ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilən silsilə tədbirlərdən biri kimi tələbələr arasında keçirilən "Cümhuriyyət tələbələri" mövzusunda inşa müsabiqəsinə yekun vurulub.
   Müsabiqəyə təqdim olunan yüz tələbənin inşası "Student Essays" toplumu şəklində çap edilib.
   Azərbaycan Xalq Cümhuriyyəti dövründə çətinliyə baxmayaraq milli kadr quruculuğu məqsədilə 102 gəncin xaricə oxumağa göndərilməsi və onların sonrakı taleləri inşalarda tədqiqat mövzusu olub. 
   Biznes İnstitutunun bakalavrı Könül Bədəlova həkim Mürsəl bəy Şahsuvarov, İctimai və Beynəlxalq Münasibətlər İnstitutunun bakalavrı Nərgiz Qeybullayeva isə mühəndis Abbas bəy Atamalıbəyov haqqında yazdıqları inşalara görə üçüncü yeri tutublar. Hər iki tələbəyə ADA Universitetinin yeni nəşri - ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun təsisçisi, professor Frederik Starrın müəllifi olduğu "İtirilmiş maarif: Mərkəzi Asiyanın qızıl dövrü ərəb istilasından Teymurləngədək" kitabı hədiyyə edilib. 
   İctimai və Beynəlxalq Münasibətlər İnstitutunun bakalavrı Roza Səfixanlı "Cümhuriyyət tələbəsi" hüquqşünas Mustafa ağa Vəkilov barədə yazdığı inşaya görə ikinci yeri tutub. Tələbəyə "iPad" hədiyyə olunub. Müsabiqənin qalibi isə İctimai və Beynəlxalq Münasibətlər İnstitutunun bakalavrı Ceyhun Əliyev (publisist Hilal Münşizadə barədə inşa) seçilib. Qalib tələbə Azərbaycanın Avropa İttifaqı ölkələrindəki diplomatik nümayəndəliklərindən birində bu yay təcrübə keçmək imkanı qazanıb.