Xəbər verdiyimiz kimi, bu il 18 may - Beynəlxalq muzeylər günü "Hiperkommunikasiya dövründə muzeylər: yeni yanaşmalar, yeni auditoriyalar" mövzusuna həsr olunub. Əlamətdar gün münasibətilə Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində "açıq qapı" aksiyası keçirilib.
   Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şeyla Heydərova muzeyin 20 illik fəaliyyəti, maestronun adını daşıyan təhsil ocaqları, xeyriyyə fondları, festivallar, müsabiqələr və digər müəssisələr ilə hiperkommunikativ əlaqələr mövzusunda çıxış edib.
   Muzeyə gələn ziyarətçilərə fotosərgi və sənədli filmlərdən videofraqmentlər nümayiş olunub.
   ***
   C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində də Beynəlxalq muzeylər günü münasibətilə keçirilən "açıq qapı" aksiyasında ziyarətçilərə fotosərgi və sənədli filmlərdən videofraqmentlər nümayiş edilib. Azərbaycan Milli Konservatoriyasının tərkibindəki Musiqi Kollecinin tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.
   ***
   Bülbülün memorial muzeyində də muzey işçilərinin beynəlxalq peşə bayramı qeyd olunub. 18-19 may tarixində muzeydə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün şəxsi əşyalarından ibarət sərgi təşkil edilib. Sərgi muzeyin qonaqları tərəfindən maraqla qarşılanıb.