Mayın 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində "Rəqs axşamı" adlı konsert proqramı təqdim olunub. Beynəlxalq muzeylər günü münasibətilə təşkil olunan tədbirə çoxsaylı musiqi və rəqs həvəskarları qatılıb. İştirakçılar vals, salsa, tanqo və digər rəqs nümunələrini izləyə biliblər. Konsert çərçivəsində ustad dərsləri keçirilib, tanqo tarixinə, musiqi alətlərinə və tanqo etiketinə dair məruzələr dinlənilib.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovaya Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Əl-Aydi tərəfindən Misir Ali Təhsil Nazirliyinin diplomu təqdim olunub.
Argentinanın Bakıdakı səfirliyinin konsulu Eduardo Kavalyero rəqs axşamını ailəsi ilə birgə izləyib. Axşamın iştirakçıları arasında "Badi Kubə", "İN -Tango Baku", "TanGo ON", "E.L. Club de Tango" qrupları, "Andrey Krupin və Bakı tandemi" qrupu, Alagöz Salahova, Xalq artisti Munis Şərifovun rəhbərliyi ilə muzeyin Qədim musiqi alətləri ansamblı və başqaları olub.