Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və ölkəmizin səfirliyinin dəstəyi ilə Daşkənddəki "Türküstan" sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə möhtəşəm dostluq konserti keçirilib.
Öncə iştirakçılar "İstiqlalın 100 illiyi mübarək - Azərbaycan!" adlı foto və kitab sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələrini özündə əks etdirən müxtəlif guşələr, kompozisiyalar qurulub, Azərbaycan Xalq Cümhuriyyətinə dair fotoşəkillər, nəşrlər nümayiş etdirilib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat verib.
Konsertdə dirijor Maqsid Ubayevin idarəsi ilə Özbəkistanın Gənclərdən ibarət simfonik orkestri və Azərbaycanın Əməkdar artisti, 2017-ci ildə Səmərqənddə keçirilmiş "Şərq təranələri" Beynəlxalq musiqi festivalının Qran-pri mükafatçısı, tarzən Sahib Paşazadə çıxış ediblər.
Proqramda Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Vasif Adıgözəlov və Fərhad Bədəlbəylinin əsərləri ifa olunub. "Koroğlu" uvertürası ilə başlanan konsertdə "Alban rapsodiyası", "Min bir gecə", "Çahargah rapsodiyası", "Qərənfil", "Şuşa" və başqa əsərlər səslənib. Əsərlər ifa edildikcə səhnədəki böyük ekranda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, habelə ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, milli mədəniyyətimiz barədə videomateriallar nümayiş etdirilib.
Tədbirdə Özbəkistanın Xalq artisti Nəsibə Abdullayeva "Küçələrə su səpmişəm", Əməkdar artist Erkin Ramazanov isə "Sarı gəlin" Azərbaycan xalq mahnılarını ifa ediblər. Konsert proqramı tamaşaçıların alqışları ilə qarşılanıb.