKSOY-un Sebendəki “Sənət kəndi”ndə baş tutacaq. 
   TÜRKSOY, Bolu və Seben bələdiyyələrinin işbirliyi ilə həyata keçirilən layihə çərçivəsində ötən il tikinti işləri tamamlanan və hər birinə türk bəstəkarlarının adları verilən taxta evlər bəstəkarları qonaq edəcək. 
   Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan və Başqırdıstandan (Rusiya Federasiyası) Türkiyəyə gələcək bəstəkarlar 10 gün ərzində kənddə qalaraq yeni əsərlər yaradacaqlar.
   Layihə çərçivəsində iştirakçıların 2018-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Kastamonu şəhərinə səfəri də nəzərdə tutulub. Bəstəkarlar həmçinin Türk dünyasında musiqi təhsili mövzusunda fikir mübadiləsi aparacaqlar.
   TÜRKSOY bəstəkarlarının builki toplantısına Azərbaycandan Sərdar Fərəcov, Qazaxıstandan Bəxtiyar Əmanzol, Qırğızıstandan Kubanuçbek Osmonov, Türkmənistandan Rövşən Nebesov və Başqırdıstandan Lidiya Rizvanova qatılacaqlar. 
   
   Mehparə Sultanova
   Ankara