Astanada beynəlxalq işçi qrup təsis olunub
Qazaxıstanın paytaxtı Astanada türk xalqları Muzey əşyalarının istifadə və qorunmasına dair Beynəlxalq işçi qrupunun təsis toplantısı keçirilib.
Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən təşkil olunan tədbirdə türkdilli dövlətlərin muzeylərində vahid standartların tətbiqi, universal dəyər daşıyan muzey əşyalarının qarşılıqlı surətlərinin hazırlanması və mübadiləsi məsələləri müzakirə edilib.
Avrasiya qitəsində min illər boyu böyük mədəniyyət qurmuş türkdilli xalqların maddi və mədəni mirasının qorunması, bərpası, dünyaya tanıdılması üçün vahid standartların hazırlanması, milli muzeylər arasında bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi xeyli aktuallaşıb. Toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, eləcə də Monqolustanın muzeyşünaslıq işləri üzrə nümayəndələri, muzey rəhbərləri, TÜRKSOY və Macarıstanın Astanadakı səfirliyinin təmsilçiləri iştirak ediblər.
TWESCO-nun prezidenti Darxan Kıdırəli çıxış edərək bildirib ki, işçi qrupunu formalaşdırmaqda əsas məqsəd maddi-mədəni mirasımızın əsas qoruyucuları olan muzeylərimizlə elmi və mədəni əməkdaşlığı canlandırmaq, ortaq dəyərlərimizin beynəlxalq ictimaiyyətə daha təsirli təqdimatı üçün onlar arasında vahid metodoloji standartların işlənib hazırlanması üçün müzakirələr başlatmaqdır.
Qazaxıstan, Azərbaycan, Türkiyə və digər ölkələrin nümayəndələri Türk dünyası üçün universal dəyər daşıyan muzey əşyalarının siyahısının hazırlanması, ortaq tarix və mədəniyyətlə bağlı muzey eksponatlarının surətlərinin mübadiləsi, muzey eksponatlarının konservasiyası və bərpası ilə bağlı təkliflərini səsləndiriblər.
Muzey əşyalarının istifadə və qorunmasına dair Beynəlxalq işçi qrupunun muzeyşünaslıq məsələlərində metodoloji şura funksiyasını üzərinə götürəcəyi bildirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin direktoru Asif Usubəliyev Beynəlxalq işçi qrupunun sədri seçilib.