Kərim Tahirov: "Kitabxanaçılıq təcrübə sahəsidir. Fəaliyyətimizdə daim yeniliklər axtarışındayıq"
   
   Bu il M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası fəaliyyətə başlamasının 95 illiyini qeyd edir. Azərbaycan Xalq Maarif Komissarlığının 1920-ci il 13 noyabr tarixli qərarına əsasən təşkil edilmiş kitabxananın rəsmi açılışı 1923-cü il mayın 23-də gerçəkləşib. Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovla mədəniyyət ocağının fəaliyyəti barədə söhbət etdik. 
   
   - Kərim müəllim, beş il əvvəl Milli Kitabxananın 90 illik yubileyi təntənə ilə qeyd edildi. Ötən dövrdə kitabxanada hansı yeniliklər baş verib?
   - Öncə onu bildirim ki, Milli Kitabxananın 90 illik yubileyi dövlət başçısının sərəncamı ilə çox yüksək səviyyədə qeyd olundu, kollektivimizin bir sıra üzvləri medal və fəxri adlarla təltif olundular. Biz də öz işimizlə daim bu etimadı doğrultmağa çalışırıq. Ötən beş ildə fəaliyyətimizdə dəyişikliklər olub, yeni iş formaları tətbiq edilib. Kitabxanada bütün proseslərin avtomatlaşdırılmasını tam başa çatdırmışıq, "Açıq kitabxana" layihəmiz reallaşıb. Bu yaxınlarda alman mütəxəssislərdən məktub almışıq. Onlar Milli Kitabxana sistemində "Açıq kitabxana"nın fəaliyyət təcrübəsini bizdən öyrənmək arzusundadırlar. Çox yerdə kütləvi kitabxana formasına aid belə təcrübələr mövcuddur. Lakin Milli Kitabxana nəzdində həftənin 7 günü, 24 saat xidmət göstərən açıq kitabxana ilk dəfə olaraq bizdə həyata keçirilib. 
   
   - Milli Kitabxananın beynəlxalq əlaqələri də genişlənir...
   - Hazırda kitabxanamız 60-dan çox kitabxana ilə kitab mübadiləsini həyata keçirir. Bütün bu əlaqələrin yaradılmasında məqsədimiz Azərbaycanın mədəniyyətini, ədəbiyyatını, tarixini kitabla tanıtmaqdır. Bundan əlavə, beynəlxalq kitab sərgilərində ölkəmizi təbliğ etmək qarşımızda duran əsas vəzifələrdən biridir. Bu sərgilərdə təqdimatlar, insanlara ölkəmizin zəngin mədəni irsini əks etdirən kitabların pulsuz paylanması da qeyd etdiyim amilə xidmət edir. Böyük yazıçılarımızın yubileylərini xarici ölkələrdə də qeyd edirik. 
   
   - Fonddakı kitabları və mətbuat arxivini elektron kataloqa köçürmək mümkün olubmu?
   - Bəli, dünyanın istənilən ölkəsindən fondumuzda olan kitabı oxumaq mümkündür. Lakin onları elektron daşıyıcılara köçürmək, surətini çıxarmaq, çap etmək mümkün deyil. Dövri mətbuatla bağlı daxil olan bütün mətbu nümunələr də dərhal elektronlaşdırılır, ötən əsrin mətbu nümunələri isə növbəli şəkildə yerləşdirilir. 
   
   - "Vahid avtomatlaşdırılmış kitabxana informasiya sistemi"nin tətbiqi hansı səviyyədədir?
   - Bu layihə bir neçə il əvvəl reallaşdırılıb. Dünyada bu sahədə proqramlar getdikcə yenilənir, biz də bu sistemi həmin proqrama uyğun yeniləmək fikrindəyik. Dünyada texnoloji sistem dayanmadan inkişaf edir və Milli Kitabxana çalışır ki, bu yenilikləri tətbiq etsin. İnformasiya texnologiyaları zamanın tələbidir. Son illər informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqi ilə əlaqədar olaraq Milli Kitabxanada "Elektron informasiya xidməti", "İnfrastrukturun təşkili və proqram təminatı", "Avtomatlaşdırma və informasiya texnologiyaları" və s. şöbələr yaradılıb. 
   
   - Kitabxananın peşəkar kadrlarla təminatı barədə nə deyərdiniz? Müşahidələrimizə görə, kollektivinizdə gənclərin sayı çoxdur...
   - Kitabxanaçılıq təcrübə sahəsidir. Bu işdə təcrübə həmişə nəzəriyyədən qabaqda olub. Burada ixtisaslı və savadlı, müasir dövrün tələblərinə uyğun biliklərə malik kadrların işləməsi xüsusilə vacibdir. Bu gün bizim müəssisənin, demək olar ki, 80 faizi gənc kadrlardan ibarətdir. Xidmət şöbəmizdə çalışanlar müasir oxucunun tələbatını bilən, kitabxana işinin yeni qaydalarını mənimsəmiş, kreativ düşünən əməkdaşlardır. Elə şöbələrimiz var ki, burada həm gənc, həm də uzun müddət bu sahədə çalışan təcrübəli kadrlar bir arada çalışırlar. Bu da kitabxana işinin gənc nəslə ötürülməsi, müəyyən analitik məlumat, biblioqrafik təcrübələrin bölüşməsinə xidmət edir. 
   
   - Regionlarla əlaqələr necə qurulub?
   - Mədəniyyət naziri Əbülfəs Qarayev nazirliyin sonuncu kollegiya iclasında belə bir fikir səsləndirdi: "Mən bütün müəssisə rəhbərlərinə deyirəm ki, regionlara gedin, onlarla sıx əməkdaşlıq edin". Bu fikir bizim üçün istiqamət oldu. Mütəmadi olaraq bölgələrə gedirik. Ağcabədi, Tərtər, Qazax və Ağdaşda treninqlər təşkil etmiş, nəşrlərin təqdimatını keçirmişik. Bölgə kitabxanaları ilə təcrübə mübadiləsi aparılır, onların təklif və müraciətlərini dinləyirik. Bizim onlara, onların da bizə sözü var. Regionlarla əlaqə oxucularla yaxınlaşmağa kömək etməklə yanaşı, nəşrlərimizin istifadəsinə də yardım edir.
   
   - Ölkənin baş kitabxanasının rəhbəri kimi həmkarlarınıza nə sözünüz var?
   - Kitabxana sahəsində çalışanlara cansağlığı arzulayır, hər zaman ictimai həyatın önündə olmağı, günün nəbzini tutmağı diləyirəm. Çünki biz ölkəmizin əsas təbliğat vasitələrindən biriyik. Çalışaq kitabları insanlara yaxınlaşdıraq və sevdirək. Bu işdə onlara uğurlar arzulayıram. 
   
   Lalə Azəri