Azərbaycanın “Buta” bədii filmi “Oskar” mükafatına təqdim olunub.
“Oskar” Milli Komitəsinin üzvü Əli İsa Cabbarov bildirib ki, film beynəlxalq festival və müsabiqələrdə qazandığı uğurlara görə komitənin seçimi ilə Amerikaya göndərilib və artıq “Oskar”ın ilkin siyahısına daxil edilib. Bu siyahıda 40 film var. Növbəti mərhələyə 12, son mərhələyə isə 5 film keçəcək. Növbəti mərhələnin yekunları dekabr ayında açıqlanacaq.
“Azərbaycanfilm” və “Buta Film” kino şirkətinin birgə istehsalı olan ekran əsərinin rejissoru İlqar Nəcəf, ssenari müəllifi Ramiz Fətəliyev və İlqar Nəcəfdir. Film Türkiyə, Rusiya, Özbəkistan, Estoniya, ABŞ, Avstraliya və İtaliyada beynəlxalq kinofestivallarda iştirak edib. 2011-ci ildə Asiya-Sakit Okean Kino Akademiyasının “Ən yaxşı uşaq filmi” nominasiyasında qalib olub, Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən festivalın Qran-pri, ABŞ-ın “World Fest - Houston International” festivalının isə “Platinum Remi” mükafatını qazanıb.