Noyabrın 15-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlmiş “Cırtdan və Təpəgöz” 3D animasiya filminin təqdimatı keçirildi.
   
   Təqdimatda çıxış edən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov cizgi filmlərinin çəkilməsinə dövlət tərəfindən diqqət göstərildiyini qeyd etdi. O, Azərbaycanda animasiya filmlərinin inkişafına tələbatın olduğunu bildirdi. Yeni animasiya filminin Nizami Kino Mərkəzində nümayişinin təşkili də bu tələbatdan irəli gəlir. M.Hətəmovun sözlərinə görə, istər kino, istər cizgi filmi sahəsində sağlam rəqabət inkişafa xidmət edir. “Cırtdan və Təpəgöz” 3D animasiya filmi də bu istiqamətdə uğurlu addımdır. Sonra filmin animatorları - “3Dost production”un əməkdaşları Rəşad Əfəndiyev və Yusif Qabilov səhnəyə dəvət olundular. Film üzərində bir ildən artıq işlədiklərini deyən animatorlar göstərilən dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıq etdilər, gələcəkdə daha maraqlı animasiyaların çəkilməsi üçün çalışacaqlarını vurğuladılar. Müəlliflər “Cırtdan və Təpəgöz” filminin 2-ci hissəsinin də çəkiləcəyini, tələbat olarsa serial şəklində davam etmək niyyətində olduqlarını bildirdilər.
   Daha sonra film nümayiş olundu. Filmin qəhrəmanı Cırtdan sosial şəbəkədə qızla yazışır. Lakin onun şəklini görmək istədikdə o, çarəsiz qalır. Boyu balaca olduğundan bəyənilməyəcəyindən ehtiyatlanır. Dostunu bu vəziyyətdə görən Qaquli (tutuquşu) ona kömək etmək qərarına gəlir. İnternet vasitəsilə min bir dərdin dərmanı olan “sehrli alma”nın yerini öyrənir. Lakin alma Təpəgöz tərəfindən qorunur. Dostlar xəritəni götürüb həmin yerin axtarışına çıxırlar və oranı tapırlar. Təpəgözün mühafizəçisi Eybəcər adlı qarğa Qaquli ilə mübarizəyə qalxır. Lakin tezliklə bu iki quş dostlaşırlar. Cırtdan isə Təpəgözlə vuruşmalı olur. Nağıllardakı kimi xeyir şərə qalib gəlir və “sehrli alma” Cırtdanın əlinə keçir. Lakin dostu Qaquli və Eybəcərin yaralandığını görən Cırtdan almanı onlara yedizdirir.
   “3Dost production” şirkətində hazırlanan 10 dəqiqəlik filmin ideya müəllifi Müşfiq Hətəmov, ssenari müəllifi Yusif Şeyxov, rejissoru Arif Məhərrəmov, animatorları Rəşad Əfəndiyev və Yusif Qabilov, rəssamı Ramil Əliyev, musiqi tərtibatçısı Çingiz Mustafayevdir. Filmi Qorxmaz Əlili (Təpəgöz, Qaquli), Almaz Mustafayeva (Cırtdan) və Fərqanə Quliyeva (Eybəcər) səsləndirirlər.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar