Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 36 nömrəli Uşaq musiqi məktəbi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında 30 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirib.
Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktoru Hacı Əliyev, Bakı şəhər musiqi məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.
Şagirdlərin ifasında F.Əmirovun “Bulaq başında”, S.Ələsgərovun “Şalaxo”, H.Vəkilovun “Şıdırğı”, P.İ.Çaykovskinin “İlin fəsilləri” məcmuəsindən “Aprel”, A.Piazzollanın “Libertango” və digər bəstəkarların əsərləri səsləndirilib.
Məktəbin məzunu, Əməkdar artist Anar Şuşalı Asəf Zeynallının “Ölkəm” romansını ifa edib.
Sonda baş idarənin rəisi Vüqar Zeynalov çıxış edərək yubiley münasibətilə kollektivi təbrik edib, məktəbin müəllimlərini fəxri fərmanlarla təltif edib.
Məktəbin direktoru Oqtay Muxtarov təhsil ocağının fəaliyyəti, əldə olunan nailiyyətlərdən danışıb, göstərilən diqqətə görə təşəkkürünü bildirib.