71-ci Kann kinofestivalının qalibləri elan edilib
Fransanın Kann şəhərində mayın 8-dən 19-dək keçirilən dünyanın ən nüfuzlu kinofestivalının qalibləri elan edilib.
   Avstraliyalı Keyt Blanşetin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən festivalın baş mükafatına - "Qızıl palma budağı"na yaponiyalı rejissor Hirokazu Koreedayanın "Mağaza qarətçiləri" filmi layiq görülüb.
   Festivalın ikinci mükafatı sayılan - Qran-pri mükafatını amerikalı Spaik Linin "Qara qəbiləli" filmi qazanıb.
    “Ən yaxşı qadın rolu" nominasiyasında mükafat “Ayka" filmində (rejissor Sergey Dvorsevoy) baş rolu ifa edən qazaxıstanlı aktrisa Samal Yeslyamovaya təqdim olunub. 
   "Ən yaxşı kişi rolu" nominasiyasında italyan aktyor Marselo Fonte ("Doqmen") mükafatlandırılıb.
   Jürinin mükafatına livanlı Nadin Labakinin "Kapernaum" filmi layiq görülüb. İlk dəfə olaraq təqdim olunan "Xüsusi qızıl palma budağı" mükafatı isə fransız rejissor Jan-Lük Qodarın "Şəkil kitabı" filminə verilib.
   "Ən yaxşı rejissor" adını polşalı kinorejissor Pavel Pavlikovski "Soyuq müharibə" filminə görə qazanıb. 
   "Ən yaxşı ssenari" nominasiyasında mükafata iki film - "Xoşbəxt Lazar" (Alis Rohrvaçer) və "Üç sifət" (Cəfər Pənahi və Nader Sevar) layiq görülüb. 
   "Qızıl kamera" mükafatı Lukas Dontun "Qız" adlı filminə təqdim edilib. 
   Qısametrajlı filmlər arasında mükafata Şarl Vilyamın "Bütün bu məxluqlar" filmi layiq görülüb.
   
   İlona