İlqar Nəcəf: “Uşaqlarla film çəkməyin bu cür çətin olduğunu ağlıma da gətirmirdim”
   
   İlqar Nəcəf 1975-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalında anadan olub. 1988-ci ildən Sumqayıtda yaşayıb, orta təhsilini də orada başa vurub. 1993-cü ildə İncəsənət İnstitutunun bədii kino və televiziya rejissorluğu fakültəsinə daxil olub. Özünün dili ilə desək, o illərdə, mədəniyyətin bir çox sahələri kimi, kino da diqqətdən kənar qalmışdı, ona görə də bir müddət sənətdən uzaqlaşıb. Lakin sənətə olan bağlılıq öz sözünü deyir. 2000-ci ildən video çəkilişlərlə bağlı sifarişləri yerinə yetirməyə, necə deyərlər, kommersiya yolu ilə sənətə qayıtmağa başlayır. Sənətlə ciddi məşğul olmaq istəyi, bədii kinoya olan bağlılığı onu yenidən təhsil ardınca aparır: “2003-cü ildə Gürcüstanda “Avantı” proqramı çərçivəsində bədii kinorejissorluq üzrə təhsilimi davam etdirdim. Bu bir il dünyagörüşümə çox böyük təsir etdi”. 
   
   Beləliklə, o, ilk ekran əsərlərini çəkməyə başlayır. 10-a yaxın sənədli filmin müəllifidir. “Sirat körpüsü”, “Düyün”, “Qanadlarıma sığal çək”, “0-1”, “Leninə məktub”, “Arxası qibləyə”, “Neftlə çəkilmiş portret”, “Sonuncu”, “Yuva” və s. filmlərin prodüseridir. 2009-cu ildə isə “Teatral həyat” qısametrajlı filmi ilə bədii kinoya qədəm qoyub: “Düşünürəm ki, baş rolun ifaçısı Rasim Cəfəri o filmdə kəşf etdim. Film bir aktyorun həyatından kiçik hadisəni əks etdirir. “Teatral həyat” Amerikada mükafata layiq görüldü. Fransada televiziya kanallarında nümayiş olundu”.
   İlqar Nəcəf “Butafilm” studiyasının yaradıcısıdır. “Butafilm” və “Azərbaycanfilm”in birgə istehsalı olan “Buta” tammetrajlı bədii filmi son iki ildə Azərbaycan kinematoqrafiyasına bir çox mükafatlar qazandırıb, o cümlədən 2011-ci ildə Asiya-Sakit Okean Kino Akademiyası tərəfindən “Ən yaxşı uşaq filmi” elan olunub. Bu günlərdə isə ekran əsərinin “Oskar” mükafatına təqdim edildiyini eşitdik. Rejissorla söhbətə də “Buta”dan başladıq.
   
   - “Buta” filmini çəkmək ideyası necə yarandı?
   - Filmin ssenarisini hələ Gürcüstanda təhsil aldığım zaman yazmağa başlamışdım. İlkin ssenaridə filmin qəhrəmanı, hadisələr buta üzərindən keçirdi. Lakin daha çox uşağın başına gələn hadisələr qabardılırdı. Əsl dram idi. Daha sonra dramdan rəvayətə, hekayətə gəlib çıxdım. Xalça ilə bağlı hissələr ilkin ssenaridə yox idi. Nənə obrazı, xalçaçılıqla bağlı məqamlar əlavə olundu. Nənənin bayatıları səslənirdi. Bir sözlə, buta naxışı bir külək kimi əsdi keçdi və filmə öz sehrli havasını bəxş etdi.
   - Filmin baş qəhrəmanı uşaqdır. Uşaqlarla işləmək isə elə də asan deyil...
   - Bu, ilk tammetrajlı bədii filmim idi. Başa düşürdüm ki, çox çətin yükün altına girmişəm və artıq geriyə yol yoxdur. Filmin təqdimatında qocaman aktyorumuz Rafiq Əzimov dedi ki, bu yaşımadək neçə filmə çəkilmişəm, amma film öncəsi heç vaxt bu qədər məşq etməmişdim. Əvvəlcədən belə bir şərt qoymuşduq ki, uşaqla daim məşqlər olmalıdır. Çünki kamera qarşısında o reallığı almaq lazım idi. Ancaq nəzərə almadığım bir məqam oldu, o da dublyaj idi. Uşaqları çəkmək bir çətinlikdirsə, onu səsləndirmək ikinci məsuliyyətli məqamdır. Film Qahirədə nümayiş olunandan sonra müzakirədə bir qadın sual verdi ki, siz ancaq uşaq filmi çəkirsiniz, bu istiqamətdə ixtisaslaşmısınız? Mən də cavabında dedim ki, bəlkə də bu mənim səhvim idi. Çünki uşaqlarla işləməyin belə çətin olduğunu ağlıma da gətirmirdim. Ancaq mənə orada bir başqa tamaşaçı “bu cür səhvləri tez-tez edin” - dedi.
   - Elə biz də soruşmaq istəyirdik, “səhvi” təkrarlamaq fikriniz yoxdur ki?
   - Hələlik fikrim yoxdur. Lakin gələcəyi bilmək olmaz. İkinci filmin ssenarisinə nəzər saldıqda görürəm ki, yenidən uşaqlara gedib çıxır, lakin çox qabartmıram. Çalışıram, ikinci planda saxlayım.
   - “Buta” filminin belə uğur qazanacağına inanırdınızmı?
   - Film çəkəndə bunu düşünməlisən. Daxilində bir iddia olmalıdır. Beynəlxalq festivallarda uğurlar haqqında kimsə deyəndə ki, inana bilmirəm, mən deyirdim, inanmaq lazımdır. Hazırda film “Oskar” mükafatına təqdim olunub. Oradan bizə çoxlu məktublar gəlir. Filmin satışı ilə bağlı layihələr həyata keçirməyi təklif edirlər. Film oktyabrın 17-dən 21-dək Almaniyada keçiriləcək uşaq filmləri festivalında iştirak edəcək. Düşünürəm ki, “Buta”nın uğurları hələ irəlidədir.
   - Film hazırda “Nizami” Kino Mərkəzində nümayiş olunur. Sizcə, nəyə görə tamaşaçı bu filmə baxmalıdır?
   - Şərq insanı hadisələri obrazlı şəkildə görməyi bacarır. Film insan hislərinə təsir edir. İstənilən filmdə öyrəniləsi məqamlar çox olur. Bir valideyn övladına yüksək keyfiyyətlər, mübarizlik aşılamaq istəyirsə, zənnimcə, bu yolda “Buta” böyük əhəmiyyətə malikdir.
   - Təsis etdiyiniz kino şirkətinin də adında “buta” var. Bəlkə buta uğur simvolunuzdur? İşə neçə nəfərlə başlamışdınız?
   - Yaradıcı dostlarla birgə 2003-cü ildə, hələ Gürcüstanda təhsil alarkən bu ideya üzərində işləməyə başladıq. 2004-cü ildə “Butafilm” studiyasını təsis etdik. Əlisa Cabbarov baş prodüser, Asif Rüstəmov kreativ (yaradıcı) prodüser olmaqla studiyanın əsasını qoyduq. Əsas məqsəd ətrafımıza yaradıcı insanları toplamaq idi. Ötən 8 ildə bir çox layihələr həyata keçirmişik. Sənətə yeni adlar gətirmişik. Hazırda “Butafilm”in yeni studiyası hazırlanır, təmir işləri aparılır. Yeni studiya daha genişdir və işləmək üçün hər cür şərait olacaq.
   O ki qaldı filmin “Buta” adlandırılmasına, əslində ssenaridə öncə başqa ad vardı. Sonra təsadüfən buta haqqında maraqlı məlumat oxudum və başladım araşdırmağa. Şərqdə butanın mənaları, toxuculuqda mənası və digər məqamları özüm üçün müəyyən etdim. Kiçik bir naxışın içində bir həyat anlamının olduğunu öyrəndim. Buta alov, toxum, su damcısı, yeni həyata başlanğıcdır. Eyni zamanda, Şərq aləminin bir naxışıdır. Bəzən deyirlər ki, filan ad və ya layihə həyatımın uğur göstəricisi oldu. Bu baxımdan mən də “Buta”nı uğurumun simvolu hesab edirəm.
   - “Butafilm” gənclərə dəstəkdir. Bu fikri də tez-tez eşidirik...
   - Adətən belə deyirlər ki, gənclərlə yaşlı və ya orta nəsil arasında uzlaşma yoxdur. Mən özümə sual verirəm, cavan nəslə qarşı niyə pis olmaq lazımdır ki? Cavan rejissor studiyamıza ssenari ilə gəlir. Prodüserə müraciət edir. Biz də onu müzakirə edirik. Ehtiyac olduqda ssenaridə müəyyən dəyişikliklər edilir. Nəticədə film çəkilir, Azərbaycan kinosuna yeni ad gəlir. Bu baxımdan studiyamız gənclər arasında sənət ocağı kimi tanınır. Necə deyərlər, “Butafilm”in qapıları da, bacaları da yaradıcı insanların üzünə taybatay açıqdır.
   - Sənət adamı kimi ilham qaynağınız nədir, həyatda nədən təsirlənirsiniz?
   - Məni yaşadan daxilimdəki hekayələrdir. Almaniyada olduğum zaman xəstəxananın dəhlizində bir qoca kişi ilə rastlaşdım. Kişi xərəkdə idi. O qədər səmimi gülüşlə üzümə baxdı ki, qəribə hiss keçirdim. Xəstəliyinin nə olduğunu soruşanda isə “mən xəstə deyiləm, sadəcə, çox qocayam” - dedi. Həmin hadisə mənə o qədər təsir etdi ki, bunu hekayə kimi qələmə aldım. Bəlkə də gələcəkdə hansısa ssenarinin bir hissəsidir, xəttidir. Bu cür həyat hadisələrindən ilham alıram.
   - Sizin üçün həyatda önəmli olan nədir?
   - Ailəm. Üç övladım var. Onlar mənim üçün həyatda hər şeydən önəmlidirlər. Ailə mənim üçün müqəddəsdir.
   - Gələcək planlarınız barədə nə deyə bilərziniz? Nə çəkirsiniz, nə yazırsınız?
   - Hazırda “Bir ovuc qar” adlı ssenari üzərində işləyirəm. Bir ailənin, ailə başçısının itkisindən bəhs edir. Biz bəlli yaşa kimi yaşayır və bu illər ərzində bir çox şeylərə nail oluruq. Günlərin birində isə insanın həyatında bir itki baş verir. Həmin itki onu dəyişir. O düşünür ki, bəlkə mən düz yaşamamışam. İnsanın içində çöküntü vermiş duyğular o itkidən sonra birdən baş qaldırır. Əsərin qəhrəmanı çoban öz oğlunu itirir. Oğlunun ölümünə kimi onun hər şeyi var: ailəsi, çoxlu mal-qarası. O, dünyada olan proseslərdən bixəbərdir. Yalnız özünün sahibi olduğu, ətrafında gördükləri ilə xoşbəxtdir. Bu həyata kənar müdaxilə ailədən bir nəfəri aparmaqla hər şeyi dəyişir...
   - Hansı mövzular sizi daha çox düşündürür?
   - Mənə desələr ki, fantastik janrda bir film çək, yəqin ki, imtina edərəm. Və yaxud da detektiv janrda film çəkmək. Bunlar mənə yaddır. Daha çox dram, insani münasibətlər, psixoloji məqamlar, şəxsiyyətin özünü tapması, daxildə gedən prosesləri əks etdirən mövzuları özümə yaxın hesab edirəm.
   - Kino sənətimizə kənardan baxdıqda nələri görmək istərdiniz?
   - Sağlam tənqidin, sağlam rəqabətin olmasını istərdim. İstəyirəm ki, yaradıcı insanlar bütün potensialını hər hansı xırda intriqaya deyil, yaradıcılığa sərf etsinlər. Hər il bir gənc rejissor tammetrajlı film çəksin. Necə ki, beynəlxalq festivallarda İran, Türkiyə filmlərini səbirsizliklə gözləyirlər, istərdim ki, bizim filmləri də o cür gözləsinlər.
   
   Söhbətləşdi: Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar