Noyabrın 5-dək yaradıcılıq birliyinin ekran əsərləri nümayiş olunacaq
   
   Noyabrın 1-də “Nizami” Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşkilatçılığı ilə “Carçı film” günlərinə start verilib. Kino günlərinin açılış mərasimi “Carçı film” yaradıcılıq birliyinin fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlandı.
   
   İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov teleradio işçilərinin peşə bayramı ərəfəsində reallaşdırılan layihəyə göstərdiyi təşkilati dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə və “Nizami” Kino Mərkəzinə minnətdarlığını bildirib.
   2005-ci ildən fəaliyyət göstərən telekanalda çoxlu sayda sənədli və bədii filmlərin çəkildiyini bildirən İ.Ömərov “bizim proqram siyasətimiz milli-mənəvi dəyərlərimizin qorunması, tanınması, onun təbliğinə dəstək olmaqdır”, - deyə vurğuladı. Baş direktor “Carçı film” yaradıcılıq birliyinin fəaliyyətindən söz açdı: “İlk filmlərimiz - bizim tariximizi şərəfləndirən, böyük milli-mənəvi dəyərlərimiz olan ziyalılarımız, şairlərimiz, yazıçılarımız, bəstəkarlarımız və Azərbaycan Demokratik Cümhuriyyətinin yaradıcılarının həyatından bəhs edən sənədli filmlər idi. Sonra bədii filmlərə imza atmağa başladıq. Bu ekran əsərləri şedevrlər, yüksək sənət əsərləri olmasa da, bu günümüz üçün normal filmlərdir”.
   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan kinosunun və televiziya filmlərinin inkişafından danışdı, televiziyanın cəmiyyətdəki maarifləndirici rolunu vurğuladı. Kinonun cəmiyyətin inkişafı ilə adekvat, paralel inkişaf edən canlı orqanizm olduğunu nəzərə çatdırdı. İctimai Televiziyanın Azərbaycan üçün yeni olan bir layihəyə imza atdığını deyən nazir müavini bildirdi ki, “Carçı film”in çəkdiyi filmlərə tamaşa edərkən böyük rejissor əməyi, ustad aktyorların zəhmətinin nəticəsinin şahidi oluruq. Bu xarakterli tədbirlərin bundan sonra da davam etdirilməsi milli kinomuzun təbliği işində müsbət addım olardı.
   C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov dünyada kino sənayesinin sürətlə inkişaf etdiyini vurğulayaraq Azərbaycan kinosunda gedən proseslərdən, yeni yaranan Prodüserlər Gildiyasının fəaliyyətindən danışdı. Birgə fəaliyyət göstərib keyfiyyətli məhsul ortaya qoymağın vaxtı olduğunu bildirdi.
   Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, tanınmış şair Ramiz Rövşən, Xalq artisti Ramiz Əzizbəyli, Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı “Carçı film” günlərinin keçirilməsinin mədəni həyatımızda əlamətdar hadisə olduğunu vurğuladılar, ölkəmizdə kino sahəsinə göstərilən dövlət dəstəyindən danışdılar.
   Sonra “Carçı film”in istehsal etdiyi, ssenari müəllifi Ramiz Rövşən, quruluşçu rejissoru Cavid Təvəkkül olan “Səhərə inan” bədii filmi nümayiş olundu.
   Noyabrın 5-dək Nizami Kino Mərkəzində “Carçı film”in istehsalı olan “Fosfor adam”, “Azarkeş”, “Əzizim Fellini”, “Sovqat”, “Gəl təzədən evlənək”, “Qovğalı kəndinin gecələri”, “Yanlış da bir naxışdır”, “Dalan” və s. ekran əsərləri nümayiş olunacaq. Filmlərin nümayişi pulsuzdur.
   
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar