"Aydınlığa doğru" İctimai Birliyi və Təhsil Nazirliyinin təşkilatçılığı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı proqram ofisinin dəstəyi ilə reallaşdırılan "Ailə akademiyası" layihəsinin məktəblilər arasında keçirdiyi "Ailəmiz - güvən yerimiz" müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi olub.
Tədbirdə ictimai birliyin rəhbəri Solmaz Əmirli layihə haqqında məlumat verib, istedadlı, savadlı gənclərin öndə getdikləri böyük bir Azərbaycan ailəsinin qorunması naminə birgə səylərin vacibliyini vurğulayıb: "Səylərimizi birləşdirsək, böyük Azərbaycan ailəsinin varlığını qoruyacağıq. Bu yolda əlimizdən gələni etsək, dünyada barışı, sevgini yayanlardan olacağıq".
Qeyd olunub ki, layihə üzrə 3-cü dəfə keçirilən müsabiqənin məqsədi məktəblilərin bədii təfəkkürünün inkişaf etdirilməsi, özünüifadə keyfiyyətlərinin formalaşdırılması və yaradıcılığının stimullaşdırılmasıdır.
Məktəblilərin yaradıcılıq imkanlarını fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova, şair, tərcüməçi Səlim Babullaoğlu, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi Rövşən Əliyev və "Dimed" klinikasının baş həkimi Səfərbəy Səfərbəyovdan ibarət münsiflər heyəti qiymətləndirib.
Müsabiqədə 229 saylı məktəbin 8-ci sinif şagirdi Elçin Abbasov 1-ci, 181 saylı məktəbin 8-ci sinif şagirdi Laçın Kazımova 2-ci, 314 saylı məktəbin 10-cu sinif şagirdi Səbinə Nəsibli isə 3-cü yerə layiq görülüb. Qaliblərə hədiyyələr verilib. Müsabiqədə fərqləndiyinə görə 16 iştirakçıya da xüsusi mükafatlar təqdim olunub.