"Türkiyədə 1980-ci il çevrilişindən sonra təkrar fəaliyyətinə ilk icazə verilən dərnək Azərbaycan Kültür Dərnəyi olub"
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Məhəmməd Əmin Rəsulzadə Türkiyəyə mühacirət edir və Ankarada rastlaşdığı Azərbaycan kökənli türkçü dostları ilə bir mücadilə mərkəzi qurmaq yolunda ilk addımlarını atır. Əsası Rəsulzadə tərəfindən qoyulan Azərbaycan Kültür Dərnəyinin, eləcə də dərnəyin çap etdiyi "Azərbaycan türk kültür dərgisi"nin fəaliyyətində önəmli rol oynayan şəxsiyyətlər arasında Lətif, İskəndər, Feyzi Aküzüm qardaşları önəmli simalardan olub. Azərbaycan əsilli bu ailənin nümayəndələri Rəsulzadənin ən yaxın silahdaşları olmaqla yanaşı, uzun müddət dərnəyin rəhbərliyində yer alıblar.
Onların bu istiqamətdə fəaliyyəti, Rəsulzadə ilə bağlı xatirələri və digər məqamlarla bağlı daha geniş məlumat əldə etmək üçün Lətif Aküzümün oğlu, keçmiş nazir və millət vəkili İlhan Aküzümlə həmsöhbət olduq. İlhan Aküzüm 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan və Türkiyə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və diaspor quruculuğu sahəsində səmərəli fəaliyyətinə görə "Dostluq" ordeni ilə təltif edilib.
- İlhan bəy, əmiləriniz İskəndər və Feyzi Aküzümlər uzun illər Azərbaycan Kültür Dərnəyinə rəhbərlik edib. Onların Rəsulzadə ilə əməkdaşlığı nə zamandan başlamışdı?
- Atam və əmilərimin Rəsulzadə ilə əlaqələri elə onun Türkiyəyə mühacirət etməsindən sonra yaranmışdı. O, sonuncu dəfə Türkiyəyə qayıtdıqdan sonra Ankarada rastlaşdığı Azərbaycan kökənli türkçü dostları ilə bir mücadilə mərkəzi qurmağa başlayır. 1 fevral 1949-cu ildə qurulan Azərbaycan Kültür Dərnəyi başlatdığı fəaliyyət və konfranslarla getdikcə bir məktəbə çevrilir. Burada yetişən nəsillərə 28 may 1918-ci il tarixli milli dövlətin sonsuza qədər yaşaması düşüncəsi və idealları anladılır. Bu idealların yaradıcıları isə Rəsulzadə və dostları idi. Əmim Feyzi Aküzüm dərnəyin dərgisinin yaşamasında böyük səy göstərmişdi. O, gerçək bir Azərbaycan sevdalısı idi. Dərnək qurulduğu ilk gündən onun baş katibi olmuşdu. Atam Lətif Aküzüm bir neçə dönəm Türkiyə Böyük Millət Məclisinin Qarsdan millət vəkili olub. O və əmilərim sona qədər Rəsulzadənin yanında oldular.
- Atanızın millət vəkili kimi dərnəyə dəstəyi nədən ibarət idi?
- Lətif Aküzüm 1950-ci ildə millət vəkili seçilir. Türkiyədə millət vəkilliyi çox önəmli bir vəzifədir. Rəsulzadə dərnəyi qurarkən ona ən böyük dəstəyi də atam vermişdi, dərnəyin yaşaması üçün əlindən gələni etmişdi. Amma dərnəyin idarəçiliyində əmim yer alıb. Feyzi Aküzüm dərnəyə 22 il, Azərbaycan müstəqillik qazanana qədər rəhbərlik etmişdi. 1990-cı ildə təkrar rəhbər seçilir. Amma deyir ki, Azərbaycanın müstəqilliyi uğrunda mücadilə aparan dərnəyin missiyası artıq burda başa çatır. Bundan sonra Azərbaycan Kültür Dərnəyi dünyada Azərbaycanın tanıtımı üçün fəaliyyət göstərəcək. Bundan sonra onun yerinə Cəmil Ünal rəhbər seçilir və bu günə qədər də bu fəaliyyət onun tərəfindən davam etdirilir. Əmim 1991-ci ildə vəfat edib. Türkiyədəki Azərbaycan adına ilk dərnək Rəsulzadənin qurduğu Azərbaycan Kültür Dərnəyi idi. Digər dərnəklər Azərbaycan müstəqillik əldə etdikdən sonra qurulub.
- O zaman bu dərnək Türkiyə həyatında necə yer tutub? Ona münasibət necə olub?
- Sizə bir misal deyim. 1980-ci ildə Türkiyədə baş verən məlum çevriliş zamanı bütün dərnəklər, eləcə də Azərbaycan Kültür Dərnəyi 8 ay müddətinə qapadılır. O zaman əlində dərnəyin sənədləri qapıda gözləyən yenə də əmim Feyzi Aküzüm olub. Türkiyədə təkrar fəaliyyətinə ilk icazə verilən dərnək də elə Azərbaycan Kültür Dərnəyi olur. Çünki Türkiyədə bu dərnəyə xüsusi sayğı olub. Əmim də ömrünü o dərnəyə sərf edib.
- O zamanlar Azərbaycan Kültür Dərnəyinin keçirdiyi Azərbaycan gecələrinin xüsusilə yaddaqalan olduğu söylənilir. Yəqin ki, siz də o tədbirlərə qatılmısınız. Bu mərasimlərdən ən çox hansı məqamları xatırlayırsınız?
- 1985-ci ildə idmançı Naim Süleymanov Bolqarıstandan Türkiyəyə qaçmışdı. Bu hadisə 1985-ci il Azərbaycanın Müstəqillik Günü ərəfəsində baş vermişdi. Turqut Özal baş nazir idi, mən isə millət vəkili idim. Mənə zəng etdi və dedi ki, gecə keçirirsiniz, amma mənim xəbərim yoxdur. Sonra dedi ki, gəlirəm, həm də bir sürprizim var. Demə, sürprizi də Naim Süleymanov imiş. Ankaradakı "Dedeman" hotelində Azərbaycanın Müstəqillik Günündə Naim Süleymanovun Türkiyəyə gəldiyini və Türkiyə vətəndaşlığı üçün müraciət etdiyini elan etmişdilər. Həmin gün Türkiyədəki bütün mətbuat təmsilçiləri oraya gəlmişdi. Elə o gecədə N.Süleymanovun Türkiyədə olduğu bütün dünyaya bildirildi. Bu da Azərbaycana verilən dəyər idi. Belə bir önəmli hadisə Azərbaycan gecəsində elan olunmuşdu. Yəni demək istəyirəm ki, Türkiyənin dövlət başçıları hər zaman Azərbaycanın yanında olub, ona dəstək veriblər. O gecələrə hər zaman Türkiyənin dövlət adamları qatılıblar. Türkiyədə Azərbaycan türklərinə böyük sevgi olub və buna şahidəm.
- Hazırda Rəsulzadə ilə bağlı evinizdə hansısa bir əşya, xatirə qorunurmu?
- Mənim anamın atası gəncəli Sarı Ələkbər İmanquludur. 1920-ci ildə Gəncə kommunistlər tərəfindən işğal edildikdən sonra 16 yaşlı dayımla Türkiyəyə gedir. Nənəm Cəvahir, başqa dayım Qulu isə sürgün edilir. 16 il sonra sürgündən qaçıb Gəncəyə gəlir və 1936-cı ildə gizli Türkiyəyə gedirlər. Sarı Ələkbər o zamanın xalq qəhrəmanı olub və "Gəncə şəhidləri" kitabında da adı keçir. 1938-ci ildə babam Sarı Ələkbər İmanqulu Türkiyədə vəfat edir. O zamanlar Rəsulzadə Polşanın paytaxtı Varşavada yaşayırmış və oradan da öz əlləri ilə başsağlığı məktubu yazır. Məktubda belə bir qəhrəmanı itirdiyimizə görə üzüntüsünü ifadə edir. Rəsulzadənin yazdığı bu məktub qiymətli əşya kimi evimizdə qorunur. Bundan başqa, Rəsulzadə Feyzi əmimə öz imzası ilə kitabını verib ki, onu da qiymətli xatirə əşyası kimi qoruyuruq. Rəsulzadə böyük türkçü olmuşdu. O, çox gözəl dövlət qurmuşdu. Bu dövləti dağıtsalar da, o öz mücadiləsindən vaz keçmədi. Azərbaycanın müstəqilliyinin ləğvi ilə heç vaxt barışmamışdı. Türkiyəyə də bir gün Azərbaycan öz müstəqilliyinə qovuşacaq düşüncəsi ilə gəlmişdi. Siyasi hadisələrə görə Varşavaya getməyə məcbur olmuşdu. Sonra yenidən Türkiyəyə dönmüş, ömrünün sonunadək burada yaşamış, vəfatından sonra da hər zaman şükran və minnətdarlıqla anılmışdı. Rəsulzadənin vəfatı bütün türklər üçün böyük üzüntü olmuşdu. Onun dəfni zamanı cənazəsinin başı üzərində də atam dayanıb. Rəsulzadənin adı, xatirəsi hər zaman qəlbimizdə yaşayır.
Mehparə Sultanova
Ankara