Luvr muzeyinin Karusel salonunda XXI "Art Shopping" beynəlxalq müasir incəsənət sərgisi açılıb. Bu il ənənəvi sərgidə 15 ölkədən 450 rəssamın əl işləri nümayiş olunur.
Ölkəmiz "Art Shopping" sərgisində Əsmər Nərimanbəyova, Məryəm Ələkbərli, Cəmilə Sultan, Leyla Məlikli, Fidan Əliyeva, Fatma Məmmədova, Lalə Ağayeva, Aydan Hüseynli kimi rəssamlarla təmsil olunur.
Əməkdar rəssam Əsmər Nərimanbəyova sərgidə nümayiş olunan əsərlərində miniatür formadan istifadə edib. Onun əsərləri milli elementlərlə zəngindir və ekspressionist janrdadır. Rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində sərgilənib.
İstedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərləri altıncı ildir Luvr muzeyinin Karusel sərgi salonunda təqdim olunur. Onun rənglər dünyası dünyaya baxışını, təbiətsevərliyini, insanlara münasibətini, mövzu axtarışını duymağa imkan verir.
Qeyd edək ki, Məryəmin əsərlərinə məşhur fransız aktyoru Jerar Depardye xüsusi maraq göstərir. Fransız aktyorun kolleksiyasında gənc rəssamın 7 əsəri yer alıb.
"Art Shopping" beynəlxalq müasir incəsənət sərgisinə ilk dəfə qoşulan gənc rəssamlarımız Cəmilə Sultan və Leyla Məliklinin tabloları da ziyarətçilərin diqqətini cəlb edir.
Sərgiyə 4 əsəri ilə qatıldığını bildirən C.Sultan deyib: "Karusel salonunda ilk sərgimdir. Buna görə həm həyəcanlıyam, həm də belə nüfuzlu salonda əsərlərimin sərgilənməsindən çox şadam". Rəssam qeyd edib ki, Azərbaycan motivlərini çəkməyi çox sevir. Əsərlərində buta, nar, od və digər ənənəvi elementlərdən istifadə edir.
C.Sultan kontrast çalarları bir kompozisiyada birləşdirməklə effektli kolorit təzadları yaradır. Onun əsərləri insanı dərindən düşünməyə məcbur edir. İnsanların fərqli daxili aləmlərini aydın əks etdirir.
Gənc rəssam Leyla Məlikli sərgiyə iki əsəri ilə qoşulub. Bildirib ki, ilk dəfədir sərgidə iştirak edir: "Əsərlərimdə qadın mövzusuna geniş yer verirəm. Bu, mənim ilham qaynağımdır. Qadınları gözübağlı çəkirəm. Düşünürəm ki məhz bununla əsərlərim fərqlənir. Açıq rənglərə üstünlük verirəm".