Danılmaz həqiqətdir ki, Azərbaycan kinosunda qadın rollarını ifa edən aktrisalarımızın səmimi, emosional yaradıcılıqları həmişə filmlərə uğur gətirib, milli kinomuzun inkişafına təkan verib. Bənzərsiz ifa maneralarına, fərdi yaradıcılığına görə geniş tamaşaçı rəğbəti qazanan qadın sənətkarlarımızdan biri də respublikanın Əməkdar artisti Xalidə Quliyevadır.
   
   Xalidə Camal qızı Quliyeva 1952-ci il sentyabrın 24-də Bakıda anadan olub. Orta təhsilini Bakının Nizami rayonundakı 62 №-li orta məktəbdə alıb. Məktəbin fəal şagirdlərindən biri olan Xalidə ibtidai sinifdə oxuyarkən musiqiyə, rəqsə, kinoya maraq göstərib. Hələ o vaxt başa düşürdü ki, sənət onun daxili dünyasının əksidir, o, sənətin ardınca getməlidir. Məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Tələbəlik illərindən institutun nəzdindəki “Səda” Tədris Teatrında çalışır, sənət müəllimləri olan Azərbaycanın görkəmli teatr və kino rejissoru Adil İsgəndərovdan, Xalq artisti Elmira Şabanovadan sənətin sirlərini öyrənir.
   Xalidə xanımın kinoda debüt işi görkəmli kinorejissor Tofiq Tağızadənin 1972-ci ildə çəkdiyi “Qızıl qaz” filmində olub. Aktrisanın filmdə yaratdığı Validə obrazı onun digər filmlərə dəvət almasına zəmin olur. Bir il sonra Həsən Seyidbəylinin Azərbaycan xalqının görkəmli şair və filosofu İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi münasibətilə ekranlaşdırdığı tarixi-bioqrafik filmdə Fatimə roluna çəkilir. Böyük şairə sevgisini pünhan saxlayan, eyni zamanda, hürufi təriqətçiləri arasında çox vaxt kişi libasında gəzməyə məcbur olan, qəlbi daim azadlıq eşqi ilə çırpınan Fatimənin təzadlı xüsusiyyətləri onun zəngin daxili aləminin təzahürü idi. Nəsimi ilə Fatimənin müxtəlif qütblərdə dayanan (səbirli və çılğın münasibətlərini bəyan edən) xarakterləri filmin əsas ideya xətlərindən birini şərh edir. Fatimə çılğınlığı ilə illərlə uzanan əqidə mübarizəsinə son verməyə, açıq döyüşdə ölümə belə getməyə can atırsa, Nəsimi səbir və müdrikliyi təlqin edən şeirləri ilə onu sakitləşdirir, gözəllik və mərdliyi tərənnüm edən misraları ilə çılğın qızın ürəyinə nur çiləyir. Beləliklə, personajların coşqun dialoqu bütün dövrlərdə bəşəriyyətə hürriyyəti yalnız insanın insana olan sevgisinin bəxş edəcəyini aşılayır. Nəsiminin qiymətli söz xəzinəsindən olan şeirləri müqabilində Fatimənin pafoslu monoloqları nəticə etibarı ilə filmi ekran poeziyası təsirindən uzaqlaşdırıb, diqqəti Teymurləng ordusunun Azərbaycanda törətdiyi qırğın və çaxnaşmaya, insanların acınacaqlı durumuna yönəldir. Ekran əsərinin yaradıcı heyətinin digər üzvləri kimi, Xalidə xanımın da istedadlı oyunu sayəsində “Nəsimi” filmi 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında “tarixi mövzuda ən yaxşı filmə görə” mükafata layiq görülüb.
   Azərbaycan qadınının tipik xüsusiyyətlərini ekran obrazlarında bacarıqla əks etdirən Xalidə Quliyeva üçün “Bakıda küləklər əsir” (rejissor Muxtar Dadaşov; 1974) filmində yaratdığı Solmaz obrazının fərdi cəhətlərini göstərmək o qədər də çətin olmadı. Aktrisa filmdə II Dünya müharibəsində Bakı neftinə can atan alman faşistlərinin məkrli niyyətlərinə qarşı mübarizədə fəal iştirak edən, ön cəbhədə döyüşən azərbaycanlı qızının mərd obrazını yaradıb.
   Görkəmli kinorejissor və kinodramaturq Həsən Seyidbəyli müasiri olduğu dövrün qadınlarının sosial problemlərinə aydınlıq gətirmək üçün biri-birinin ardınca Azərbaycan qadınının həyat mövqeyindən bəhs edən filmlər ekranlaşdırırdı. Bu mənada onun kino lentləri içərisində “Xoşbəxtlik qayğıları” xüsusi yer tutur. Bu filmdə o, qadınların adi məişət problemlərinin məngənəsində mənəviyyatlarını sıxan səbəblərin kökünü araşdırır, obrazların şəxsində keçmişdən miras qalan ənənələrin əsirinə çevrilən insanları tənqid edir. Xalidə xanımın dediyinə görə, bu filmdə yaratdığı Xalidə obrazını müəllif məxsusi olaraq onun üçün yazmış, obraza da elə onun öz adını vermişdir. Sonralar sənətdə çox uğurlar əldə edən aktrisa bu şansın onun üçün böyük xoşbəxtlik olduğunu vurğulayır.
   Xalidə kasıb ailədə böyüyən altı uşaqdan biridir. Övladlarını atasız böyüdən Rüxsarə (aktrisa Şəfiqə Məmmədova) xanımın tək arzusu onlara ata-baba qaydası ilə cehiz verib ər evinə yola salmaqdır. Qızlar isə təhsil alıb cəmiyyət üçün gərəkli vətəndaş olmağa üstünlük verirlər. Onların fikrincə, cehizsiz də xoşbəxt olmaq olar. Qızlar üçün azadlıq təkcə fiziki sərbəstlik deyil, həm də təhsil almaq, həyatda dəqiq mövqeyi olmaq deməkdir. Cəmiyyətdə nümunəvi mövqe tutmaq üçün yüksək mənəvi dəyərləri əsas götürüb, həyatın bütün sınaqlarından alnıaçıq çıxan obrazlardan biri də Xalidədir. Aktrisanın ifasında dəqiq xarakterizə olunan bu personaj filmdə təsdiqini tapan rejissor ideyasının əyani təzahürüdür.
   Xalidə Quliyevanın geniş yaradıcılıq diapazonu rolların məramını, məqsədini dəqiq göstərir. Aktrisanın məhsuldar yaradıcılığı ekran hadisələrini real həyat faktı kimi qəbul etməyimizə səbəb olub. Xalidə Quliyevanın kino aktrisası kimi püxtələşməsində korifey kinorejissorlardan Tofiq Tağızadənin, Muxtar Dadaşovun, Şamil Mahmudbəyovun, Rasim Ocaqovun böyük rolu olub. Aktrisanın filmin mövzusunu, mövcud vəziyyəti təhlil edən peşə bilgisi onun belə böyük sənətkarlarla işləməsinə imkan yaradıb.
   Xalidə xanımın Azərbaycan kinosunda yaratdığı yaddaqalan və geniş tamaşaçı rəğbəti qazanan rollarından biri də “Tütək səsi” filmindəki Milli obrazıdır. II Dünya müharibəsi illərində arxa cəbhədə insanların ağır həyat şəraitini əks etdirən filmdə Milli kəndin poçtalyonudur. Atalarını, ərlərini və oğullarını ön cəbhəyə yola salan qız-gəlinlər onların da yerinə işləyib, sidq-ürəklə əzizlərinin qayıdacağına və müharibədə qələbə çalacaqlarına inanırlar. Milli kəndə gələn bütün qara kağızları gizlədir. Onun fikrincə, həmin illərdə hər bir ailənin qapısını döyən bu bəlanın açıqlanması onsuz da aclıqdan və böhrandan əziyyət çəkən insanların ruh düşkünlüyünə, hətta ölümünə səbəb ola bilər. Odur ki, o, çantasında gəzdirdiyi pünhan məktublarda sanki bütün kəndin yükünü daşıyır. Milli gənc olsa da, mətindir, mərddir. O, yaxınlarını və doğmalarını ondan uzaqlaşdıran ölüm xəbərini deməməklə müharibəyə, hətta ölümə qalib gəldiyini zənn edir. Onun məsum yalanının üstünü açan İsfəndiyar kişi (aktyor Məmmədrza Şeyxzamanov) ilə olan dialoqunda da çantasını bərk-bərk qucaqlayıb bağrına basan, acı həqiqət qarşısında aciz qalan Millinin şəxsində dərdləri uzun illər unudulmayacaq müharibənin insan mənəviyyatına vurduğu sarsıdıcı zərbələri görürük. Milli filmin dramatik yükünü cılız, məğrur çiyinləri üstündə daşıyan bir obrazdır. Aktrisa obrazın fərdi keyfiyyətlərini xırdalıqlarına qədər cilaladığına görə, o, unudulmur, müharibə məfhumunu bizə ətraflı şərh edir, filmin aparıcı qüvvəsi kimi qəbul edilir.
   1972-ci ildən 1990-cı ilədək mütəmadi olaraq kinoya çəkilən Xalidə xanımın da, digər həmkarları kimi, sonrakı dövrdə sənət həyatında bir durğunluq dövrü başladı. 90-cı illərin əvvəlində ölkədə baş verən ictimai-siyasi böhran milli kinomuzun inkişafını da tənəzzülə uğratdı. Kino karyerasında fasilə yaranan aktrisa isə yeni rollar yaratmaq istəyirdi.
   Nəhayət ki, o, 2007-ci ildən (“Bəylik dərsi”, bədii televiziya filmi) yenidən filmlərə dəvət almağa başlayır və ekran fəaliyyətini yeni bir coşqu ilə davam etdirir. Xalidə xanım hazırda filmlərin səsləndirilməsində də fəal iştirak edir.
   “Azərbaycanfilm” kinostudiyasında istehsal edilən filmlərdə yaratdığı Sona müəllimə (“Asif, Vasif, Ağasif”), Nazlı (“Qoca palıdın nağılı”), Dadı (“Gedər-gəlməz”), Bənövşə (“Çətirimiz buludlardır”), Əsli (“Qocalar, qocalar”) və başqa obrazlar Xalidə Quliyevanın uğurlu ekran personajlarıdır. Aktrisanın istedadı İran kinematoqrafçılarının diqqətindən yayınmayıb. İran kinorejissoru Həsənağa Nəcəfi çəkdiyi iki filmdə (“İtkin pay”, “Səkkizinci göy”) ona baş rol olan ana obrazlarını həvalə edib.
   Onu da qeyd edək ki, “Xoşbəxlik qayğıları” filmindəki Xalidə obrazından sonra “Səkkizinci göy” filmindəki ana obrazı da məxsusi olaraq Xalidə Quliyeva üçün yazılmışdır. Obrazların öhdəsindən bacarıqla gələn aktrisa Həsənağa Nəcəfinin Qarabağ haqqında çəkəcəyi yeni filmdə baş rola dəvət alıb. Filmin çəkilişlərinə hazırlaşan Xalidə Quliyeva yaradıcılıq imkanlarını təsdiqləyən ekran işlərinə ardıcıl dəvət almasına sevinir. Yaradıcı şəxsi yaşadan da onun sənət sevincidir.
   Kinoda göstərdiyi xidmətlərə görə istedadlı aktrisa 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Bu günlərdə 60 yaşını qeyd edən Xalidə Quliyeva kinoda keçən 40 il ərzində irili-xırdalı 35-ə yaxın filmdə çəkilib. Onun kinoda yaratdığı rəngarəng, bənzərsiz rolları haqqında çox danışmaq olar. Çünki o, ekranda yalnız aktyorluq istedadını nümayiş etdirən sənət bilicisi yox, yaradıcılığı vasitəsilə tamaşaçıya ürək sözlərini ünvanlayan səmimi insan təsiri bağışlayıb. Bəlkə də bu, Xalidə xanımın həyatda da müsbət xarakterli insan olmasından irəli gəlir. Deməli, nümunəvi həyat mövqeyi olan rollarının təfsirində Xalidə xanım elə özünü yaradıb. Sənətinə uğur gətirən sadə, səmimi insani keyfiyyətlərinin bərabəri də çoxsaylı tamaşaçı məhəbbətidir.
   
   Şəhla Bürcəliyeva,
   kinoşünas







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar