Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayev anadan olmasının 100-cü ildönümündə Türkiyənin Kayseri şəhərində təşkil edilmiş konsert proqramı ilə yad edildi. 
   Erciyes Universitetindəki Sabançı Mədəniyyət mərkəzində 2018-ci ildə TÜRKSOY tərəfindən elan edilmiş “Qara Qarayevi anma ili" çərçivəsində dahi musiqiçinin əsərləri səsləndi. Tədbirin təşkilatçıları universitetin Musiqi bölümünün müəllimləri - professor Nigar Əsgərova, dosentlər Afaq Cəfərova və Rauf Kərimov idi.
   Konsertdən öncə professor Nigar Əsgərova və Qara Qarayevin tələbəsi, dosent Afaq Cəfərova çıxış edərək bəstəkarın yaradıcılığından söz açdılar.
   Sonra konsertin iştirakçıları - Azərbaycandan Həqiqət Məhərrəmova (piano), Nərgiz Eminova (piano), Samir Mirzəyev (piano), Cəmilə Əsgərova (skripka), Qırğızıstandan Gülnara Jorobekova (piano), Rusiyadan Yuri Sayutkin (piano) və Türkiyədən Gül Fəhriyə Evren (soprano) və Mehmet Yıldız (vokalçı) bir-birinin ardınca səhnəyə çıxdılar. 
   Konsertdə Qara Qarayevin "İldırımlı yollarla", "Yeddi gözəl" baletləri, "Don Kixot" simfonik qravürü kimi dünyaca məşhur əsərlərindən parçalar, rus şairi Aleksandr Puşkinin şeirlərinə yazdığı romanslar, müxtəlif prelüd və sonatalar səsləndirildi. 
   Mərasimin sonunda Afaq Cəfərovaya TÜRKSOY-un Qara Qarayevin 100 illiyinə həsr edilmiş xatirə hədiyyəsi təqdim edildi. 
   
   Mehparə Sultanova
   Ankara