Sənət sonu görünməyən bir ümmana bənzəyir. Bu aləmə baş vuranlar yalnız istedadları, fərdi yaradıcılıqlarına görə diqqət çəkib sevilə, fəaliyyətləri ilə də uzun illər hafizələrdə yaşaya bilərlər. Əsl sənət doğrudan da onu daxili məni kimi yaşadıb, həyatı qədər qiymətli edənlərin sayəsində dəyərini tapır. Milli kinomuzda məhsuldar yaradıcılığı ilə çoxsaylı tamaşaçılar tərəfindən məsləyinə rəğbət qazandıran, sənətini yüksək sənətkarlıqla nümayiş etdirən kino xadimlərimizdən biri də tanınmış operator Amin Novruzovdur.
Amin Novruz oğlu Novruzov 1947-ci il oktyabrın 7-də Bakının Güzdək kəndində anadan olmuşdur. O, hələ kiçik yaşlarından kinoya baxmağı, sonra isə baxdığı mövzuları yoldaşları ilə müzakirə etməyi çox sevərdi. İllər ötdükcə doğmaları, dostları hiss edirlər ki, Amin kinoya sadəcə, tamaşaçı kimi baxmır, onun bu sənətə böyük marağı var. Tədricən kinonun vurğununa çevrilən gəncin rəngarəng, maraqlı həyat hekayələrini nəql edən ekran hadisələrinin yaradıcılarından birinə çevrilmək arzusu da böyüyürdü.
Hələ məktəb illərindən fotoaparat alıb çəkdiyi şəkilləri “Sovet ekranı”, “Sovet fotosu” jurnallarına göndərirdi. Tədricən yaradıcılığını püxtələşdirən gənc fotoqraf qəti qərara gəlir ki, o, kinooperatorluq sənətinin ardınca getməlidir. Orta məktəbi bitirdikdən sonra «Azərbaycanfilm» kinostudiyasında operator köməkçisi işləyir. Görkəmli kinorejissorlardan Şamil Mahmudbəyov, Hüseyn Seyidzadə, Rasim Ocaqov, Həsən Seyidbəyli və başqa kino peşəkarlarının əhatəsində sənətin sirlərini öyrənir. Sonra o, ordu sıralarına xidmətə çağırılır. Əsgəri xidmətini başa vurduqdan sonra Aminin kinoya böyük sevgisindən hali olan ailələrinin dostu - unudulmaz müğənni Mirzə Babayev onu görkəmli kinorejissor, həmin illərdə kinostudiyanın direktoru işləyən Adil İsgəndərovun yanına gətirir. “Gör, sənin yanına nə boyda oğlan gətirmişəm, Adil müəllim” - deyərək Amin Novruzovun uca boyuna, sağlam cüssəsinə işarə edir, operator sənəti üçün bu faktorların əsas olduğuna eyham vurur. Milli kinomuzda azərbaycanlı kadrların yetişməsinə sidq-ürəklə şərait yaradan Adil müəllim də çox böyük məmnuniyyətlə onu sınaq müddətinə işə götürür. Amin Novruzovun kinoda operator assistenti kimi debüt işi “Şərikli çörək” (rejissor Ş.Mahmudbəyov, 1969) filmində olur. Çalışqanlığı və istedadı ilə həmkarlarının rəğbətini qazanan gənc operator kinostudiyada çəkilən filmlərdə əvvəlcə operator assistenti, sonra isə (1978-ci ilədək) II operator kimi fəaliyyət göstərir.
10-a yaxın filmdə kifayət qədər təcrübə toplayan, sənət dostlarının peşəkarlığını yaradıcılığına, həyata olan münasibətini, sevgisini məsləyinə sığdıran Amin Novruzov yalnız yerli kinostudiyanın istehsalat bazasının imkanlarından istifadə etməklə kifayətlənmir, təcrübə ilə bərabər nəzəri biliyini də püxtələşdirmək qərarına gəlir. 1978-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olur. İnstitutda görkəmli Rusiya kinooperatoru Vadim İvanoviç Yusovun emalatxanasında təhsil alır. Onun eksperimental tədris üsulundan, təkrarolunmaz kadr kompozisiyası qurmasından, filmdə hadisələrə uyğun bənzərsiz atmosfer yaratmasından bəhrələnən Amin müəllim 1983-cü ildə təhsilini başa vurub doğma kinostudiyaya qayıdır və müxtəlif janrlı filmlərə uğurlu ekran həyatı bəxş edir. Dramaturji materialı kinoda obyektiv reallaşdırmaq, səssiz kadrların daxili dinamikasını təmin etmək baxımından Amin Novruzov operator kimi quruluş verdiyi filmlər içərisində “Özgə vaxt” (rejissor Hüseyn Mehdiyev, 1996) psixoloji dramını daha çox qiymətləndirir. Filmin baş qəhrəmanları olan Leyla (Ayan Mirqasımova) və atasının (Ələddin Abbasov) daha çox ünsiyyətdə olduqları quşlar və yaşadıqları evin əşyalarıdır. Ani bir ehtiyatsızlığı üzündən iflic olmuş ata quşlardan başqa heç kimi və heç nəyi görmək istəmir. Onun yalnız sifətində əks etdirdiyi xasiyyətini, istəyini sanki quşlar daha dəqiq anlayır. O, baxışları ilə hər gün yemlədiyi quşlarla danışır, hərdən acıqlanır, bəzən onları incidir, bəzən isə sığal çəkir. İnsanlardan fərqli olaraq quşların ona olan münasibəti dəyişməzdir. Onların yalnız əlində saxladığı yemə məhəbbət göstərdiklərini anlamayan, müalicəsi mümkün olmayan xəstə ona qulluq edən yeganə qızını məhz özünün təbiəti, vaxtı, psixologiyası ilə yaşamağa təhkim etdiyindən xəbərsizdir.
Bir sözlə, əşyalar və göyərçinlər obrazların mövqeyini və durumunu dəqiqləşdirir. Film bəzən gözlənilmədən insan həyatını alt-üst edən çarəsiz hadisələrin, bəlaların əlində aciz qalan insan psixologiyasını tədqiq edir. Operatorun müxtəlif rakurslu, planlı çəkilişləri sayəsində filmdə obrazlara sanki həyan olan divarların da münasibətindən hali oluruq. Divarlar sanki nəfəs alır, sahiblərinin halına acıyır. Qaranlıq evin pəncərəsindən düşən işıq, təbiət hadisələri (yağış, külək, günəş və s.) həyatın dəyərini, balansını müəyyənləşdirir. Filmin yaradıcı heyəti rəngli aləmlə boz dünyanın fərqini insan təbiəti, onun həyata olan münasibəti, dəyişkən mənəviyyatı ilə əlaqələndiriblər. Rəngarəng dünyanı sadəcə ağ-qara görməyə, həyat nəşəsindən kənar yaşamağa təhkim olunan iki insanın acınacaqlı vəziyyətini bizə məhz kameranın həssas obyektivi göstərir. Mənəviyyat və əxlaq normaları şəraitə uyğun dəyişən qəhrəmanların gündəlik qayğılarını, düşüncə tərzini, həyat mövqeyini isə peşəkar operator işi bizə dəqiq çatdırır, psixoloji dramın, bütünlükdə kinonun mahiyyətini izah edir.
Amin Novruzovun maraqlı yaradıcılıq işlərindən biri də “Ləqəbi “İKA”dır” filmidir. 1996-cı ildə lentə alınan filmin rejissoru Teymur Bəkirzadə dünyasını vaxtsız dəyişdiyindən çəkilişlər yarımçıq qalır. Filmin operatoru Amin Novruzov yarımçıq qalan ekran əsərinin müəyyən kadrlarını, montaj prosesini, səsləndirməsini tamamlamaq məqsədilə “Belarusfilm” kinostudiyasının rəhbərliyinə müraciət edir və müsbət cavab alır. Filmin tamamlanma işləri peşəkar səviyyədə iki ay müddətində başa çatdıqdan sonra o, Bakıya qayıdır. Bir neçə ay keçdikdən sonra filmin festivalda iştirak etməsi üçün Amin Novruzova təklif gəlir. Ekran əsəri 1997-ci ildə Minskdə keçirilən “Listopad” beynəlxalq kinofestivalında MDB ölkələri İcraiyyə Komitəsinin prizini, Amin Novruzov isə operator sənətində və rejissorluqda yüksək professionallığa görə diplom alır. Festivalda iştirak edən peşəkar rejissorların (Q.Çuxray, D.Banionis, V.Kristofoviç, A.Balabanov, Y.Matfeyev və s.) ekran əsərləri içərisində “Ləqəbi “İKA”dır”ın qalib olması sevindirici haldır. Tədbirdən xoş xatirələrlə qayıdan rejissor həmin anları həyatının unudulmaz məqamı adlandırır.
Amin müəllimin bəxti gətirib ki, o, peşəkar rejissorlarla işləyib. Bu mənada yaradıcılığını fərqli aspektlərdə sınayıb. Müxtəlif janrlarda yaradıcılığını təsdiqləyən operator “Bəxt üzüyü” (rejissor Ramiz Əzizbəyli, 1991) komediyasında da personajların fərqli dünyagörüşünü, cəmiyyətdəki rolunu müxtəlif rakurslu çəkilişləri ilə xarakterizə etməyə nail olub. Filmin qəhrəmanı Söylünün baməzə xüsusiyyətlərini, qonşuların fərqli cəhətlərini, Moşunun dili bir, ürəyi başqa sözü ifadə edən baxışlarının mənasını kamera məqamında tutur, personajların mövqeyini, əsərin isə cəmiyyətə ünvanlanan məramını göstərir. Komediya janrının yaradıcılıq üçün daha geniş imkanlar açdığını deyən Amin müəllimin sözlərinə görə, əgər operator kameranı özünə təhkim etməsə, ondan qorxsa, o zaman film zəif alınacaq. Yox, əgər kamera operatorun əsirinə çevrilərsə, bax o vaxt operator istədiyi məkanı və obrazı düşündüyü, bildiyi kimi çəkər, nəticədə də rejissor ideyası aktyor ifası, təsvirlərin dəqiq təqdimi baxımından öz təsdiqini tapar.
Kinoda çalışdığı illər ərzində “Azərbaycanfilm” kinostudiyasında 60-dan çox film çəkən Amin Novruzovun yaradıcılığı çoxşaxəlidir. O, sənədli filmlərlə yanaşı, qısametrajlı filmlər və “Mozalan” kinosüjetləri də çəkmişdir. Cəmiyyətdəki anormal məqamları ictimai qınağa çevirən “Mozalan” satirik kinojurnalı rejissor və operatorlar üçün həm eksperimental, həm də səyyar yaradıcılıq demək idi. Amin Novruzov üçün də “Mozalan”, sözün əsl mənasında, özünün dediyi kimi, maddi və mənəvi dayağa çevrilmişdi. Çünki kinooperator bədii filmlərin çəkilişlərinə dəvət almadıqda belə “Mozalan” həm yaradıcılıq imkanlarının genişlənməsi, həm də maddi təminatı baxımından onun köməyinə gəlirdi. Hər bir insanı seçdiyi sənət dolandırmalıdır.
Nahaq yerə demirlər ki, ömür-gün yoldaşını və məsləyini düzgün seçdikdə həyat mənalı olur. Bu mənada Amin Novruzov xoşbəxt insandır. Onun sənətini davam etdirən oğlu, gözəl ailəsi və qayğısını çəkdiyi nəvələri var.
Milli kinomuzdakı xidmətlərinə görə istedadlı kinooperator 2000-ci ildə respublikanın Əməkdar incəsənət xadimi adına layiq görülüb. O öz zəhməti hesabına sənətini və şəxsiyyətini sevdirib. Onun sənətdə keçən 40 ildən artıq ömrünün, zəhmətinin, imza atdığı filmlərin arxasında uzun illər, yorğun günlər durur. Bununla yanaşı, o, 1998-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir, 2006-cı ildən rejissorluq sənəti kafedrasının müdiridir. Bu isə istedadını və sevgisini insanlarla bölüşməkdən yorulmamaq deməkdir.
Şəhla Bürcəliyeva,
kinoşünas