Monteneqronun Donya Qoritsa Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan və Monteneqro Birinci Dünya müharibəsindən sonra" mövzusunda konfrans keçirilib. Tədbir ölkəmizin Monteneqrodakı diplomatik nümayəndəliyinin, Azərbaycan-Monteneqro mədəni və iqtisadi mərkəzinin, "Azmont İnvestments" şirkətinin dəstəyi ilə gerçəkləşib.
   Konfransı açan professor Milan Podunavaç iki respublikanın dövlətçilik tarixinin araşdırılmasının xüsusilə tələbələr üçün maraqlı olacağını deyib.
   Azərbaycan-Monteneqro mədəni və iqtisadi mərkəzinin direktoru Seyran Mirzəzadə I Dünya müharibəsinin sonunda - 1918-ci ildə Monteneqronun müstəqilliyini itirdiyini, Azərbaycanın isə istiqlaliyyətini əldə etməsinə rəğmən Cümhuriyyətin ömrünün qısa olduğunu və beləliklə, hər iki xalqın həmin dövrdə oxşar tale yaşadığını xatırladıb.
   Konfransda Monteneqronun Geopolitika Mərkəzinin direktoru, professor Jivko Andriyaşeviç, AMEA-nın Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov, "Gənc Diplomatların Peşəkar İnkişafına Dəstək" İctimai Birliyinin sədri Fərid Muradov və başqalarının məruzələri dinlənilib.