"Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında" ölkə Prezidentinin 11 may 2017-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə cari ilin 4-7 iyun tarixində Bakıda Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbül adına vokalçıların VII Beynəlxalq müsabiqəsi keçiriləcək.
   Müsabiqədə Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Moldova, Monqolustan, Özbəkistan və Gürcüstandan gənc istedadlı vokalçılar iştirak edəcəklər.
   Beynəlxalq miqyaslı müsabiqələrin hər dəfə yeni sənət ulduzlarını meydana çıxardığını nəzərə alsaq, 4-7 iyun tarixinin də bu baxımdan əlamətdar olacağını zənn edə bilərik. 
   Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bülbül Fondunun təşkilatçılığı ilə keçirilən ənənəvi müsabiqənin şərtlərinə görə, sənət yarışına 18-35 yaşlı vokalçılar qatıla bilərlər. Müsabiqədə ümumilikdə 79 iddiaçı mübarizə aparacaq. Onlar müsabiqənin kifayət qədər iri məbləğləri olan Qran-pri, I, II və III mükafatları uğrunda yarışacaqlar. Bundan başqa, "Ən yaxşı tenor" və "Bülbülün repertuarından Azərbaycan bəstəkarlarının əsərlərinin ən yaxşı ifası üçün" mükafat, müsabiqə iştirakçıları ən yaxşı müşayiətə görə üç konsertmeyster üçün də mükafat nəzərdə tutulub. Təşkilat komitəsi və münsiflər həyətinin birgə qərarı ilə yeni mükafatlar təqdim edilə, yaxud bir mükafat bir neçə iddiaçı arasında bölüşdürülə bilər. Yeri gəlmişkən, I turun dinləmələrinə buraxılmış 79 iddiaçıdan 9 nəfəri Azərbaycan təmsilçiləridir.
   Müsabiqənin şərtlərinə görə, iştirakçılar öz seçimlərinə əsasən I turda opera, kantata və ya oratoriyadan ariya ifa etməlidirlər. II tura keçənlər isə repertuar seçimində artıq təşkilat komitəsinin qərarını nəzərə almalıdırlar: əgər hər hansı operadan ariya seçimində iştirakçı sərbəstdirsə, Üzeyir Hacıbəylinin "Sənsiz" və "Sevgili canan", Asəf Zeynallının "Ölkəm", Fikrət Əmirovun "Ulduz" romanslarından birini mütləq öz proqramına daxil etməlidir. Bülbülün ilk ifaçısı olduğu bu romansların müsabiqə iştirakçıları tərəfindən təqdimatı həm böyük müğənnimizin xatirəsinə ehtiram əlaməti, həm də Azərbaycan vokal musiqisinin təbliği baxımından əhəmiyyətlidir. Bütün klassik vokal müsabiqələrində olduğu kimi, Azərbaycan bəstəkarlarının romanslarının orijinalın dilində ifa edilməsi vacib şərtdir. Simfonik orkestrin müşayiəti ilə keçəcək III turun proqramına isə münsiflər heyətinin qərarı ilə iştirakçıların dünya opera repertuarından seçərək əvvəlcədən təqdim etdiyi üç ariyadan ikisi daxil edilir. 
   Münsiflər heyətinin sədri Rusiyanın Xalq artisti Sergey Leyferkusdur. Dünya şöhrətli bariton vokalçının sənət yolu Sankt-Peterburq Malı Teatrında başlayıb. 1992-ci ildən Londondakı Kovent Qarden teatrının solisti kimi karyerasını davam etdirib. Artıq 10 ildir ki, Portuqaliyada yaşayır. 
   SSRİ Xalq artisti, professor, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli münsiflər heyətinin üzvüdür.
   Münsiflər heyətinin daha bir üzvü Rusiyanın Əməkdar incəsənət xadimi, Xor Sənəti Akademiyasının professoru Dmitri Vdovindir. O, həm musiqi tənqidçisi, həm də vokalçı kimi ali təhsili alıb, solo ifaçılığından daha çox pedaqoji fəaliyyətlə məşğul olub, dünyanın müxtəlif ölkələrində vokal üzrə ustad dərsləri verməklə də tanınır. 
   Azərbaycan operasevərlərinin yaxşı tanıdığı, opera səhnəmizdə tez-tez çıxış edən Gürcüstanın Xalq artisti, Z.Paliaşvili adına Tbilisi Dövlət Akademik Opera və Balet Teatrının solisti, professor Teymuraz Ququşvili də münsiflər heyətində yer alıb.
   Münsiflər heyətinin yeganə xanım üzvü - Ukrayna vokal məktəbinin nümayəndəsi, öz ölkəsinin bütün fəxri adlarına layiq görülmüş Mariya Stefyuk 1972-ci ildən çalışdığı Kiyev Opera və Balet Teatrının səhnəsindən 2013-cü ildə uzaqlaşaraq, pedaqoji fəaliyyətlə və kamera ifaçılığı ilə məşğuldur. 
   Hans-Yoahim Frayın adı musiqi həvəskarlarının geniş auditoriyasına tanış olmasa da, onun klassik musiqi janrında ən böyük layihəsinin adını çəkmək kifayətdir ki, peşəkarlıq səviyyəsi haqqında təsəvvür yaransın. Fray 14 il əvvəl təməlini qoyduğu Drezden opera balına rəhbərlik edir. İki min beş yüz nəfərdən çox qonağın təşrif buyurduğu bal altı saat televiziya ilə canlı yayımlanır. "Competizione del'Opera" beynəlxalq opera müsabiqəsinin prezidenti, Soçidəki "Sirius" Elm və Mədəniyyət Parkının art-direktoru da olan almaniyalı mütəxəssisin diqqətini çəkə biləcək müsabiqə iştirakçılarının sənət karyerasında parlamaq şansı var. 
   Müsabiqənin seçim turları 4-7 iyun tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək. 4-6 iyunda müsabiqənin I və II turları, 7 iyunda III tur olacaq.
   İyunun 8-də Heydər Əliyev Sarayında Bülbülün 120 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
   Qəzetimizin növbəti saylarında müsabiqənin gedişi, fərqlənən iştirakçılar və münsiflər heyəti üzvlərinin fikirləri ilə oxucularımızı daha ətraflı tanış etməyə çalışacağıq.
   
   Gülcahan Mirməmməd