"Orda fərqli bir ab-hava, tarix vardı. Azərbaycan istiqlal mücadiləsinin ayaq səsləri vardı..."
Həmsöhbətim Səlcuq Önal ömrünün nə az, nə çox - 43 ilini Ankarada Azərbaycan Kültür Dərnəyinə həsr edib və bu fəaliyyətinə davam etməkdədir. Onu dərnəyə bağlayan isə, özünün dediyi kimi, Məhəmməd Əmin Rəsulzadənin ideyaları, ona sevgisi olub. Onunla söhbətimizdə bir sıra maraqlı məqamlara toxunduq.
- Səlcuq bəy, daha gənc yaşlarınızdan Azərbaycan Kültür Dərnəyində fəaliyyətə başlamısınız. Bəlkə öncə bu tarixçədən başlayaq?
- 1975-ci ildə İqdırdan Ankaraya ali təhsil almağa gəldim. Elə oldu ki, bir gün dostlarımızla toplaşıb birlikdə dərnəyə getdik. Elə o gündən bu gün dərnəkdəyəm. Mən Məhəmməd Əmin Rəsulzadəyə qarşı sevgini yaşayanlardan biriyəm. Dərnəyə 20 yaşımda gəldim. Bu gün 63 yaşım var. 43-cü ildir ki, dərnəkdə çalışıram, onun 37 ilini idarə heyətinin üzvü kimi fəaliyyət göstərməkdəyəm. Dərnəyin bütün işlərində iştirak etmişəm. Türkiyədə heç bir dərnək Azərbaycan Kültür Dərnəyi kimi fəaliyyət göstərməyib. Dərnəyin rəhbərliyində, "Azərbaycan türk kültür dərgisi"nin çıxarılmasında məşhur isimlər yer alıb. Şanslıyam ki, Rəsulzadənin zamanından dərginin baş yazarı olmuş Abdulvahap Yurtseveri tanımaq fürsətim oldu, onun Azərbaycan haqqında fikirlərini dinlədim. Deyirdi ki, Azərbaycan mütləq istiqlalına qovuşacaq. Bu fikirləri dinlədikcə biz də bu əminliklə yaşayırdıq.
- Siz dərnəyə gələndə artıq Rəsulzadə vəfat etmişdi. Ona qarşı sevgi necə yarandı sizdə?
- Sizə səmimi duyğularımı söyləyim. Bizim fəaliyyətlərimiz türklüklə, daha doğrusu, Azərbaycanla bağlıdır. Bu bir könül işidir. Öncə dərnək Ulus məhəlləsində yerləşirdi. "Altın çarşı"da bir binanın üçüncü mərtəbəsində böyük bir otaq var idi. 324 saylı otaq Rəsulzadənin ayaq izlərinin olduğu yerdir. Otağının qapısını açdığımız zaman gördüyüm taxta masa, stul, divarlardakı ağzına qədər kitablarla dolu dolablar, Rəsulzadə və Atatürkün rəsmləri... Orda fərqli bir ab-hava, tarix vardı. Azərbaycan istiqlal mücadiləsinin ayaq səsləri vardı. Onu hiss etmək lazımdır. Gördükcə, oxuduqca, hiss etdikcə, danışdıqca dərnəyə daha çox bağlandım və qaldım. Rəsulzadə mənim doğulduğum ildə vəfat edib. Amma onun fikirləri yaşayırdı. Yəni bir ömrün tamamını Azərbaycan istiqlalına həsr etmiş bir öndərdir. O yoxdan bir dövlət qurub. Ümməti millət edən bir öndər olub. Kitablar yazıb. Bu gün Rəsulzadə irsini araşdırırlar. Əgər mənbə olmasa, araşdıra bilərlərmi? Deməli, bu adam öz xalqına həm də böyük bir irs qoyub gedib. Onu görənlər deyirdi ki, hər zaman səliqəli geyinərdi, qalstuk taxardı. Qalstuksuz, kostyumsuz bir şəklini görmədim. O, hərtərəfli bir lider olub, fikirləri ilə hər kəsə təsir edirmiş.
- Səlcuq bəy, siz həm də uzun müddət dərnəyin nəşr etdirdiyi "Azərbaycan türk kültür dərgisi"nin yazı işləri müdiri olmusuz. Bu dərgidə hansı mövzuda yazılar dərc olunurdu və ümumiyyətlə, o illərdə belə bir dərgini çıxarıb yayımlamaq çətin olmurdu ki?
- Təxminən 70-ci illərdə bir otaq düşünün: 40-50 stul var. Hər şənbə günü biz orada toplantılar keçirərdik. Dərgilər də bizim toplantıların işığında çıxardı. Onu dünyanın hər yerinə göndərərdik. Məsələn, 28 mayda Azərbaycan Cümhuriyyət Gününü keçirir və həm də bununla bağlı dərgi çıxarırdıq. 27 apreli isə qara gün olaraq anardıq. Bizim toplantılar sıradan olmazdı, çox böyük olardı. Sovetlər, İran dərnəyimizin bağlanması ilə bağlı dəfələrlə Türkiyəyə nota vermişdilər. Amma bizim fəaliyyətimiz qanun çərçivəsində idi. Rəsulzadənin zamanında dərginin baş yazarı Abdulvahap Yurtsever idi. O illərdə dərgidə Rəsulzadənin verdiyi konfranslar, yazdığı məqalələr yayımlanırdı. Sonra baş yazarımız Ahmet Karaca oldu. Müxtəlif məqalələrlə yanaşı insanların bizə gətirdikləri şeirləri də çap edərdik. Türk dünyası ilə də yaxşı əlaqələrimiz vardı.
- O zamanlar Azərbaycanla Türkiyə arasında əlaqələr kəsilmişdi. Maraqlıdır, Türkiyədə, xüsusilə də, 70-ci illərdə sizin kimi gənclərdə Azərbaycan sevgisi haradan yaranmışdı. Niyə Azərbaycan davasını aparan bu dərnəyə bu qədər bağlı idiniz?
- Çünki burada Rəsulzadə ideologiyası, onun izi var idi. Bunların fonunda dərnək bir fərqli imic, atmosfer formalaşdırmışdı. İnsanlar da ona görə bağlanırdılar. Rəsulzadə ideoloq, filosof olub. Heç vaxt boş durmayıb, hər mövzuda yazıb. Bu gün də bəzən ürəyim sıxılır, darıxıramsa, onun məqalələrini oxuyuram və bir rahatlıq tapıram.
O zamanlar bütün işləri dərnəyin gənclik təşkilatı həyata keçirirdi. Çox sanballı dərnək idi, toplantıları da möhtəşəm olub. Məsələn, biz təşkilati işlərlə məşğul olar, insanları gəzdirir, salona insanları toplayır və başqa işləri görərdik. Biz bu işləri görmək üçün gecə-gündüz çalışırdıq. Məsələn, folklor qrupumuz vardı. Bu qrupun çıxışlarını Atatürk idman sarayında minlərlə adam ayaqüstə alqışlayırdı. Beləliklə, Azərbaycan davasını, sevgisini hərtərəfli yaşadırdıq. O zamanlar dərnəkdən ayrılıb başqa bir bənzəri dərnək qurmaq istəyənlər olub. Amma bacarmayıb yenidən dərnəyə qayıdıblar. Dediyim kimi, Azərbaycan Kültür Dərnəyi sıradan bir qurum olmayıb. Onunla bağlı 30-40 dissertasiya işi yazılıb. Biz dərgilərin bütün saylarını qoruyuruq. Mən aylarla çalışdıqdan sonra onun biblioqrafiyasını hazırladım. Gəlib bizdən sənədləri, mənbələri istəyirlər və biz də veririk. Azərbaycan Kültür Dərnəyi bir tarixdir və bu tarix hər zaman yaşayacaq.
- Fəaliyyət göstərdiyiniz müddətdə hər hansı maneə, qadağalarla rastlaşdınızmı?
- Bu bir dəfə baş verdi, o da məlum 80-ci il hadisələrindən sonra. O zaman Türkiyənin hər yerində dərnəklər qapadılmışdı. Bizim də dərnək 3 aylıq bağlandı. O zaman dərnəyə rəhbərlik edən Feyzi Aküzüm aidiyyəti quruma məktub yazmışdı. O məktubda Rəsulzadənin fəaliyyətləri və digər məsələlər əhatə olunmuşdu. O sıradan məktub deyildi, fikirlərini cəsarətli cümlələrlə ifadə etmişdi. Məktubu mən də imzaladım. Təbii ki, Moskva, Sovetlər Birliyi dərnəyin bağlanmasını çox istəyirdi, amma alınmadı. Azərbaycan öz istiqlalına qovuşana qədər Azərbaycan Kültür Dərnəyi və onun tərkibində çıxan "Azərbaycan türk kültür dərgisi" üzərinə düşənləri lazımi qədər həyata keçirə bildi. Türkiyə dövləti də bizə dəstək oldu hər zaman. Türkiyədə Azərbaycan bayrağı, xəritəsi yalnız bizdə idi.
Sonda unutmadığım bir hadisəni sizə danışım. Bir dəfə Rəsulzadənin məzarı üzərində təmir işləri aparırdıq. Uzaqdan taksi dayandı və 4 gənc taksidən düşüb sürətlə bizə tərəf gəldi. Elə bilmişdilər ki, kimsə qəbrə ziyan vurur. Bizi görüncə dayandılar. Onlar Azərbaycan türkləri idi. Demək istəyirəm ki, Rəsulzadənin məzarının hər gün ziyarətçisi var. Türkiyəyə gəlib onu ziyarət etməyən azərbaycanlı yoxdur. Bu gün isə sevinirik ki, Allah bizə Azərbaycanın 100 illik yubileyini görməyi nəsib etdi.
Mehparə Sultanova
Ankara