Ölkəmizin Macarıstandakı səfirliyinin dəstəyi ilə Budapeştdə azərbaycanlı fotorəssam Əqdəs Bağırzadənin fərdi sərgisi açılıb.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş sərgidə müəllifin dahi bəstəkar Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası əsasında Bakıdakı Marionet Teatrında nümayiş olunan tamaşadan çəkdiyi fotoları sərgilənib.
Tədbirdə səfir Vilayət Quliyev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu bu günlərdə belə bir sərginin açılmasını yüksək qiymətləndirib. 2018-ci ildə Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının Bakıda ilk nümayişinin 110 illiyinin tamam olduğunu diqqətə çatdıran səfir bu sərgi vasitəsilə qonaqların Azərbaycanın qədim mədəniyyəti və musiqisi barədə də məlumat əldə edə biləcəyini deyib.
Fotorəssam Əqdəs Bağırzadənin yaradıcılığı barədə qonaqları məlumatlandıran diplomat onun Azərbaycanda və bir sıra xarici dövlətlərdə fərdi sərgilərinin təşkil olunduğunu bildirib.
Azərbaycanın görməli yerləri barədə videoçarxın və milli musiqimizin müşayiətilə keçirilən sərgi qonaqlar tərəfindən maraqla qarşılanıb.
Mərasimdə Budapeştdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.