Milli İncəsənət Muzeyində "İrs. Azərbaycan Xalq Cümhuriyyəti - 100" adlı sərgi açıldı
   Mayın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində "İrs. Azərbaycan Xalq Cümhuriyyəti - 100" adlı sərginin açılışı keçirildi. 
   Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Prezident İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin müxtəlif tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu tarix xalqımız üçün mühüm və əlamətdardır: "Biz bu tarixlə qürur duyuruq. Müsəlman Şərqində ilk parlamentli respublika olan Xalq Cümhuriyyəti 23 ay yaşasa da, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də mühüm addımlar atıb. Dövlətçilik ənənələrinin bərpasında Cümhuriyyətin gördüyü işlər əvəzolunmazdır. Bütün təzyiqlərə baxmayaraq, ilk respublikamız çox ağır bir dövrdə yarandı və özünü təsdiq edə bildi".
   Vaqif Əliyev qeyd etdi ki, Bakı Dövlət Universitetinin yaradılması, dövlət dili haqqında qanun, qadınlara səsvermə hüququnun verilməsi, beynəlxalq əlaqələrin qurulması kimi vacib məqamlar Cümhuriyyətin tariximizə yazılan qiymətli salnamələridir. Vurğulandı ki, Cümhuriyyətdən sonrakı dövrdə də Azərbaycan xalqının mədəni dəyərləri zənginləşib: "Təsviri sənətimizin görkəmli simaları Əzim Əzimzadə, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Xalidə Səfərova, Cavad Mircavadov, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Tahir Salahov və başqa rəssamların yaradıcılığı məhz XX yüzillikdə formalaşaraq ölkəmizi dünyaya tanıdıb. Xalq Cümhuriyyətinin müstəqillik, azadlıq ideyalarının, demokratik dəyərlərin, azərbaycançılıq məfkurəsinin təbliği hər zaman rəssamların yaradıcılığında özünəməxsus yer tutub. Bu gün təşkil edilən sərgidə milli ruhun tərənnüm olunduğu əsərləri görürük. Hazırda dövlətimiz mədəniyyətin bütün sahələrinə çox böyük diqqət yetirir, o cümlədən də mütəmadi olaraq dünyanın nüfuzlu sərgi salonlarında rəssamlarımızın fərdi sərgiləri təşkil edilir, təsviri sənətimiz tərənnüm olunur". 
   Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, "Yeni Gallery" Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədov Cümhuriyyət tarixi və sərginin əhəmiyyəti barədə fikirlərini bölüşdülər. Azərbaycan dövlətinin rəssamlara göstərdiyi diqqət və qayğıdan söz açıldı. Bildirildi ki, bu gün rəssamlar üçün hər cür şərait yaradılıb. Sovetlər dövründə beynəlxalq sərgilərdə rəssamlarımız sovet rəssamı, böyük ölkənin vətəndaşı kimi tanıdılırdı. Bu gün isə sənətkarlarımız Azərbaycan ünvanı ilə çıxış edirlər. Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. 
   Qeyd edək ki, sərgidə Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından, rəssamların şəxsi kolleksiyalarından seçilmiş əsərlər, Bakı İncəsənət Mərkəzinin təqdimatında əsas etibarilə Cümhuriyyət tarixini əks etdirən arxiv foto və sənədləri, o cümlədən tanınmış hüquqşünas Rəşid Rzayevin şəxsi kolleksiyasından 1919-1920-ci illərə aid əsginaslar və poçt markaları nümayiş olunur. Sərgidə Cümhuriyyətin "İstiqlal Bəyannaməsi"ni elan edən Milli Şura üzvlərinin portretləri, milli hökumətin üzvləri haqqında məlumat, Qafqaz İslam Ordusunun, Azərbaycan Milli Ordusunun və sərkərdələrinin fotoşəkilləri yer alıb. Eksponatlar arasında Cümhuriyyətin xəritələri xüsusi yer tutur. Onların sırasında Paris Sülh Konfransına təqdim edilmiş, habelə Cümhuriyyətin sərhədlərini əks etdirən siyasi xəritələr də var. Ekspozisiyada həmçinin 1920-ci il aprelin 28-də Cümhuriyyətin varlığına son qoyan bolşevik Rusiyasının 11-ci ordusunun Bakıda çəkilmiş fotoları da nümayiş olunur. 
   
   Lalə Azəri